"Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili ona qarşı başqa cinayət işləri açıldığı üçün indiki prezident Salome Zurabişvili tərəfindən əfv edilsə belə, həbsxanadan çıxa bilməyəcək".
Oxu24.com xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
"Mən bildiyimə görə, Saakaşviliyə qarşı digər mühüm işlərə baxılır və eks-prezidentin əfv olunması o baxımdan mənasını itirir ki, o, belə bir qərar versə belə, o, azadlığa çıxa bilməyəcək", - Kaladze bildirib.
Qeyd edək ki, hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. 2016-cı ildə Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb. Gürcüstanda Saakaşviliyə qarşı dörd cinayət işi açılıb ki, onlardan ikisi üzrə siyasətçi qiyabi olaraq üç və altı il həbs cəzasına məhkum edilib. 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, Gürcüstanın "İmedi" teleşirkətinin ofisinin dağıdılması və təxminən 9 milyon lari (3,3 milyon ABŞ dollarından çox) məbləğində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı işlərə baxılır.
2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb, bundan sonra ona qarşı sərhədi qanunsuz keçməklə bağlı yeni ittiham irəli sürülüb. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün hazırda qaldığı Tbilisinin özəl "Vivamed" klinikasına aparılıb.
Oxu24.com
ŞƏRHLƏR