Neftçalanın Həsənabad kəndində Aprel döyüşlərinin qəhrəman şəhidlərindən, Milli Qəhrəmanımız Samid İmanovun anım tədbiri keçirilib.Oxu24.com -un məlumatına görə, Neftçala rayon icra hakimiyyəti başçısı İ.Vəliyev, yerli bələdiyyə nümayəndələri, rayon ziyalıları, Milli Qəhrəman Samid İmanovun təhsil aldığı məktəbin və rayonun digər məktəblərinin nümayəndələrinin və məktəblilərinin, qazilərin, Milli Qəhrəman Samid İmanovun döyüş yoldaşlarının iştirak etdiyi anım tədbirində millət vəkili Qənirə Paşayeva da çıxış edib. Millət vəkili çıxışında Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əydiyini deyib.
Q.Paşayeva qəhrəman şəhidimiz, Milli Qəhrəmanımız Samid İmanovun vətənpərvərliyi barədə geniş danışıb və gəncləri məhz belə qəhrəman oğullardan örnək götürməyə çağırıb.
Millət vəkili ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın "Şəhid ailələrinə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır" çağırışını xatırladıb.
Tədbirdə “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrlərindən Aida Eyvazlı da geniş çıxış edərək qəhrəman şəhidlərimizdən, onların həyat yolundan, qəhrəmanlıqlarından geniş danışıb. Tədbirdə iştirak edən bir sıra QHT rəhbərləri, qazilərimiz, qəhrəman şəhidimizin təhsil aldığı məktəbin nümayəndələri, müəllimləri də çıxış edərək Milli Qəhrəmanımız Samid İmanovun qəhrəmanlıqlarından söz açıblar.
Sonra tədbir iştirakçıları Milli Qəhrəmanımız Samid İmanovun məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar. Millət vəkili Q.Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bagirova, “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrlərindən Aida Eyvazlı Milli Qəhrəmanımız Samid İmanovun ailəsini də ziyarət ediblər, onlarla geniş söhbət ediblər, qayğıları ilə maraqlanıblar.
Oxu24.com
ŞƏRHLƏR