Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
390
az

`Seymur Baxışova kömək etmək istəyən Namazov minaya düşdü` - Aprel döyüşçüsü

21:2008 Aprel, 2018
5279
QARABAĞ
  • A

Əhliyyət anadan olanda Ağdamın gül-çiçək vaxtı idi. Lalələr dağa-düzə döşənmişdi, nərgizlər ömrünü yaşamışdı. Qarşı tərəfdəki qayalardan, dağlardan axan sular çayları selləndirib, özündən çıxarmışdı. 1990-cı il mayın 25-i idi. Zamanın evində üçüncü övladı, oğlu gəldi dünyaya. Adını Əhliyyət qoydu. Qarabağın tarixinə dərindən bələd olan Zaman ötən əsrlərdə Qaçaq Nəbinin dəstəsində Əhliyyət qardaşlarının rus imperiyası ilə mübarizəsində Vətən torpaqlarını, Qarabağı necə qorumasından xəbərdar idi. Çünki qədimlərdən türklər övladlarına xaqanların, sərkərdələrin, döyüşçülərin adını verərdilər ki, böyüyəndə onlara oxşasınlar.
2 il sonra, 1990-cı il elə may ayının 10-dan etibarən ermənilər Ağdamın Abdal-Gülablı kəndini də qradlarla, alazanlarla gülləboran etməyə başladılar. Həmin gün kənddə bir toy yarımçıq qaldı. Həmin gün bir bəy toy masasına otura bilmədi. Elliklə toya gələnlər, toyxananı tərk etdilər. Bəy adına, gəlin adına tutulan xonçalar açılmadı... can şirin olur. Əlində topu-tüfəngi olmayan hər kəs təşviş içərisində dağa-dərəyə səpələndi...


Ara sakitləşəndən sonra kəndin elatı, sakinləri yenə doğma evlərinə qayıtdılar. Ancaq narahat günlər bir-birini əvəz etdi. May ayının 15-də gülləboran edilən kəndin sakinləri sentyabr ayının 4-ü Abdal Gülablını tərk etdilər. 2584 nəfər insan dağa-daşa səpələndi. Lakin yaxın ərazidə sakit bir yer tapıb, düz bir həftə gözlədilər. Fikirləşdilər ki, ata-baba yurdunu tərk edib, düşmənə verib getmək olmaz. Sonra yuxarılardan göstəriş gəldi ki, düşmən yolları-bərələri bağlayıb, Abdal-Gülablıdan çıxmağa bir dəhliz saxlayıb... Naəlac qalan kəndçilər yurdu tərk etdilər... Abdal-Gülablı da yetim qaldı ... 
Qarşıdan payız gəldi, qış getdi... dünyadan xəbərsiz kənd uşaqları ata-anasının, sağ qalan nənə-babasının əlindən tutub, oba-oba, kəndbəkənd gəzdilər ətraf rayonları, kim harada bacardısa, orada da məskunlaşdı.
Aprel döyüşlərinin iştirakçısı Əhliyyət Mehdiyevin özünün dediyi kimi, “uşaqlığı yollarda keçdi, başqa uşaqlar kimi böyümədi, sentyabr ayından sonra onun kəndi, olmadı. Ətrafındakı uşaqlar kəndə nənələrinin-babalarının yanına gedəndə, Əhliyyət tay-tuşlarına həsrətlə baxdı. Gedəsi yurdu yox idi...
Müharibənin, top-tüfəngin səs-sədası, acı xəbərləri içərisində böyüdü Əhliyyət və onun yaşıdları. Özünü anladığı bir gündən hər gün “Ağdam, Abdal-Gülablı, Vətən” sözlərini eşitdi, evlərində hər gün həsrət nəğmələri oxundu. Böyüyə-böyüyə qardaşı Qorxmaz da, bacısı Lalə də valideynlərindən Abdal-Gülablını soruşdular. Soruşdular ki, doğma yurda nə zaman dönəcəklər? O zaman bu söhbətləri eşitdilər:
“Abdal-Gülablı” türk sözüdür. Adı qədim ab tayfaları ilə bağlıdır. Kül də böyük, güclü deməkdir. Kül-ab, yəni böyük su yeri, çay yeri anlamına gəlir. Abdal-Gülablının yaxın tarixi 500 il əvvələ gedib çıxır. Xanlar-bəylər oylağı olub. Çar İmperiyasının vaxtında burada ilk rus-tatar məktəbi fəaliyyət göstərib. 19-cu əsrdən sonra Rus imperatoru Aleksandr Türkmənçay-Gülüstan müqaviləsinin bağlanmasına nail olur və bundan sonra ermənilərin köçürülməsi barədə fərman imzalayır. Çünki bütün dövrlərdə ruslar ermənilərdən alət kimi istifadə edirdilər. Qafqazda da regionu nəzarətdə saxlamaq üçün ən uyğun, ara qarışdırmağa, ixtilaf yaratmağa ən uyğun xalq ermənilər idi. Azərbaycanlılar isə hər zaman gələn qonağa qollarını açıb, yurdsuz-yuvasızlara evində yer verib, onu süfrəsinin başına keçirib. Siyasətçilərin oyunundan xəbərsiz olan xalq haradan biləydi ki, Azərbaycan torpaqlarında erməniləri yerləşdirməkdə tarix 100 il, 200 il sonralara hesablanıb. Çünki Rus dövlətinin uzaqgörən sərkərdələri, ziyalıları azərbaycanlıların ruhundan, xasiyyətindən xəbərdar idilər. Bu bir dövlət siyasəti idi. İmperiyanın dayaqlarını Azərbaycanda möhkəmlətmək üçün Rus imperatoruna ermənilər lazım idi. O vaxtdan azərbaycanlılar sığınacaq verdikləri ermənilərlə qonşuluq münasibətində yaşasalar da, ermənilər yeri gələndə öz hiyləgərliklərini və düşmənçiliklərini ya açıq-aydın, ya da ki, gizlində həyata keçirdilər.
Dünyadan və siyasətdən xəbəri olmayan Abdal-Gülablı kəndinin camaatı Günəşlə oyanıb, Ayla yatardılar. Ağsaqqal görəndə atdan enər, kişi görəndə yaşmanardı qadınları, kişilər isə, papağını başından çıxarmazdılar. Abdal Gülablıda qapılarda qoz ağacları var idi. Qızlar-gəlinlər əllərində güyümləri, ovdanları, vedrələri Bala kəhrizdən, Ağacan kəhrizdən, Damcılı bulaqdan su gətirərdilər. Bu yerlərin toyları 3 gün, 3 gecə çəkərdi. Kimsəni toya dəvət etməzdilər, el-camaat özü yığışıb gələrdi. Kəklikotu, böyürtkən, çiyələk vaxtında uşaqlar əllərindəki qablarla dağlara, meşələrə gedib qış tədarükü görərdilər. Erməninin uşağı azərbaycanlıyla, azərbaycanlının uşağı erməni balası ilə oynayardı.
Ta qədimdən qonşu kəndin erməniləri yerli azərbaycanlıların əlinin altında işləyərdi. Yaxşı sənətkar olduqlarından Abdal-Gülablı kəndinin sakinləri də həyət-baca işlərini, dam-daş işlərini ermənilərə gördürər, hətta onlarla kirvəlik də edərdilər. Kənd adamlarının həyətindəki su quyularını da ermənilər qazardılar. “Su aydınlıqdır” deyə qazılan quyunun adına, tikilən evin adına həyətdə ustalıq edən ermənilərə el-oba yığışıb nəmər verərdilər. Mehriban qonşuluqları var idi. Hətta 1 may və 9 may bayramında qonşu kənddəki ermənilərlə azərbaycanlılar bir-birinin evinə pay-xonça ilə gedərdilər. Ermənilərin toyunda Azərbaycan mahnıları çalınardı. Çox vaxt zurnaçıları erməni olardı. Buralara köçəndən sonra, ermənilər qara zurna çalmağı da öyrənmişdilər. Bizim tütək dediyimiz musiqi alətinə, indi “Duduk” deyirlər.
Bu kəndlərə şəhərdən gələn qonaq, bir evdə iki gün qalmazdı, kənd sakinləri növbəli şəkildə qonağı öz evlərində qarşılayardılar. Kimin evinə getməsə, həmin qonşu o birisindən küsü saxlayardı.
Nənələri, qızları gəlinləri xana tutub, xalça toxuyar, təbibləri otlardan-çiçəklərdən dərman hazırlayardılar, kəhrizli bulağın, damcılı bulağın suyu can dərmanı idi, xəstələrə bu bulaqların suyundan verərdilər ki, tez sağalsın. Suyu can dərmanı olduğundan sovet hökuməti burada sanatoriya da tikmişdi. Hər tərəfi qayalarla-dağlara əhatə olunan kəndlərdə üzünü dağlara tutub qışqıranda, dağlar səsi geri, insanın özünə qaytarardı, üzə dayanardı dağlar. Deyərdilər ki, dağ Tanrının yaddaşıdır, onun üstünə qışqırmaq olmaz. 
Bu yerlərin 3 minə yaxın insanının könüllərinin sevgili məhbubu idi o dağlar, o meşələr, o biçənəklər... 1992-ci ildən sonra Abdal-Gülablı kəndi müharibənin ilk illərində 35 şəhid verdi. Fazil Mehdiyev, Gültəkin Əsgərova, Muxtar Qasımov canlarını Vətən yolunda qurban verib, Azərbaycanın Milli Qəhrəmanı oldular. O qəhrəmanların içərisində şair Qulu Ağsəsin bir Xaliq adlı sinif yoldaşı var idi. Səsini və ilhamını Maşabaşı qayası, Yanıq qaya, büllur bulaqlardan , sözünü o yerlərin havasından borc götürən Qulu Ağsəs, əli heç yerə çatmayanda müharibədə itkin düşən Xaliqi belə axtardı:

Harda itib - batmısan,
hayına çağır gəlim.
Toyuna çağırmadın,
vayına çağır gəlim...
De, necə tapım səni,
nə mərdəm, nə ov iti.
Sənin izin, ünvanın
mənim axırım itib.
Bəlkə veriblər səni
Tanrının yaddaşına?
Mən sənə söz tapşırım,
sən də öz adaşına:
Nə olar, ayırmasın
de, ikimizdən məni!
Getdin?. sənə yaxşı yol,
gəlməsən, gözlə məni... 

Beləcə tərk olunmuş, lakin heç zaman unudulmayan Abdal-Gülablını ürəklərində valideynləri, doğmaları ilə birlikdə yaşatdılar o körpələr, böyüdülər. Ancaq hər zaman bildilər ki:
Kəhrizli qayalar ,əlikli dağlar
Çiçəkli dərələr, ətirli bağlar.
O sözlü nəğməli, ayna bulaqlar,
Qan ağlar, torpağı, suyu Abdalın,
Yaman bağlanıbdır yolu Abdalın. (müəllif: Qəhrəman)


İndi Qulu Ağsəs üçün də Abdal-Gülablı itmiş, batmış bir səsdir. Elə Qulu Ağsəs də, Əhliyyət də, onların övladları da nə vaxtsa dönəcəyinə inanırlar o səsin.”.
Atasından, əmisindən, dayısından cənnət diyarı, cənnət yurdu Abdal-Gülablı haqqında bu qədər şirin xatirələri eşidən, uşaq vaxtından dava görən Əhliyyət döyüşçü olmaq, erməni əsirliyində inildəyən kəndini düşmən caynaqlarından qurtarmaq barədə düşünürdü. Mingəçevirdə məktəbi bitirən kimi, 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil oldu. Hərbi məktəbə daxil olanda bədənində həmin müharibədən qəlpələr gəzdirən döyüşçü atası Zaman Mehdiyev yaman sevindi. Böyük oğlu Qorxmaz da hərbçi sənətini seçmişdi. Zaman özü sağlamlığının bir hissəsini Vətən torpaqları uğrunda döyüşdə itirdi, lakin torpaq, Vətən məhəbbətini ürəyindən itirə bilmədi, o eşqlə yaşadı, eşqlə yandı. Döyüş xatirələrində övladlarına ermənilərlə qeyri-bərabər döyüşdə yaxın qohumu Tofiq Abbasovdan və Masallıdan olan dostu Səfəralı Məmməddən danışdı. Onlar Azərbaycanın Milli qəhrəmanı idilər. Dedi ki, Tofiq mühasirəyə düşən tankın içərisində sağ qalan igidlərdən biri idi. Odun alovun içərisindən həlak olmuş bütün döyüş yoldaşlarını çıxarıb, iki dəfə kontuziya almağına baxmayaraq, hər zaman döyüşlərin önündə gedib. Qorxmaz da, Əhliyyət də Qarabağ döyüşünün iştirakçıları və qəhrəmanlarının ətrafında böyüdülər.






Əhliyyət Mehdiyev 2008-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul oldu. Bu məktəbi Əhliyyət artıq bir zabit və döyüşçü kimi başa vurdu. Onu hər zaman arzusunda olduğu N saylı hərbi hissəyə təyin etdilər. Hərbin sirlərinə yiyələnmişdi. Bir çox beynəlxalq təlimlərdə kurs keçmiş, öhdəsinə düşən hərbi tapşırıqları hər zaman bacarıqla yerinə yetirmişdi. Bütün hərbçilər kimi ən böyük arzusu döyüşərək, Vətən torpaqlarını geri almaq, ata-anasının dilindən düşməyən Abdal-Gülablı kəndini geri qaytarmaq idi. 

Və o gün yetişdi. Xüsusi Təyinatlıların bölüyündə hərbi xidmət keçən Əhliyyət Mehdiyev də 2016-cı il, aprel ayının 1-də yuxarı komandanlıqdan aldıqları əmrə hazır vəziyyətə gəldilər. Döyüş yaraqları ilə sursatları ilə silahlanaraq, üzü Goranboy tərəfdən Vətən torpaqlarında at oynadan ermənilərin təxribatının qarşısını almaq üçün yola düzəldilər. Zabit və döyüşçü heyətinin çox yüksək əhval ruhiyyəsi var idi. Hər kəs qələbə qazanmaq üçün oyanmışdı. Ətrafda olan zabit dostları – Seymur, Veysəl, Səməndər, Tural, Şəhriyar... illərlə qollarına yığdıqları güclərini, müharibə şəraitində döyüş aparmaq təcrübələrini göstərməyə, həyata keçirməyə gedirdilər. “Bu Vətənin suyunu, içib, havasını udursansa, torpağında bitən nemətlərini yeyirsənsə, demək ona olan borcunu da vaxtı gələndə verməlisən, Vətənin dar günündə ona dayaq durmalısan”- deyir, Əhliyyət Mehdiyev:
Qarabağ ərazisində ən çox acı yaşayan bizim rayon olub. Gözümüzün qabağında bir də görürsən meşələrimizi yandırır, od vururdular, mənəvi əziyyət çəkirdik. Və bu günü çox gözləmişdik ki, gedib qisasımızı alaq. O günahı olmayan meşələrimizi, otlaqlarımızı bu cinayətkarların əlindən xilas edək. Mən o yerləri necə arzulamayım ki, atam deyir ki, o torpaqlar alınsa, mərkəzdən kəndimizə qədər olan 18-20 kilometr yolu dizin-dizin sürünərək gedərəm. Həmin aprel səhərində də bizə qüvvət verən bu ağrılar, bu acılar, qisas hissi idi. Biz bilirdik ki, o torpaqları azad etsək şəhidlərimizin narahat ruhu dincələr. 

Təlimdə idik. Yuxarı komandanlıqdan xəbər gəldi ki, ermənilər həmişəki kimi atəşkəsi pozub, mülki əhali yaşayan istiqamətlərə mərmilər atıblar. Aprelin 1-dən 2-nə keçən gecə, düşmən hücumunun qarşısını almaq üçün böyük canlı qüvvə ilə döyüşə girdik. Zabit və gizirlər xüsusi təyinatlılar öndə gedirdilər. Bizim təyinatımız məxfi olduğundan özümüzə məlum istiqamətdə düşmən mövqelərinə tərəf hərəkətə başladıq. Bölüyümüzün komandiri polkovnik-leytenant Murad Mirzəyev, qərargah rəisimiz mayor Samid İmanov, kapitan Mühit Orucov öndə gedirdilər. Və təbii ki, sərkərdəsi öndə gedən əsgərin inamı, gücü, ruhu daha inamlı olur. Həyatı hər bir hərbçinin döyüş idealı olan Mustafa Kamal Atatürk deyirdi ki, “Komandir birliyin beyni, əsas hərəkətverici qüvvəsidir”. 






Dərinliyə irəlilədikcə, erməni postlarını ələ keçirirdik. Bu dəfə elə bil ki, Tanrının lütfükarlığı daha çox idi. Haraya ayaq qoyurduqsa, ancaq irəlini göstərirdi. 
Həmin vaxt mən idim, Veysəl idi, Səməndər idi, Seymur Baxışov... eyni istiqamətdən Goranboydan Ağdərə istiqamətinə tərəf yol götürdük. 20 ildir ki, getmədiyimiz, relyefinə öyrəşmədiyimiz, lakin tanış olan dağ yolları, yamaclar, çaylaqdan keçib getmək, hədəfə çatmaq, düzgün istiqamət götürmək əslində çox çətin idi. Kəşfiyyat sirlərini bildiyimizdən, yaxşı mənimsədiyimizdən hiss etmişdik ki, qarşıda düşmən marığa yatıb, bizi pusquya salıb, məhv etmək istəyir .Buna görə də bir an belə ayıq-sayıqlığı itirmirdik. Müəyyən vərdişlərimiz sayəsində dəstəmiz ermənilərin 20 ildən artıq müdafiədə oturduqları yüksəklikləri ələ keçirməyə başlamışdı. Çox dərinliyə gedib çıxmışdıq. Erməni bizi lap yaxınlıqdan biçmək istəyirdi. Lakin bizim peşəkar zabitlərimiz onların bu planlarını bir anın içərisində alt-üst edə bildilər. Ermənilər gözləmədikləri halda əks-hücuma məruz qalanda artıq özlərini itirdilər.
Qarşı tərəfdəki postda dayanan ermənilər də əks-hücum əməliyyatları həyata keçirirdilər. Onlar yüksəklikdən bizim yenicə aldığımız postları vurmağa cəhd göstərirdilər. Sadəcə kəşfiyyatçılarımız və döyüşçülərimizi təbiətin hər bir relyef sahəsində hərəkət metodlarını yaxşı bildiklərindən, qarşı tərəfin atdığı atəşlərdən yayına bilirdilər. Yenicə gəlib çatdığımız postda dəhşətli bir hadisənin şahidi oldum. Bir neçə dəqiqə əvvəl vurub həlak etdiyimiz cılız erməni əsgərinin ayağına zəncir bağlanmışdı. Zəncirin uzunluğu 300-400 metrliyində olardı. Bir daha əmin oldum ki, erməni əsgərlərini burada məcburi şəkildə, zəncirləyib saxlayır ki, qarşı tərəf olan bizim hücumlarımız olarsa, ona cavab versinlər. Onların bizim torpaqlarda nə işi var ki? Məgər bilmirdilər ki, bir gün qanunsuz zəbt etdikləri torpaqlarda ölmək də var. Döyüşə girən, sərhəddə dayanan zabitin və əsgərin olduğu yeri, ərazini qorumaq onun şərəf işidir. 

Sol cinahdan Murad Mirzəyev və onun arxasınca da biz hücuma keçərək, artıq Talış yüksəkliyini əldə etmişdik. Aprelin 2-si günortadan sonra kəşfiyyat məlumatları sayəsində bildik ki, düşmən iki briqadaya yaxın bir şəxsi heyətlə və zirehli texnika ilə üzərimizə gəlir. Qabaqda gedən Samid İmanov sərrast atəşlərlə onların hərbi texnikasını məhv etdi. Göydə ancaq “qradlar”, artilleriya mərmiləri uçurdu. Biz böyük bir qüvvə ilə hücuma keçəndən sonra, artıq səngərdə üzbəüz döyüşlərə başladıq. Həmin döyüşlərdə Elmidar Səfərov boynundan yaralandı. Nə qədər elədiksə, onu döyüş meydanından geri çıxarda bilmədik. Uyğun mövqeyə çəkilib, ona ilkin tibbi yardım göstərdik. Neylədiksə döyüş mövqeyindən geri çəkilmək istəmədi. Dedi ki, mən bu günü gör neçə ildir gözləyirəm, deyirsiniz, gedim arxada ölüm?! Vətən sevgisi gözlərini o qədər tutmuşdu ki, qanı axa-axa döyüşə davam etdi. Bir neçə saatdan sonra yaxından dəyən düşmən gülləsi onun həyatına son qoydu.

Gözləyə bilməzdik. Əlbəttə, hər itki qəlbimizi parçalasa da, torpağın dostdan da əziz olduğunu burada hər bir döyüşçü bir daha yəqin etdi. Qalibiyyət bizim tərəfdə idi. Onların əlimizə keçirilən texnikalarını götürüb istifadə etdik. Artıq aprelin 2-si günü saat 4-dən sonra erməni texnikalarının səsi çox yaxından gəlirdi. Heç o səslər də bizi vahiməyə sala bilmədi. Əsgərlərimizdə, zabitlərimizdə, döyüşçülərimizdə güclü bir döyüşçü ruhu var idi. Bilirsiniz ən əsası odur ki, bizim oğlanlar, Murad, Samid, Pəncəli, Şahin, Sərxan, Teymur, Tural qəhrəman kimi döyüşürdülər. Sağ cinahda isə polkovnik-leytenant Raquf Orucov, polkovnik Vüqar Yusifov və onların döyüşçüləri irəliləyirdilər. Bir də onu gördük ki, Seymur Baxışov yaralanıb. Buna baxmayaraq Elvin Namazov minalanmış sahəyə keçdi. Seymur Baxışova kömək etmək istəyəndə özü də minaya düşdü. Və biz bildik ki, artıq onların ruhu Tanrı dərgahındadır. Döyüşə davam edirdik. Bizim döyüş qaydaları və xüsusiyyətlərinə görə, kəşfiyyatçı və xüsusi təyinatlılar döyüşə böyük qüvvə ilə girmirlər. Öndə gedən istehkamçı və minatəmizləyən yollar açır, sakitcə “gəlin” işarəsini verəndən sonra biz irəliləməyə başlayırıq. Kəşfiyyatçılar bir qayda olaraq, yaxınlaşan adamın ayaq səslərini və hənirtisini 40-50 metrə məsafədən hiss edir. Qoşunların asfalt yolda hərəkətini 600 metrdən, torpaqda hərəkətini isə 300-400 metr məsafədən hiss edirlər. Əgər həmin əraziyə doğru tank torpaq yolla irəliləyirsə onun səsini 1200-1500 metrdən, asfalt yolla gəlirsə 3000-4000 metr məsafədən hiss etməli və duymalıdır. Xüsusi təyinatlılar və kəşfiyyatçılar hadisə yerində adətən göydən düşmüş kimi peyda olurlar. Belə çevik hərəkətlərimizlə götürdüyümüz postlarda erməniləri heyrətə gətirən də bizim döyüş ruhumuz idi. Döyüşçülərimizdən biri də geri çəkilmirdi. Bizdən fərqli olaraq düşmənin əsgərləri qoruduqları postları qoyub geri qaçırdılar. Axı bu torpaqlar onların deyil, bu yerlər onların Vətəni olsaydı, onlar da bizim kimi həmin torpaqlar uğrunda şəhid olmağı şərəf sayardılar. Qarşı tərəfdəki dağ döşündən ermənilər bizə qarşı texnika ilə döyüşürdülər.
Elnur İsgəndərzadə, Tural Qurbanov yüksəkliklərin alınmasında cəsurluq göstərdilər, son nəfəslərinə qədər döyüşdülər. Təsəvvür edin ki, bizim məharətimizi görən erməni hər zaman keşikdə durduqları üzbəüz mövqelərə ağır texnika gətirmişdilər.



Biz isə ancaq əl silahlarından istifadə etməklə onlara zərbələr endirirdik. Ermənilər bizim döyüş ruhumuzdan qorxaraq, özlərini itirmişdilər. Baxmayaraq ki, minalanmış sahələrlə hərəkət edirdik. Həmin gün güllələrin yağışı altında irəliləyərək 1400 metr yüksəkliyə qalxmışdıq. Uşaqlar elə bil ki, quşlardan qanad, ceyranlardan, dağ keçilərindən ayaq almışdılar. Adi günlərdə həmin yüksəkliyi fəth etmək üçün azı 8-10 saat vaxt lazım olardı. İndi isə 2 saat ərzində biz o yerləri fəth etmişdik. Hamıya məlumdur ki, 1994-cü ildə atəşkəs rejimi tətbiq ediləndən sonra, Ermənistanın tərkibində olan Rusiya qoşunları Ağdərəyə qədər irəliləyib dayanmışdılar. İndi həmin rus qoşunun adını dəyişib 5-ci Dağıdıcı diviziya qoyublar. Bizim xüsusi təyinatlıların bölüyü həmin 5-ci Dağıdıcı diviziya ilə döyüşürdü. Bundan əlavə həmin istiqamətdə rusların 222-ci xüsusi təyinatlı bir alayı da var. Bu hesabla bizim 1 xüsusi təyinatlımız erməni tərəfdən 6 əsgərlə vuruşurdu. Biz bu döyüşdə bir daha əmin olduq ki, düşmən öz başı ilə deyil, rusun diktəsi, çəkdiyi plan və taktika ilə döyüşür.

Şəxsi heyətin qəhrəmanlığı qarşı tərəfdə olan erməniləri vahiməyə salmışdı. Biz bilirdik ki, son nəfəsimizə qədər döyüşəcəyik. Öldürməliyik, lakin ölməməliyik. Əslində döyüşə girəndə də bu fikirlə girmişdik. Ermənilərin müxtəlif silahlardan açdıqları atəşləri biz RPK, RK, M-60, artilleriya “qradları” ilə susdurmağa çalışırdıq. Atılan güllələrin, mərmilərin, topların səsindən göy üzü işıq idi. Atəşlər qaranlığı yox etmişdi. Artıq üçüncü gün idi ki, dayanmadan döyüş gedirdi. Lakin yaralanan əsgərləri, çıxmaq şərti ilə, döyüşən əsgərlərin heç biri gözlərini yumub, dincəlmək istəmirdilər. Qarış-qarış, addım-addım, təpə-təpə, keçid-keçid aldığımız torpaqlardan güc almışdıq. Bizim döyüşdüyümüz dağlıq və dərə olan ərazilərdə ermənilər 50-dən çox itki vermişdilər. Bizim şəhid olan dostlarımız son nəfəslərinə kimi qəhrəmanlıqla, əsl vətənpərvər kimi döyüşdülər. Samid İmanovu, Murad Mirzəyev, Mühit Orucovu cəmləşmədə itirdik. Onlar həlak olan yerlər artilleriya atəşinə tutulmuşdu. 

Samid İmanov sona qədər, düşmənlə üzbəüz yaxın istiqamətdən vuruşurdu. Yaxınlaşanda gördük ki, Samidi hədəf alan düşmən onun iki ayağından və çiyinlərindən vurmuşdu. Samid əlində olan bütün silahlardan sona qədər istifadə etmişdi. Canını böyrü üstə uzanaraq, elə bil ki, yuxuya getmişdi. Əlində qumbara var idi. Qumbaranı sona saxlamışdı ki, əgər birdən düşmənə əsir düşərsə, özünü partlatsın. Gizir Sərxan Bayramov da həmin ərazidə həlak olmuşdu. Sərxan sona qədər vuruşmuşdu. Hətta ona yaxınlaşanda gördük ki, özü-özünə ilkin tibbi yardım göstərib, aldığı yaralara baxmayaraq, döyüş meydanından çıxmayıb, sona qədər vuruşub. Pəncəli Teymurov bir əfsanə idi. Talış yüksəkliyinin alınmasında xüsusi fədakarlıq göstərmişdi. Ümumiyyətlə qrupumuzda olan hərbçilərin əksəriyyəti Pəncəli ilə bir bölükdə vuruşmaq istəyirdilər. O bizim Ordunun əfsanəsi idi. Onun kimi istehkamçı olmaq hər oğlunun işi deyildi. Hamıdan öndə gedirdi, həm istehkamı açırdı, həm qarşıdakı minaları təmizləyirdi, həm tankçı idi, müasir texnikanın hamısından başı çıxırdı. Döyüş onun ruhu, cismi idi. Döyüş dostlarını canından artıq sevirdi, həmin gün həm Vətən uğrunda, həm də dostları uğrunda döyüşdü. Əslində ermənidən qisasımızı lap əvvəllər komandanlığı tapşırıqlarını yerinə yetirərkən almışdı. Dədələrlə ermənilərə ağır itki verdirib, istehkam qüvvələrini dağıtmışdı. Bu gün isə onun üçün bir fürsət idi ki, açıq döyüşdə öz məharətini göstərirdi. Son nəfəsinə qədər bildiyi bütün döyüş metodlarını tətbiq etdi, bir qəhrəman kimi köçdü dünyadan.

-- Heç yorulmadınız, qorxub çəkilmədiniz? Heç ağrımadımı ürəyiniz dost itkilərindən?

- Ağrımazmıyıq... Bu gün də o döyüşlərdə itirdiyimiz şəhidlərimizi, döyüş dostlarımızı unuda bilmirəm. Mühitlər, Muradlar, Samidlər, Raquflar, Vüqarlar, İnqilablar qabaqda gedirlərsə, biz necə dayana bilərdik. Komandirin öndə getməyi arxada olan əsgərlərə ruh verir. Döyüşlərdə hər kəs çalışır ki, komandirin yanında olsun, həm onu qorumaq, həm də döyüşdə yaxından iştirak etmək üçün. Bizim döyüşçülər ölümün gözünə dik baxa-baxa, dönməyəcəklərini bilə-bilə, arxaya baxmadan son nəfəslərinə qədər irəli getdilər. Bölmə komandirimiz Etibar Cəlilov da həmin döyüşlərdə ağır yaralanmışdı. Yaralanmasaydı, sona qədər vuruşacaqdı. Cəsur xüsusi təyinatlı döyüşçümüz Şəhriyar Eyvazovla birlikdə Etibar Cəlilovu qollarımızın üstündə 2 kilometr məsafədən 4 saata kənar mövqeyə çıxardıq. Döyüş gedən relyef dağ-dərə, kol-kos olduğundan qucağımızda yaralı aparmaq çox çətin idi. Şəhriyar Eyvazovla yenə döyüş meydanına qayıtdıq. Onu vertolyotla Bakıya apardılar. Yenidən geri qayıdıb, döyüşə qatılanda, düşmənin atdığı artilleriya mərmisi ayağımızın altında partladı. Dayandığımız torpaq ərazidə mərminin küləyi bizi yerdən götürüb göyə qaldırdı. Göydə çəkisizlik şəraitinə düşdüm. Torpaq bədənimə güllə kimi dəyirdi. Topun həmləsi məni 5-6 metr yüksəkliyə qaldırıb, yerə çırpdı. Gözümün birini qan örtmüşdü. Heç nə görmürdüm. Bir gözümlə ətrafı seyr etdim. Bədənimdə kəskin ağrılar var idi. Toz-tozanağın içərisindən çıxıb, mövqeyimi dəyişdim. Döyüşün 3-cü günü, aprelin 4-ü göy üzü qara buludlarla dolmuşdu, hava elə soyuq idi ki. Sonradan döyüşün dayanması, yenidən atəşkəs elan edilməsi haqqında əmr aldıq. Hamımızın dişi bağırsağını kəsirdi. Hamımızı döyüşü davam etdirmək istəyirdik. İndi aldığımız ərazilərin sevinci də gözümüzə görünmürdü. Axı biz qarşımıza məqsəd qoymuşduq ki, ermənini yuvasına qədər qovacağıq. Bununla belə aprelin 20-nə qədər müəyyən mövqelərdə bərkitmə işləri aparıb, yuxarı komandanlıqdan aldığımız tapşırıqları yerinə yetirməkdə davam etdik... Biz elə bilirdik ki, yenə döyüşə girəcəyik.

Heç unuda bilmirəm o dostların üzlərini. Elvin Namazov təzə evlənmişdi. Döyüşə girəndə bilirdi ki, yaxın vaxtlarda övladı dünyaya gələcək. Özü şəhid oldu, yoldaşı da onun şəhid olması xəbərini eşidəndən sonra güclü sarsıntı keçirdi, və bətnindəki yadigarı qoruya bilmədi. Bir qayda olaraq, hər bir xüsusi təyinatlı onunla döyüşə girən yoldaşının bədən nişanələrini bilir. Elvinin də cansız bədənini mən gördüm, əvvəlcə bir neçə güllə yarası alsa da, döyüşə davam etmişdi, sonra isə minaya düşərək həlak olmuşdu. Onunla son dəfə görüşmək üçün üzünə sərilmiş üçrəngli bayrağı açanda, üzündə bir məmnunluq gördüm, elə bil ki, yatmışdı. Həmin Elvin idi. Döyüşdə mənimlə irəliləyən Elvin. Polkovnik Vüqar Yusifovun şəhidliyindən sonra üzünə bir işıq dolmuşdu. Üzünün nuru ətrafa işıq saçırdı. Babək Abidovu, “Gecələr” ləqəbli Toğrul Fərəczadəni, Bəxtiyar Hüseynovu, Seymur Baxışovu necə unudum? Bəxtiyarın yas mərasimində iştirak edirdik. Atası Rəfael dayını görəndə hamımız yerimizdəcə donub qaldıq. Elə bil ki, bir almanın iki üzü imiş. Bir oğul atasına nə qədər oxşayarmış. Həmin törəndə atasının gözündən bir damla da yaş çıxmadı. Bunun əvəzinə kiçik oğlunu çağırıb, ona nəsihət etdi, öyüd verdi, dedi ki, qardaşının dostları ilə dost ol, qardaşın kimi yaşa ömrünü. Dedi ki, qardaşının qisasını almağa hər zaman hazır ol. Oğlunun vəfatından bir il sonra, Rəfael Hüseynov oğul həsrətinə dözməyib, dünyadan köçdü.

2016-cı ilin aprel günlərini hər zaman belə xatırlayacağam, həm qürur, həm də hüznlə. Aprel döyüşləri sübut etdi ki, bizim xalqımız və Ordumuz lazım olan vaxt, çətinə düşdüyümüz zaman bir olmağı, Vətən uğrunda döyüşməyi, dost yolunda canından keçməyi bacarır. Tanrıdan bir istəyimiz var, Ali Baş Komandan İlham Əliyev tezliklə əmr versin, və biz azad etdiyimiz torpaqların üstündəki mövqelərimizdən irəli keçərək, qısa bir müddətdə düşməni geri oturdaq.

Əhliyyət Mehdiyevin döyüş dostları arasında ləqəbi “Fred” olub. Bu ləqəbi ona Qarabağ döyüşlərinin ilk illərində böyük qəhrəmanlıq göstərmiş , Milli Qəhrəman Fred Asifin həyat yolunu əzbər bildiyindən, onu özünə ideal saydığına görə veriblər. Əhliyyət indi ehtiyatda olan zabitdir.Üç övladı var. Böyük oğlu Əlinin 3 yaşı var, aprel döyüşlərindən sonra onun bir cüt əkiz övladı da - bir qızı Sunay və 1 oğlu Nihad gəlib dünyaya. İndi uşaqlar 7 aylıqdır. Deyir ki, uşaqları ayaq açıb yeriyənə qədər, Vətən torpaqlarının geri qayıtması arzusundadır. Çünki, Əhliyyət Mehdiyev bilir ki, Azərbaycan əsgərləri döyüşə düşmən qarşısında ölmək üçün deyil, düşməni öldürmək üçün gedirlər. Deyir ki, həmin günlərdə heç kim ölmək barədə fikirləşmirdi. Hər kəs öldürməyə gedirdi.


Aida Eyvazlı
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR