Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejimin daxilində siyasi çaxnaşma yaşanır.
Oxu24.com xəbər verir ki, separatçı rejimin “rəhbəri” Bako Saakyan Qarabağda xaos yaratmaq istəyən qüvvələrin olduğunu və buna imkan verməyəcəklərini bəyan edib: “Hər kim əmin-amanlığı pozmağa cəhd etsə, cavabını alacaq”.
Onun bu bəyanatının daha çox Nikol Paşinyanın komandasına ünvanlandığı hesab olunur. Çünki Paşinyan “Qarabağ klanı”nın “son qalası” olan separatçı rejimi ələ keçirməyə hazırlaşır. Bunun üçün son tarix 2020-ci ildə keçiriləcək “prezident və parlament seçkiləri”dir. Hazırda Paşinyan “Qarabağ klanı”nın namizədlərinə qarşı alternativ namizədlərə dəstək verir. Belə namizədlərdən biri separatçı rejimin keçmiş “müdafiə naziri” Samvel Babayandır. Keçmiş hakimiyyətin dövründə Babayan Sarkisyana sui-qəsd ittihamı ilə həbs etdirmişdi. Paşinyan onu barmaqlıqlar arxasından çıxarıb separatçı rejimi ələ keçirmək planına daxil etdi. Hazırda Babayan separatçı rejimin “prezidenti” olmaq üçün namizədliyini verməyə hazırlaşır, lakin “konstitusiya” ona bu imkanı vermir. Digər tərəfdən, mövcud separatçı rejim Babayanın namizədliyini qeydə almamaq üçün müxtəlif hüquqi maneələr yaradır. Babayanın komandası Qarabağda yerləşdirilmiş ermənilərdən imza toplamaqla bu hüquqi maneələri aşmaq niyyətindədir.
“Past” qəzeti yazır ki, Babayanın imzatoplama kampaniyası başa çatıb, lakin o, sənədlərini “MSK”-ya verməyə tələsmir.
“Babayan Nikol Paşinyanın Qarabağa səfərini gözləyir. Yalnız bu səfərdən sonra o, namizədliyini irəli sürüb-sürməmək haqda qərar verəcək”, - qəzet yazır.
Hazırda Qarabağda siyasi qarşıdurma müşahidə olunur. Ermənistanı narahat edən məqam Azərbaycanın bu qarışıqlıqdan istifadə edərək, anti-terror əməliyyatlarına başlaya biləcəyi ehtimalıdır.
Erməni şərhçi Aram Amatuni iddia edir ki, “Bakı Qarabağda yaranmış vəziyyətdən asanlıqla istifadə edə bilər”. Oxu24.com
ŞƏRHLƏR