Rüşvət ittihamı ilə həbs edilən Müdafiə Nazirliyinin sabiq baş zabiti, "Nəcməddin Sadıkovun adamı" kimi tanınan Zahid Niftəliyevin məhkəməsi davam edir.
Oxu24.com Azadlıq radiosuna istinadən xəbər verir ki, "Şlyapa Zahid" ləqəbi ilə tanınan keçmiş hərbçinin ötən məhkəməsində vəkili Orxan Kəngərli bir sıra vəsatətlər qaldırıb.
O, fevralın 28-də Tərtər Hərbi Məhkəməsində müdafiə naziri Zakir Həsənov və nazirliyin Kadrlar Baş İdarəsinin rəisi general Elçin Xəlilovun məhkəməyə çağırılmasını istəyib.
Vəkil vəsatətini əsaslandırarkən bildirib ki, Niftəliyevə onun səlahiyyətləri çərçivəsində olmayan işlərlə bağlı ittihamlar verilib. Məsələn, o, rüşvət müqabilində kimlərinsə xidmət yerini dəyişməkdə, ordudan tərxis etdirməkdə ittiham olunur. Müdafiəçi vurğulayıb ki, onun bu işlərlə bağlı qərar vermək səlahiyyəti olmayıb.
Nazir Həsənov və Kadrlar İdarəsinin rəisinin dindirilməsi ilə bağlı məsələnin müzakirəsi və bu haqda qərarın açıqlanması növbəti məhkəmə iclasına saxlanılıb. Adları çəkilən şəxslərin səslənən ittihamlara münasibəti bəlli deyil.
Müdafiə Nazirliyi sistemində "Şlyapa Zahid" ləqəbi ilə tanınan Zahid Niftəliyevə qarşı ittihamlardan biri də işlədiyi dövrdə - 2018-ci ildə hərbi hissələrdən birinin hərbi qulluqçularını hər gün səhərdən axşama qədər Qəbələ rayonunun Vəndam kəndindəki bağ evində fəhlə kimi işlətməsi ilə bağlıdır. Bu məsələ ilə əlaqədar beş nəfər məhkəmədə dindirilib. Onlar Niftəliyevdən şikayətçi olmayıb. Deyiblər ki, heç o vaxt işlədikləri evin Niftəliyevə məxsus olduğunu bilmirdilər.
68 yaşlı Zahid Niftəliyev N saylı hərbi hissənin tağım komandirinin müavini olmuş Elsevər Niftəliyevlə birliklə mühakimə olunur. Soyadları eyni olsa da, onlar qohum deyil. Lakin hər ikisinə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Zahid Niftəliyev həm də Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddəsi ilə ittiham olunur. Bu ittiham da bağ evində hərbi qulluqçuların işlədilməsinə görə verilib.
Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıkov ilə Zahid Niftəliyevin yaxın münasibətlərinin olması ittihamda, ifadələrdə də əksini tapıb. İttihamda göstərilib ki, Zahid Niftəliyev Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə münasibətlərindən istifadə edərək müxtəlif hərbi qulluqçuları ordudan tərxis etdirmək, xidmət yerini dəyişdirmək və s. işlər görməyin müqabilində rüşvət alıb.
Zahid Niftəliyev özünü təqsirli bilmir. O, istintaq dövründə ifadə verməkdən imtina etsə də, ümumilikdə ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini bildirib. Həmçinin protokolları da imzalamaqdan imtina edib.
Lakin Elsevər Niftəliyev ətraflı ifadə verib. O, özünü tam təqsirli bilməklə yanaşı, həm də ifadəsi Zahid Niftəliyevin əleyhinə olub. Onun sözlərinə görə, Zahid Niftəliyev məhz Nəcməddin Sadıkovun dostu olduğunu deyərək onun köməyi ilə müxtəlif işlər görürdü.
Zahid Niftəliyevə qarşı irəli sürülmüş ittihamlarda 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Oxu24.com
ŞƏRHLƏR