Son günlər Azərbaycana Rusiyadan və digər ölkələrdən insan axını daha intensiv xarakter alıb. Bu xüsusuilə Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır.
Bəs Azərbaycana gələn əcnəbilər burada hansı müddətə və hansı sənədlərlə qala bilər?
Oxu24.com bununla bağlı araşdırma aparıb.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir.
Bəs bu icazələr hansı müddətə verilir? Əcnəbi vətəndaş nə qədər Azərbaycanda qala bilər?
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilir:
Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olma;
ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyma;
Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğdə pul vəsaiti qoyduqda;
iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olma;
Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olması;
Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olması;
xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutma;
Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutma;
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olma (göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması tələb olunur)
Müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;
Kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;
Dənizçilərə;
Ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;
İncəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə.
Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;
Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;
dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;
İnsan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;
Cinayət təqibi orqanlarına yardım göstərdikdə;
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə, ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.
Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anket;
pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd (siyahını buradan əldə edə bilərsiniz);
Miqrasiya Məcəlləsinin 45.1.1-ci (Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda) və 45.1.5-ci (Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda) maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;(insanın immunçatışmazlığı virusu infeksiyası, B və C hepatitləri təhlükəli yoluxucu xəstəlikləri)
Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti;
iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;
3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR