Ermənistanın növbəti təxribatlara əl atacağı gözlənilən idi, bu mənada sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycana qarşı xain hücum planı təəccüb doğurmadı. Çünki rəsmi İrəvanın bütün davranışları, danışıqları pozmaq, sülh anlaşmasını əngəlləmək cəhdləri prosesləri qana aparacağına şübhə yeri qoymurdu. Və qan töküldü!
Sual oluna bilər: 2020-ci ilin 10 noyabrında Azərbaycanın 44 günlük sarsıdıcı zərbələrinə tab gətirməyib, kapitulyasiya aktına imza atan, ordusu darmadağın edilən, hərbi texnikasının bir hissəsi Azərbaycan ordusunun ixtiyarında olan, bir hissəsi də Bakıdakı Hərbi Qənimətlər Parkında sərgilənən Ermənistan hansı hərbi arsenal və cəsarətlə Azərbaycan ordusuna qarşı hücuma keçdi, mövqelərimizi hədəfə aldı? Təbii ki, sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir. Amma burada Ermənistan sadəcə aysberqin görünən üzüdür, erməni faşistləri bu dəfə də “maşa” rolundadırlar.
Tovuz döyüşlərinin baş verdiyi postlarda durum necədir? » AZİNFORM ...
Xatırlayırsınız yəqin, 2020-ci ilin 12 iyulunda Ermənistan Tovuz rayonu istiqamətindən qəfil hücuma keçəndə Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “bu, Ermənistanın boyunu aşan bir hadisədir” söyləmişdi və işğalçı ölkənin arxasındakı qüvvələrə işarə etmişdi. Sonrakı proseslər də Türkiyə liderinin tam haqlı olduğunu göstərdi. 27 sentyabrda, Ermənistanın növbəti təxribatının cavabında Azərbaycan əks-hücuma keçəndə işğalçı və terrorçu siyasəti on illərlə dəstəkləyən, başımızı danışıqlarla qatıb, ermənilərin ilhaqına stimul yaradan mərkəzlər, paytaxtlar yerbəyerdən üstümüzə töküldülər, Qarabağı, Şərqi Zəngəzuru azad etməyimizə hər vəcdlə mane olmağa çalışdılar. Biri ordusunu Arazboyunca topladı, “Ermənistanın sərhədi bizimçün qırmızı xətdir” dedi, başqası “Ermənistan mənim bacımdır” söylədi, Azərbaycanı Qarabağa “təcavüzdə” ittiham edəcək qədər alçaqlığa imza atdı, məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılması üçün hərəkətə keçdi...
Bütün təhdidlərə, təzyiqlərə rəğmən, Azərbaycanın qətiyyətli lideri, qəhrəman ordusu sözünü dedi və ZƏFƏR qazandıq. Amma və lakin üstündən iki ilə yaxın vaxt keçib, hələ də qələbəmizi həzm edə bilmirlər bir sıra qüvvələr, mərkəzlər, paytaxtlar, erməniyanlılar! Azərbaycan dövlətinin rəsmisi açıq şəkildə bəyan etdi ki, dəfələrlə dəvət göndərsələr də, ABŞ və Fransa səfirləri Şuşaya səfər etməkdən boyun qaçırıblar. Səbəbi təkcə o deyil ki, Şuşaya sərsəm iddialarını irəli sürən ermənilərin xətrinə dəymək istəmirlər. Ən ciddi səbəb budur ki, Azərbaycan dövləti məsələyə “Şuşaya nəzarət edən bütün Qarabağa nəzarət edir” və məntiqlə “Qarabağ münaqişəsi bitib”-prizmasından yanaşır, həmin qüvvələr isə hər vasitəyə əl atırlar ki, Minsk Qrupunun ölmüş həmsədrlik institutunu yenidən “açsınlar”, münaqişəyə son qoyulmadığı” görüntüsünü yaratsınlar. Ermənistan məhz həmin çevrələrin dili ilə danışır, onların sözünü deyir, yoxsa vartanların nə hünəri vardı sözümüzün üstünə söz desinlər, üstümüzə silah qaldırsınlar. Ermənistan uzun müddətdir beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırırdı. Amma dəstəkçilərindən, özlərini “vasitəçi”, “həmsədr” adlandıranlardan bircə dəfə qınaq gördümü? Yox! Əksinə, maliyyə dəstəyi ilə əhatə olundu qonşusunun torpaqlarını 30 il işğalda saxlayan, bu gün də Qarabağdakı terrorçu rejimi “yemləyən”, Azərbaycana qarşı ərazi iddiasından əl çəkməyən və ədalətli sülhü qəbul etməyən Ermənistan! Keçirilən hər görüşdə Ermənistandakı revanşist ab-hava qızışdırılırdı, “torpaqların qaytarılması”, “Qarabağın müstəqilliyinin təmin edilməsi” və sair kimi iddialar süni şəkildə stimullaşdırılırdı. Hər dəfə Azərbaycanla danışıqların intensivləşdiyi məqamlarda İrəvanın “Fransa” meydanında “hakimiyyətə təzyiq” şousu qurulurdu, Paşinyan özü də ona “xain”, “türk satqını” yarlıqlarının yapışdırılmasını məmnuniyyətlə qəbul edirdi, çünki sonluq ümumerməni mahiyyəti daşıyırdı-məqsəd Azərbaycana təzyiq göstərmək, Qarabağ adına nələrsə qopartmaq idi. Təsəvvür edin, Ermənistan üçtərəfli anlaşmaya uyğun olaraq bu günə kimi ordusunu Azərbaycan ərazisindən çıxartmayıb, üstəlik sülhməramlıların nəzarət etdiyi yoldan Qarabağa silah-sursat daşınması həyata keçirilir, təkcə azad etdiyimiz bir yüksəklikdən 1300-dən çox mina – özü də 2021-ci il Ermənistan istehsalı olan – aşkarlandı...Amma özlərini “ədalət keşikçiləri” adlandıran şarlatanlar Ermənistan hakimiyyətinin ordunu bərpa etmək istiqamətində iş aparmasına hər cür dəstək verirdi. Rusiya, ABŞ, Avropa ölkələrindən silah alınması və ordunun təchizat məsələlərinin həlli istiqamətində iş aparılırdı. Məhz bu cür stimullaşdırıcı addımların nəticəsində Qarabağa Ermənistandan hərbçilər və silah göndərilirdi, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı. İstisna deyil ki, atəşkəsin hələ dəqiqləşdirilməyən sərhəd bölgəsindən pozulması həm də diqqətin Qarabağdakı terrorçu qruplaşmalardan yayındırmaq məqsədi daşıyır. Ki, həmin terrorçular rahat şəkildə səngərlərini qazsınlar, müdafiə mövqeləri qursunlar, Azərbaycanın çəkdiyi yeni yolla (!) 2022-ci il Ermənistan istehsallı minalar daşıyıb, ayağımızın altına düzsünlər! Bütün bunlar Azərbaycan xalqına qarşı hazırlanmış cinayətə şəriklik etməkdir, alçaqlıqdır, şərəfsizlikdir!
TRT World” 44 günlük müharibəyə həsr edilmiş xüsusi veriliş hazırladı – Polisə.az
Budur, 44 günlük müharibədə Azərbaycanla bağlı BMT TŞ-nin fövqəladə iclasını çağırmaq təşəbbüsü göstərən Makronun Fransası Ermənistanın sentyabr təxribatından, 7 saatlıq döyüşlərdən sonra da eyni rıçaqa əl atıb! Ermənistanın təxribatlara əl atdığı ilk saatlardan etibarən telefon Nikol Paşinyanın əlindən düşmədi: Moskvaya, Parisə, Vaşinqtona zəng etdi, dolayısı ilə “sizin tapşırıqlarınızı icra edirik, bizi tək buraxmayın”-yalvarışları ilə...Kəsəsi, 12-13 sentyabr təxribatları da Ermənistanın boyunu aşan cinayətlərdir. Azərbaycandan qisas almaq istəyənlər təkcə Ermənistan erməniləri deyildi ki...Dünya erməniçiliyi – həm də qeyri-ermənilər, mahiyyət etibarilə erməni olanlar – Azərbaycan bayrağının bir güllə atılmadan azad olunan Laçın şəhərində, Zabux və Sos kəndlərində dalğalanmasını sinirə bilmirdilər. Əks halda, Azərbaycana 30 il işğalda olan şəhərini dinc yolla azad etdiyi üçün quruca təbrik yollayardılar. Baxın, hətta dinc, anlaşma yolu ilə də olsa, torpaqlarımıza qayıtmağımızı qəbul edə bilmirlər. Hətta ermənilərin də bir çoxları reallığı qəbul edib, “Qarabağın müstəqilliyi nağıldır”-deyirlər, amma bölgədən barıt qoxusunun əksik olmaması üçün çalışan qüvvələr bütün imkanları ilə yeni qanların tökülməsinə çalışırlar. Baxdılar ki, Azərbaycan və Ermənistanın nazirləri hətta vasitəçi olmadan, birbaşa telefonla danışırlar, Azərbaycan hər hansı üçüncü tərəfə ehtiyac duymadan 5 erməni hərbçini sərhəddə Ermənistana təhvil verir, bu gedişlə sülh də imzalana, məsələ bitə bilər. Odur ki, təmin etdikləri Ermənistan ordusuna “atəş” komandası verildi. Təbii ki, Ermənistan rəhbərliyinin əli və dili ilə...
Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib VİDEO - AZƏRTAC
7 saatlıq döyüşdən bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərində keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu. O Paşinyan ki, ötən həftələrdə ilin sonunadək sülh anlaşmasının imzalanacağı anonsunu vermişdi...31 avqustda Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra hər gün Ermənistan ordusu mövqelərimizi atəşə tutdu. Normalda danışıqlar sakitliyə aparmalı idi. Kluminasiya həddi 13 sentyabr gecəsi oldu. Sanki hamısı bu toqquşmanı gözləyirmiş, hətta Azərbaycanı günahlandıracaq qədər həyasızlığa gedənlər də var. Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib, həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar edib. Lakin Ermənistana qarşı sanksiyanın “s”sı belə, qəbul olunmayıb. Amma budur, Avropa Parlamentində Azərbaycan qazından imtina etmək çağırışı edirlər. Azərbaycan Rusiyanın təhdidlərinə məruz qalsa belə, Avropa ilə qaz anlaşmasını inkişaf etdirir, bunlar isə erməni faşizmini müdafiəyə o qədər aludə olublar ki, Azərbaycana qaz sanksiyası haqda sərsəm təklif verirlər. “Yaxşılığa yamanlıq...”
Yazımızı Tovuz döyüşlərinə ekskursla başladıq, həmin hadisələri bir daha xatırlayaq. Faktiki olaraq sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Azərbaycan ordusu bu dəfə də düşmənə sarsıdıcı zərbələr endirib, Tovuz döyüşlərində olduğu kimi...Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. Ermənistan ordusu həmin mövqeləri illər boyunca bərpa edə bilməyəcək. Paşinyanın açıqladığı ölü sayı itkilərin “jurnalı”dır, özü də etiraf edib. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanda yüzlərlə yaralı var. Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. 2020-ci il Tovuz hadisələrindən hazırkı gərginliyi fərqləndirən önəmli cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altındaydı. Bu gün isə Azərbaycan əsgəri Azərbaycanın dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verir. Elə bu sətirləri yazarkən düşmənin alçaq təxribatlarına sərrast cavab verildiyi barədə rəsmi məlumatlar yayıldı. Düşmən yerində oturmaq istəmir, çünki oturmasına izn verilmir, ermənilər böyük bir planın kiçik həlqələridir, istifadə olunurlar... 12-14 İYUL Tovuz döyüşlərində olduğu kimi, 12 sentyabrdan başlanan döyüşlərdə də Ermənistan revanş qazanmaq cəhdindədir. Amma hər dəfə “burnu” ovulur, qayıdır ağalarının yanına, rəhbərləri tez telefonun dəstəyinə əl atır. Hansı ki, xilas olmaq üçün Paşinyanın tək çıxış yolu var: Bakıya, Prezident Əliyevə zəng edib, “bizi xilas edin” yalvarışı onu və erməniləri xilas edər!
Qisas" emeliyyatinin davaminin geleceyi istisna deyil - Ekspertdən AÇIQLAMA
Ordumuzun tarix yazdığı Aprel döyüşləri, Tovuz döyüşləri, Günnüt əməliyyatı, 44 günlük Vətən Müharibəsi...Şəhidlər vermişik igid oğullarımızı! Qazilərimiz var. Tovuz döyüşlərində general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov kimi zabitlərimiz qəhrəmancasına şəhid olmuşdular...
12-13 sentyabr döyüşlərində həlak olan igid əsgərlərimizin önündə də zabitlərimiz və gizirlərimiz var idi. 50 şəhidimizin 12-si zabitlərimizdir. Vətən uğrunda döyüşlərdə rütbəsindən asılı olmayaraq, hamı ƏSGƏRdir! Ruhları şad olsun! İnşallah onların qəhrəman qardaşları yeni-yeni tarix yazacaqlar! Bizi daha böyük qələbələr gözləyir, əminik və Ordumuza güvənirik!
Elşad Paşasoy,
Musavat.com
ŞƏRHLƏR