Avqustun əvvəllərində Ukrayna prezidenti Volodımir Zelenski Ukraynaya 8 milyard avroluq yardımı süni şəkildə yubatdığına görə Avropa Birliyini tənqid edərək, bildirmişdi ki, ölkə vətəndaşlarının, xüsusilə də təqaüdçülərin və büdcədən maaş alanların vəziyyəti bu köməyin vaxtında göstərilməsindən çox asılıdır. O, AB ölkələrini “ukraynalıları tərəddüdün və bürokratiyanın girovuna çevirməməyə” çağırmışdı. Görünür, Avropa ölkələri bu tənqiddən nəticə çıxarıblar.
Avqust ayında qəhrəman ölkəyə rekord həcmdə - 4,6 milyard dollar yardım edildi. Halbuki, iyul ayında həmin məbləğ 1,5 milyard dollar olub. Avqustda edilən yardım Ukraynanın bütün büdcə xərclərini ödəməsinə imkan verib.
Bugünlərdə bəlli oldu ki, Norveç Ukraynaya vəd etdiyi 1 milyard dollarlıq yardım paketinin 200 milyonunu qaz alınması üçün ayıracaq. Təxminən 10 gün əvvəl ABŞ prezidenti Co Bayden Ukraynaya $2,98 milyardlıq növbəti tranşın çatdırılacağını bəyan etdi. Bu tranş Hava Hücumundan Müdafiə, artilleriya sistemlərinin, PUA-ların, müxtəlif sursatların alınmasına xərclənəcək.
Almaniyanın Kil İqtisadiyyat İnstitutunun ekspertlərinə görə, tərəfdaşları Ukraynaya ümumilikdə 84,9 milyard dollar yardım vəd ediblər. “Foreign Policy” nəşri bugünə qədər 11 milyard dolların ayrıldığını hesablayıb.
84,9 milyard dolların 25,2 milyardı ABŞ-ın, 7,6 milyardı Almaniyanın, 6,6 milyardı Britaniyanın öhdəliyidir.
Amma burada bir məqama diqqət yetirək: Avropa Birliyi iki il əvvəl Koronavirusla mübarizəyə 800 milyard avro ayırmışdı! Ukraynaya isə bütün tərəfdaşları 84,9 milyard, yəni təxminən 10 dəfə az vəsait söz veriblər. Müqayisə edəndə gülünc vəziyyət yaranır. Bu yerdə Latviyanın müdafiə naziri Artis Pabriksin sözlərini xatırlamamaq olmur: “Əgər avropalılar müharibənin tez qurtarmasını istəyirlərsə, özlərindən soruşmalıdırlar ki, bunun ücün lazım olanları edirlərmi?"
Ölkələrin Ukraynaya göndərdikləri yardımı onların ÜDM-ləri ilə müqayisə edəndə ortaya maraqlı mənzərə çıxır. Bəli, kəmiyyət olaraq ən böyük yardımı ABŞ göndərib və öhdəsinə götürüb. Amma bu, onun ÜDM-nin 0,22 faizidir. Öz ÜDM-nə nisbətdə götürəndə Ukraynaya “imkanlarına görə” ən böyük yardımı Estoniya, Latviya, Litva, Polşa ediblər. İlk 3 Pribaltika ölkəsinin hərəsi 300 milyon dollar verib ki, bu da uyğun olaraq onların ÜDM-nin 1,13%, 1,03% və 0,55%-nə bərabərdir. Polşanın 5,1 milyardlıq dollar yardımı öz ÜDM-nin 0,88%-i edir.
Halbuki, böyük dövlətlər də ÜDM-lərinin kiçik dövlətlərin ayırdığı qədər hissəsini Ukraynaya yardıma yönəltsələr, müharibənin sonunu xeyli yaxınlaşdırmaq olardı. Belə çıxır ki, doğrudan da, uzaqdakı dostlardansa, yaxınlıqdakı qonşu yaxşıdır... Amma uzaqdakı dostlar da bu haqda mütləq ciddi düşünməlidirlər!
Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru
ŞƏRHLƏR