Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında 2019-cu ildən “Siyasi repressiya qurbanları muzeyi” fəaliyyət göstərir. Muzeyin burada yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəaliyyət göstərməsi ilə əlaqədardır.
Oxu24.com Azvision.az-a istinadən xəbər verir ki, Binanın zirzəmisində həbs olunanların saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllələnməsi yerləri mövcud olub. Muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repressiya qurbanlarının xatirəsinə ehtiram və yaxın keçmişimizin qanlı səhifələri haqqında gənc nəslin nümayəndələrinin düzgün məlumatlandırılmasıdır.
Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərindən əldə olunmuş, Qazaxıstan “ALJİR” siyasi repressiya müzeyi tərəfindən təqdim olunmuşdur. Muzeyin ekspozisiyasının hazırlanmasına Mədəniyyət Nazirliyi və A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən də köməklik göstərilib.
Müzeyin əsas zalında “Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilib. Azərbaycanda repressiyanı “qanunlaşdıran” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 26 may 1920-ci il əmri daha çox diqqəti cəlb edir. Əmrdə əks olunmuş “Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər” müddəası xalqımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir. Diqqəti çəkən daha bir sənəd SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1 dekabr 1934-cü il tarixli qərardır. Bu qərara görə terror aktlarına görə cinayət işlərinin istintaqı və baxılması on gündən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin iştirakı olmadan aparılmalı idi. Bu işlər üzrə hökmlərdən kassasiya şikayəti, həmçinin əfv haqqında vəsatətlərə yol verilmirdi, ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.
Əsas zalda yerləşdirilən lövhələrdən biri rerpessiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İbrahim ağa Usubov və digərləri, həm də sovet Azərbaycanının hərbiçiləri – generallar Cəmşid Naxçıvanski və Qambay Vəzirov, polkovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev və başqaları haqqında məlumat və fotoşəkillər verilib.
Növbəti lövhə 1920-ci ilin yanvarında təhsil almağa və təhsillərini davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avropaya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, Vətənə dönmüş 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edilib.
Siyasi repressiya qurbanı olan qadınlara həsr olunmuş lövhədə güllələnmiş beş qadın – Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin güllələnmiş “xalq düşmənlərinin” islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilib. Lövhədə qadınların həbsi və cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilib. Tanınmış şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edilməsi haqqında sənədin surəti də lövhədə yer alıb. Qadınların repressiyasına həsr olunmuş daha bir lövhədə Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində (АЛЖИР – Акмолинский Лагерь Жен Изменников Родины) cəza çəkmiş 44 azərbaycanlı qadın haqqında məlumat verilib.
Növbəti lövhədə Azərbaycan ziyalıların məruz qaldıqları repressiyalardan bəhs edilir. Burada şair Mikayıl Müşviq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə və digərlənin güllələnməsi barədə aktların və arayışların surətləri nümayiş olunur.
1920-ci ildən başlayan siyasi repressiyaların ilk qurbanları Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış simaları - parlament və hökumət üzvləri olmuşlar. Bir çox musavatçaların və ittihadçıların güllələnməsi və sürgün edilməsi barədə sənədlərin surətləri bolşeviklərin öz siyasi rəqiblərinə nə qədər amansız olduğundan xəbər verir. Həmin illərdə Azərbaycanın qabaqcıl ziyalılarının məruz qaldıqları siyasi repressiyaların təşkilində Azərbaycanın repressiv orqanlarında o dövrdə məsul vəzifələr tutmuş milliyyətcə erməni olan şəxslərin böyük rolunun olması da qeyd olunub.
Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması barədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədi ilə muzeydə saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı tarixi rekonstruksiya üsulu ilə bərpa edilib.
Muzeyin dəhlizlərində qanunsuz həbsə etirazı, azadlığa can atmanı simvolizə edən kompozisiyalar quraşdırılıb. “Repressiya burulğanı”, “Ümid işığında” adlı kompozisiyalarda zindan həyatını yaşamış və Vətənindən didərgin edilmiş soydaşlarımızın keçirdikləri iztirab və əziyyətlər əks olunub.
Oxu24.com
ŞƏRHLƏR