Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70569
az

Əli Həsənovun işdən çıxartdırdığı jurnalistdən sensassion MÜSAHİBƏ

09:4608 İyun, 2022
2899
ÖZƏL BÖLÜM
  • A

“Azərbaycanda hansı jurnalistin mənimki kimi müsahibələri var?!”

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Bu dəfə gənc jurnalist Hafiz Əhmədovla həmsöhbət olmuşuq. 


- Hafiz, sizin imzanız bir çoxlarına tanış olsa da, istərdik özünüzü Modern.az-ın oxucularına da təqdim edəsiniz?  


- Jurnalist Hafiz Əhmədov. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu. HafizTimes.com saytının rəhbəri və tək işçisi.


- Bildiyimizə görə, hazırda işsizsiniz. Heç iş təklifləri alırsınızmı?


- Belə bir deyim var: “İşinizi yaxşı yerinə yetirin. Tökdüyünüz beton torpağın altında qalsa da, gözəl olmalıdır. Heç kim onu tərifləməsə də, heç kim görməsə də, siz işinizi yaxşı görün. Bu, sizin qazancınızın qarşılığı deyil, xarakterinizin göstəricisidir”.

Bu fikirlər artıq mənim də şüarımdır. Çalışıram ki, işimi ən yüksək səviyyədə yerinə yetirim. Mən jurnalistəm, onlarla eksklüziv müsahibə, tarixi araşdırmaların müəllifiyəm. Amma jurnalistikadan bir qəpik də qazanmıram. Sadəcə olaraq, işimi yaxşı görürəm. Əksini edənlər isə pul qazanırlar.
 

- Öz adınıza açdığınız saytda maraqlı müsahibələrə rast gəlirik. Görünür, işsiz olsanız da, jurnalistikaya həvəsiniz ölməyib.
 

- Artıq 3 ildir ki, öz saytımı qurmuşam. Bu illər ərizində hazırladığım müsahibə və araşdırmaların 99.9 faizi Azərbaycan mətbuatında ilk olub. Amma Azərbaycanda heç bir jurnalist mənim qədər çətinlik, süni maneələrlə qaşılaşmayıb. Ən çətin günlərimdə jurnalistika mənə işıq olub. Mən jurnalistikadan uzaqlaşmaq istəyəndə, o məni buraxmayıb. Ya da mən hər dəfə sındırılmağa çalışan əllərimlə jurnalistikadan möhkəm yapışmışam. Mənim bu haqq savaşım illərdir ki, davam edir. “Qaliblər” isə qazdıqları quyulara bir gün özlərinin də düşəcəklərini fikirləşmədən kənardan baxıb həzz alırlar.
 

- İndiyədək Hafiz Əhmədovu tanıdan, daha çox diqqət çəkən hansı yazılarınız olub?
 

- Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin bütün varislərini tapdım, onlardan müsahibələr aldım. Bir çoxları heç “Azərbaycan” sözünün düzgün yazılışını da bilmirdi. Xarici ölkələrin mətbuatlarında Azərbaycanın əleyhinə yayımlanan məqalələrin təsirinə düşüblər. Bütün bunlara baxmayaraq, onlarda Azərbaycana, Vətənə qarşı sevgi aşılamışam. Tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşovun Türkiyədə, Almaniyada yaşayan bütün varislərini tapıb danışdırdım. Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoyski, Əhməd bəy Ağaoğlu, Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Hacı Zeynalabdin Tağıyev, Cahangir bəy Kazımbəyli, Cavad xan, Mustafa Vəkiloğlunun (AXC-nin ən gənc naziri) ailə üzvlərindən müsahibələr götürdüm. Özüm Tovuzda - kənddə yaşasam da, bu şəxsiyyətlərin varislərini dünyanın müxtəlif ölkələrindən internet vasitəsilə tapdım.

 

Böyük Cəlil Məmmədquluzadənin Polşa, İngiltərə, Kanadada yaşayan Azərbaycanla bağlı çox az məlumatları olan nəvə-nəticələrini ilk dəfə mən tapmışam. 100 illərdir ki, hamıdan gizli saxladıqları, paylaşmağa çəkindikləri fikirlərini mənimlə bölüşüblər. Böyük şəxsiyyətin ailəsinin fotolarını ilk mənə təqdim ediblər. Təsəvvür edirsinizmi, müxtəlif ölkələrdə yaşayan bir-birini heç vaxt görməmiş iki əmioğluya (Mirzə Cəlilin nəticələri) ünvanlarını, telefonlarını mən vermişəm, onların qohum olduqlarını özlərinə açıqlamışam. Çox təəssüf doğuran faktlardır.

 

Daha sonra dahi Mirzə Fətəli Axundzadənin Yaponiya, Amerikada yaşayan nəvə-nəticələrini tapdım,  müsahibələr götürdüm. Onlara izah edim ki, Azərbaycan İran deyil. Azərbaycan müstəqil dövlətdir.

 

Heç vaxt unutmadığım, ən dəyərli müsahiblərimdən biri də azərbaycanlı məşhur milyonçular Şəmsi Əsədullayev və Musa Nağıyevin nəticəsi - erməni əsilli Əsədulla Suren Məlikyan Şirvani ilə olub. O, dünya şöhrətli məşhur tarixçi, sənətşünas alim və jurnalistdir. 86 yaşı var, Kanadada yaşayır. Ümm-Əl-Banu (Banin) onun doğma xalasıdır. Mən ona müsahibə üçün müraciət məktubu göndəndə çox təəccüblənmişdi. Hətta gözlərindən yaş gəldiyini Azərbaycan dilində yazmışdı. Qeyd etdi ki, “86 yaşımda ilk dəfədir ki, hər kəsdən gizlətdiyim keçmişimi, şəxsi həyatımı ilk və sonuncu dəfə sizinlə bölüşürəm”. Yazdı ki, “siz gənc jurnalistsiniz. Və mən də jurnalist olmuşam. Sizin gənc jurnalist karyeranıza dəstək olmaq üçün bu sirləri bölüşürəm”.  Müsahibənin başlığında onu “erməni” kimi təqdim etmişdim. Amma buna etiraz etdi, “erməni” sözünü müsahibədən çıxarmağımı təkidlə xahiş etdi. “İran əsilli, müsəlman” olduğunu qeyd etdi. Ona Qarabağ, Şuşanın işğalı ilə bağlı sual ünvanladım. Münaqişəyə “3-cü tərəflərin müdaxiləsi” olduğunu yazdı. Münaqişənin tezliklə iki tərəf arasında həll edilə biləcəyini qeyd etdi. Həmin müsahibədən bir il sonra Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad etdi.

 

Bəs özünə “azərbaycanlı” deyən, Bakıda ən yüksək vəzifələrdə çalışan “alimlər” nə etdi?! Məhz mənim böyük Cəlil Məmmədquluzadənin Polşadan tapdığım varisləri ilə tarixi müsahibələrimi öz adlarına çıxmağa çalışdılar. Məndən onların ünvanı və telefon nömrələrini alıb Azərbaycana dəvət etdilər. Amma məni Tovuzdan Bakıya, onlarla görüşə çağırmadılar... Bu da bizim alimlərin mənə “dəstəyi” idi.

 

Bu yaxınlarda ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltin nəticəsi və 32-ci prezident Franklin Ruzveltin əmisi oğlu, professor Kermit Ruzveltlə müsahibəm oldu. Azərbaycan Ordusunun Qarabağ Zəfəri ilə bağlı fikirlərini soruşdum. Cavabı çox maraqlı oldu: “Düşünürəm ki, bu, Türkiyənin “Bayraktar” PUA-larının tanklara qarşı effektivliyini göstərir, ruslar isə indi öyrənirlər”.

 

Cəmi iki həftə öncə İlgiltərənin baş naziri Boris Consonun bacısı jurnalist Rachel Sabiha Consonla müsahibəmi yayımladım. Ona öncə ingilis dillərində olan bütün müsahibələrimin linkini, Türkiyədə əlaqədə olduğu qohumları ilə müsahibəmi göndərdim. Həddindən artıq məşğul olduğunu yazdı. Daha sonra Ruzveltin nəticəsi ilə müsahibəmin ingiliscə linkini göndərdim. Bir gənc jurnalist kimi çətinliklərimi yazdım... Onunla müsahibənin mənim gələcək jurnalist karyeramda bir təkan olacağını qeyd etdim. Bir gün sonra cavab gəldi. Yazdı ki, “vaxtım yoxdur, amma cavabların bir-iki cümlə olmasını istəyirsinizsə, sualları göndərin”. Və nəhayət mən Azərbaycan mətbuatı tarixində ən dəyərli müsahibəyə imza atdım. Xanım Conson  müsahibəsində “türk olması ilə qürur duyduğunu” yazmışdı. Beləliklə, İlgiltərənin baş nazirinin bacısı da öz müsahibəsi ilə azərbaycanlı gənc bir jurnalistə dəstək olmağa çalışdı. Çox sadə insandır və xoş münasibətimiz yarandı.

 

Qürur duyduğum müsahibələrimdən biri də Azərbaycan Xalq Cümhuriyyəti liderlərindən olan, hökumətə başçılıq etmiş tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin Almaniyada yaşayan nəvəsi Oğuz Yusif Göygöl ilə olub. Qarabağda zəfər qazanmış Azərbaycan əsgəri ilə qürur duyduğunu bildirdi. Və mənə Yusifbəyli ailəsinin çox dəyərli fotolardan ibarət şəxsi arxivini göndərdi. Mən də 60 ildir ki, bütün əlaqələri kəsilmiş ən yaxın qohumu, azərbaycanlı mühacir Çingiz Göygölün Amerikadakı qızı Türkiz xanımla onun yenidən əlaqə qurmasına yardım etdim. Hər ikisinin də necə sevindiyini təsvir etmək çətindir. Nəsib bəyin də ruhu şad oldu.

 

AXC-nin ilk baş naziri Fətəli xan Xoyskinin nəticəsi Murad Hüseynovun Qarabağda 44 günlük müharibədə qəhrəman kimi döyüşdüyünü öyrənən zaman keçirdiyim sevinc, qürur hisslərini təsvir etməyə sözlər kifayət etməz. Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açdığı atəşlə qətlə yetirilib. Fətəli xan Xoyskinin nəticəsi Murad bəy 100 il sonra Vətən Müharibəsində babasının qisasını ermənilərdən aldığını ilk mənə söylədi. Həmin müsahibə mənim üçün çox dəyərlidir. Məhəmməd Əmin Rəsulzadənin ikinci həyat yoldaşı Leyla xanımın Türkiyədə yaşayan ailə dostu, AXC Ordusunun qurucularından olan polkovnik İsrafil bəyin Amerikada yaşayan ailə üzvləri, Üzeyir və Ceyhun Hacıbəyli qardaşlarının Fransada yaşayış nəvə-nəticələri ilə tarixi müsahibələrimin yaradıcılığımda xüsusi yeri var.

 

Üç il öncə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan məşhur nəticəsi, gitaraçı Əhməd Güvənçlə müsahibə  hazırladım. Bir maraqlı məqamı heç vaxt unutmaram. O, Azərbaycan mətbuatında ilk dəfə idi ki, ailəsinin Şuşadan olduğunu qeyd etmişdi. Təəssüflə bildirmişdi ki, 1990-cı illərdə Azərbaycana gələndə baba yurdu Şuşaya gedə bilməyib. Çünki Şuşa işğalda idi. Mən də bu fikirləri olduğu kimi qeyd etdim. Müsahibənin üzərindən bir müddət keçməmiş Azərbaycan Ordusu Şuşanı azad etdi. Əhməd Güvənç bəyin sevincini ifadə etmək çox çətindir. İndi onun yeganə arzusu var, Şuşada böyük Əhməd bəy Ağaoğlunun ev muzeyi yaradılsın. Bu müsahibəni də ən böyük uğurum hesab edirəm.

 

Belə müsahibələrimin sayı çoxdur. Xatırlamaqda çətinlik çəkirəm...

 

 

 

- İllər öncə sosial şəbəkədə yazdığınız bir status kifayət qədər ciddi etiraz doğurmuşdu.  Yəqin ki, onda belə reaksiyanı gözləmirdiniz...
 

- Çox təəssüflər olsun ki, məlum bir hadisənin təsiri altında, maksimum emosionallıqla gecə saatlarında öz şəxsi səhifəsində yazılmış, daha sonra silinmiş bir statusu bəzi qüvvələr mənfur məqsədləri üçün istifadə etdilər. Əvvəldən planladıqları formada cəmiyyətə çatdırmağa çalışdılar. Məni az qala “xalq düşməni” elan etdilər. Təbii ki, belə olacağını heç gözləmirdim.

 

Mən Vətənini, xalqını, tarixini, dövlət dilini sevən gənc bir azərbaycanlı jurnalist idim. Əziyyətlə qazandığım 600 manat maaşın 300 manatını kirayə evə, yerdə qalan pulu isə yol maşınlarına ödəyib hansısa bir ucqar rayonda öldürülən uşağın, cinayətə qurban gedən gəncin həyatını araşdırırdım. Məhz mən onlarla belə dəhşətli cinayət işlərini araşdırmışam. Heç kim cibimə beş manat qoymayıb ki, get yolpulu elə. Öz boğazımdan kəsib gedib həmin uşaqlara, gənclərə qarşı törədilmiş amansız cinayət işlərini araşdırmışam. Onların məzarları önündə dayanıb, qatillərini bütün cəmiyyətə təqdim etmişəm. Həmin araşdırma yazılarımı, video, fotoları saytıma topladım ki, itib-batmasın... Oxucular maraqlansalar, tapıb oxuya bilərlər.

 

Hazırda hansı jurnalist öz maaşı ilə yol maşınında uzaq bir rayona gedib dəhşətli uşaq cinayətini araşdırır?! Ofisdə telefonla öyrəndiklərini də yarım saat sonra aidiyyatlı şəxslər sildirirlər. Mənimlə birlikdə çalışmış şəxslər özləri şahiddirlər ki, o cinayət işlərini araşdıran zaman nə əziyyətlər çəkmişəm. Hədə, təhdid, müdirə zənglər, rüşvət təklifləri və s. Salyanda beş uşaq və gənc qadının vəhşicəsinə öldürülüb döşəmənin altına basdırılması, Kürdəxanı qəsəbəsində 5 məktəblinin dəhşətli “intiharı”, kimsəsizlər qəbirstanlığındakı bir tabutda 7 uşaq meyiti, dini təriqətlərə görə iynə ilə öldürülən körpə balalar, amansızlıqla qətlə yetirilən qızlar, Suriyaya ölümə göndərilən gənclər, sərhəd bölgələrində qanunsuz fəaliyyətlərə cəlb olunan gənclər, rayonlarda istismar edilən, qul kimi çalışdırılan uşaqlar və s. Bütün bu cinayətləri məhz mən yerində araşdırdım, maarifləndirici məqalələr hazırladım.

 

Sonda nə oldu? Məni “qatil” kimi cəmiyyətə təqdim etməyə çalışdılar. Artıq illər ötüb. Mən kimi öldürmüşəm?! Bəs hər gün bu qədər dəhşətli cinayətləri törədən əsl qatillər kimdir?!
 

- Hətta sizi təhdid edənlər də vardı...
 

- Bilirsinizmi, ən dəhşətli və utancverici təhdid nə idi? Məni Rusiyanın hüquq-mühafizə orqanlarına şikayət edirdilər. Həmin şəxslər Azərbaycanda yaşayırdılar, Azərbaycan dilində danışırdılar, Azərbaycan vətəndaşları idilər. Niyə məhz Rusiya? Axı Azərbaycanın öz hüquq-mühafizə orqanları var. Onların kimə, hansı dövlətə xidmət etdikləri aşkar idi. Mən həmin təhdid mesajlarının hər birini saxlayıram. İnşallah zaman gələr,  Azərbaycanda nəyinsə müqabilində başqa dövlətlərə, ayrı-ayrı şəxslərə agentlik edən həmin şəxslər barəsində ciddi tədbir görülər. Bir müddət öncə mətbuatda “agentlərin siyahısı” yayılmışdı. Mənə qarşı həmin qaralama kampaniyasını aparan şəxslərin, mətbuat patronlarının adları da həmin siyahıda yer almışdı. Sosial şəbəkələrdə həmin şəxsləri izləyirəm. Ukraynada vəhşicəsinə qətlə yetirilən yüzlərlə günahsız uşaqlar barəsində susurlar. Axı əsl “uşaq qatili” kimdir?! Artıq bütün dünya bilir ki, uşaq qatilləri kimdir.

 

44 günlük Vətən Müharibəsində mən də könüllü əsgər idim. Gəncə terrorunda qurban gedən günahsız uşaqları, mülki insanların üzərinə yağdırılan raketləri yəqin ki, heç kim unutmayıb. Əsl qatil kimdir?! O kəslər yenə statuslar, məqalələr yazdılarmı? O raketləri Ermənistana pulsuz satan kim idi? Bəs Azərbaycana dağıdıcı "İsgəndər-M" raketi necə atıldı?! Bu gün Ukraynada “mənim dilimdə danışanları müdafiə edirik” adı altında törədilən dəhşətli soyqrımlarının Xocalıdakından nə fərqi var?!

 

Yoxsa, bir gənci məhv etməyə çalışan həmin şəxslərin, “həmkarlarımdan” hansınınsa övladı mənim kimi könüllü müharibəyə yazıldı və Xocalı uşaqlarının qatilləri ilə savaşdı?! Axı hansı?! Həmin şəxslərin məndə siyahısı var. Çox təəssüflər olsun ki, onlar bu dəfə sadəcə susdular. Əsl qatillər barəsində qorxudan bir söz də demədilər. Bir azərbaycanlı gənc jurnalistin karyerasını məhv etmək üçün hər şeyi etdilər... Nə qazandılar?! Təbii ki, bir ovuc çirkli pul və mənim tapdaladıqları haqqımın bir ömürlük ahını qazandılar.

 


- Sizin məhz həmin statusdan sonra işdən çıxarıldığınız deyilir. Belə iddialar da var ki, sizi o zaman PA-nın şöbə müdiri olan Əli Həsənovun tapşırığı ilə işdən çıxarılmısız. Bu doğrudur?
 

- Bəli, işdən çıxarıldım. Əmrin yuxarıdan gəldiyi çatdırıldı. Mən heç vaxt siyasətlə məşğul olmamışam. Siyasətdən də yazmamışam. Deyilənə görə, o zaman PA-nın şöbə müdiri olan Əli Həsənovun tapşırığı ilə çıxarılmışam. İllər sonra Əli Həsənovun özünü də işdən çıxardılar. Axı mən Əli Həsənova nə etmişdim? Axı Əli Həsənovun himayəsində olan mətbuat adi, gənc bir jurnalistin gecə öz səhifəsində paylaşdığı statusu dünyaya yaymaq üçün niyə bu qədər canfəşanlıq edirdi?!

 

“Həmkar” dediyim, etibar etdiyim şəxslər həmin statusu xarici dillərə tərcümə edib, başqa ölkələrin mətbuat orqanlarında yayımlanması üçün xüsusi tapşırıq almışdılar. Axı nə üçün?!

 

Mənim üzərimdən o vaxtkı rəhbərliyimə qarşı təzyiq etməyə çalışdılar.  Rəhbərliyim nə etdi?! İllər sonra Əli Həsənovun bütün qanunsuz əməlləri üzə çıxdı. Hansı tədbir görüldü?! Sadəcə olaraq demək istəyirəm ki, mən öz Vətənimi, Azərbaycanı, dövlət dilimizi çox sevirəm.

 

İşdən çıxarılmağımla bağlı yuxarıdan əmr gəldiyini mənə çatdıran şəxsin həmin vaxt gözlərindən axan yaşları həyatım boyu unutmaram... Daha sonra kəndə qayıtmalı oldum. İki ili heç xatırlamaq istəmirəm...


- Məlum hadisədən sonra sizə iş verilməməsi barədə tapşırıq da gəldiyi bildirilirdi. Bu barədə nə deyə bilərsiniz?


- Mən bir neçə ildir ki, rayonda, kənddə yaşayıram. Həmin o keçmiş məmurun kadrları isə hələ də yüksək vəzifələrdə çalışırlar.

 

Bəzən dəvət edirlər. Maaş məbləği azdır. Qalmağa evim yoxdur. Heç nə yoxdur. Heç vaxt unutmaram, bir müddət öncə iş təklifi almışdım. Bakıya getdim. Görüş zamanı rəhbər şəxs mənə dedi “o vaxt mən də sənin barəndə status yazmışdım. İndi isə başına gələnləri eşitdim. Vicdan əzabı çəkirəm və səni işə dəvət edirəm...”.

 

Məni işə dəvət etmək istəyən şəxslərə demək istəyirəm ki, cəmi 20 dəqiqə vaxtınızı ayırıb mənim saytımı oxuyun. Görün ki, mən kiməm. Saytdakı bütün yazıların müəllifiyəm. Və həmin yazıları hansı şəraitdə yazdığımı bir təsəvvür etməyə çalışın.
 

- Bu illər ərzində işsiz qalmaq maddi cəhətdən sizə şübhəsiz ki, çətin olub. İş üçün müraciət etdiyiniz media orqanı olubmu? Olubsa, buna necə reaksiya veriblər?


- Mən çətinliklərimdən yazanda bəziləri sevinirlər. Heç bir mətbuat orqanına iş üçün müraciət etməmişəm. Hamı müsahibələrimi görür. Araşdırmalarımı Facebook-da “layk” etməyə cəsarəti çatmayana iş üçün necə müraciət edə bilərəm?!

 

Bir müddət öncə qərara gəldim ki, özəl müsahibələrimi pulla satım. Bir neçə dəfə ödənişlə saytlara satdım. Sonra özüm özümdən utandım... Təsəvvür edin ki, İngiltərə baş naziri Boris Consonun bacısı ilə müsahibəmi 100 manata bir sayta satıram... İndi isə yalnız öz saytımda yayımlayıram. Bir saytda özəl müsahibəmi həm orjinal formada ingiliscə, həm də Azərbaycan dilində yayımlayıram. Bunun nə demək olduğunu çox az adam başa düşür...

 

Saytımda da məndən başqa heç kim işləmir. Hərdən düşünürəm ki, başıma bir şey gəlsə, bu qədər müsahibə, məqaləm yox olub gedəcək. Çünki evdə məndən başqa saytın admin-paneli, giriş-çıxış, illik ödənişlər barədə heç kim heç nə bilmir.

 

Mən xaricdə ingilis dilində danışanların cibinə milyon dollar basıb, balıq kürüsü yedirib Azərbaycanı təriflətmirəm. Kimdənsə müsahibə götürmək istəyəndə cəmi 5 müsahibəmin linkini göndərməyim kifayət edir. Bütün müsahibələrimdə Azərbaycanla bağlı suallara yer ayırıram. Bu isə Azərbaycanın ən gözəl təbliğatıdır.


- Gələcək planlarınızdan danışaq. Jurnalistika ilə bağlı arzularınız nədən ibarətdir?


- Nə deyə bilərəm ki, inşallah Azərbaycanı, tariximizi, mədəniyyətimizi, jurnalistikanı həqiqətən də sevən, dəyərləndirən biriləri tapılar və mənim bu tarixi arxivim məhv olmaz. Mən bu qədər araşdırma, müsahibəni özüm üçün etməmişəm. Hər bir məqaləm bir kitabdır. Bir çoxları ondan-bundan oğurluq edib, tərcümələrlə "kitablar” yazırlar, sonra da fəxri adlarla təltif olunur, yuxarıda əyləşdirilirlər. Hafiz Əhmədov isə görkəmli şəxslərin birbaşa ailə üzvləri ilə ünsiyyətdə olur, müsahibələr götürür.

 

Bu gün bir çox tanınmış alimlər, kitab müəllifləri, jurnalistlər mənə zəng edib deyirlər ki, “Hafiz, o müsahibəndəki şəkilləri loqosuz, orijinalını göndərə bilərsən, kitabıma yerləşdirəcəm”.

 

Bir məqamı da qeyd edim. Məşhur bir azərbaycanlı alim, onlarla kitab müəllifi illər öncə bir tarixi şəxsiyyət barəsində araşdırma məqalə yazıb. Həmin şəxsiyyətin Amerikadakı nəvələri ilə müsahibə götürən zaman sözügedən məqaləni mənə göndərdilər. Dedilər ki, bu məqalə tamamilə yalan məlumatlar əsasında yazılıb. Təsəvvür edin ki, həmin məqalədəki bütün fikirləri dəyişdilər. Mənə dedilər ki, o alimə çatdırın ki, yalan yazılar yazmasın... Mən isə daha bir tarixi müsahibəyə imza atdım. Yalan məlumatlar əsasında araşdırma məqalə yazanı isə ölkə xaricində ən yüksək vəzifələrdən birinə təyin etdilər...

 

Bu gün bütün yaradıcılığının cəmi bir müsahibəm qədər çəkisi olmayanlar jurnalistikadan danış, “əməkdar jurnalist" olurlar, ən yüksək vəzifələrdə çalışırlar, milyonluq ofislərdə otururlar, 3-4 ev sahibidirlər.
 

- İndiyədək kimdən müsahibə almağı arzulamısan, lakin baş tutmayıb? Belə hal olubmu?
 

- İstədiyim hər kəsdən müsahibə götürmüşəm. Mənim müsahiblərimin demək olar ki, hamısı xarici ölkələrdə yaşayır. Yeni müsahibələrim də olacaq. Bəzən müsahibələrimi bir möcüzə kimi dəyərləndirirəm. Məsələn,  Facebook-un CEO-su, milyarder Mark Zuckerberqin atası, həkim Edvard Zukerberqlə, məşhur Rokfeller ailəsindən Ariana Rokfellerin həyat yoldaşı Matt Bucklinlə, milyarder Bill Qeytsin müsəlman kürəkəni Nayel Nassarla, əfsanəvi tenor Andrea Boçellinin oğlu Matteo Boçelli ilə, Nelson Mandelanın, Çarli Çaplinin nəvələri ilə, dünya şöhrətli Bryan Adams və Eros Ramazotti ilə, “cazın şahzadəsi” Əzizə Mustafazadə ilə eksklüziv müsahibələrimi yaradıcılığımda möcüzə hesab edirəm.

 

Bill Qeytsin kürəkəni Nayel Nassara müsahibə üçün müraciət edəndə mənə bir sual yazdı: “Sən də müsəlmansan? Cavab verdim ki, “bəli”. Bundan sonra bütün suallarıma cavab yazdı. Mənə “müsəlman dostum” deyərək müraciət edir. Əslində mən xoşbəxt jurnalistəm. Axı Azərbaycanda hansı jurnalistin belə müsahibələri var?! İngiltərənin keçmiş baş naziri, “dəmir ladi” Marqaret Tetçerin gəlini Sara xanım, qızı Karol xanımla şəxsi dostluq münasibətləri qurmuşam. Stalinin nəvəsi Kris Evansla müsahibəm isə çox dəyərlidir. Bu şəxslərlə hətta votsap-la da əlaqə qururam.

 

Unutmayın ki, sizdən hər şeyinizi ala bilər, bütün qapıları da üzünüzə bağlaya bilərlər. Amma Tanrı sizə istedad veribsə, heç kim bu istedadı əlinizdən ala bilməz. Bəlkə də zamanında mənim başıma bu qədər oyunlar gəlməsəydi, indi heç belə yazıların müəllifi olmazdım.
 


- Siz həm də Vətən müharibəsinin iştirakçısı olmusuz. Necə deyərlər, qələmi silaha dəyişərək, döyüşə yollanmısınız. 44 günlük döyüşlər xatirənizdə necə qalıb?


- Bütün ömrüm boyu qürur duyacağım, hətta bir saniyəsini belə heç vaxt unutmayacağım 44 gün! Qəhrəmanımız Polad Həşimov şəhid olan günün səhəri Tovuz rayon Hərbi Komissarlığında könüllü müharibəyə yazıldım.

Vətən müharibəsində Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarında könüllü əsgər kimi xidmət etdim. Ölkəmizdəki strateji əhəmiyyətli obyektlərin mühafizəsini təşkil etdik. Azğın düşmən təkcə səngərdə müharibə aparmırdı. Mülkü əhalini hədəf seçmişdi. Komandirlərinizin yerdəyişmə əmrlərini vaxtında, dəqiq icra etməsəydik, indi yəqin ki, bu müsahibəni ailə üzvlərimdən götürürdünüz... Heç vaxt unutmaram, düşmən Gəncəni raket atəşinə tutandan bir saat sonra bizim bölməni də təcili ora göndərdilər. Düşmən qana susamışdı. Mənim də qeydiyyatda olduğum raket texnikasının içərisində olan qəhrəman komandirlərim mülki əhalini hədəf seçmiş daha bir düşmən texnikasını uzaq məsafədən, qaranlıqda tam dəqiqliklə havada məhv etdilər. Yüzlərlə günahsız insanın həyatını xilas etdik. Könüllü əsgər olduğum hərbi hissəsinin bölmələri düşmənin 2 dənə Su-25 hücum təyyarəsini havada məhv etdi.  Bütün heyətimiz, komandirlərimlə qürur duyuram.
 

- Amma sizə hələ də "müharibə veteranı" adı verilməyib. Bununla bağlı müraciət etmisinizmi?
 

- Dəfələrlə müraciət etmişik. Bir neçə gün öncə Müdafiə Nazirliyindən bildirildi ki, artıq siyahımızı Veteran Komissiyasına göndəriblər və bu ayın sonuna qədər veteranlıq statusu veriləcək. Əsl komandir öz əsgərlərinin haqqını müdafiə edəndir. Sonunu düşünəndən isə qəhrəman olmur. Heç vaxt unutmaram, axşam saatlarında səfərbərlik üçün təcili Hərbi Komissarlığa getməli oldum. Komissarlığın binasının önünə çatanda atam mənə dedi: “Bilirsənmi hara gedirsən? Bu dövlət sənin üçün nə etdi?!". Cavab vermədim... Və mənim müharibə həyatım başladı.  Ümid edirəm ki, o, sualla yenidən qarşılaşmaram...

Bu gün kənddən Tovuzun mərkəzinə qədər maşınla gedən zaman yol kənarlarında təkər qaraldan, heyvan otaran, əllərində nimçə tutub qulluq edən, maşın yuyan, bazarda göyərti satan, qəbiristanlıqda məzar qazan, günün altında lotereya satanlar Vətən müharibəsində mənim könüllü əsgər yoldaşlarım idi. Ümid edirəm ki, haqq yerdə qalmaz.


- Sonda bizim oxuculara, gənclərə ürək sözünüz varmı? 
 

- Gənclərə demək istərdim ki, hər kəsə inanmayın, etibar etməyin. Özünüzə, gücünüzə inanın. Hər zaman dürüst olun. Səmimiyyət oynanması mümkün olmayan tək roldur. Səmimi olun. Bir məsələni xüsusi ilə qeyd etmək istəyirəm. İndiyə kimi, xaricdə müsahibə üçün müraciət etdiyim heç bir kəs məndən nə bir jurnalist vəsiqəsi, nə də “reystr qeydiyyatı” və s. tələb edib. Sadəcə, bir gənc kimi onlara müraciət etmişəm. Siz də gəncliyinizin qeydinə qalın. İmkan verməyin kimlərsə sizin gəncliyinizi məhv etsin. Sizə dəyərli olduğunuzu hiss etdirən insanlarla yolunuza davam edin. Bir də unutmayın ki, bizim ölkədə uğur əldə etmək, həm də düşmən qazandırır. İllər öncə mən dahi Lütfi Zadənin cənazəsini də çiynimdə daşıdım. İnanın ki, heç kim bu dünyadan heç nə aparmır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Klon” serialının aktrisası azərbaycanlı jurnalistə özəl müsahibə verdi - Görün Bakı haqda nələri dedi
Əli Həsənovun işdən çıxartdırdığı jurnalistdən sensassion MÜSAHİBƏ
Amerikalı diplomatdan SENSASİON MÜSAHİBƏ: Türk ordusunun Azərbaycana gəlməsi NATO-nun...

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü