Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66971
az

Rusiya-Ukrayna müharibəsi: Azərbaycana hansı məhsulların tədarükündə problem ola bilər?

17:5515 Mart, 2022
655
ÖZƏL BÖLÜM
  • A

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı və hələ də aktiv döyüşlər fazasında olan müharibə ənənəvi logistika kanallarını iflic edib. Müharibənin Ukraynanın bütün ərazisini əhatə etməsi iqtisadi fəallığın heçə enməsinə gətirib çıxarıb. Ümumi səfərbərlikdən dolayı 18-60 yaş arası bütün vətəndaşlar silahlı güvvələrin sıralarına çağrılır. Yəni zavodda, fabrikdə, tarlada, limanda, dəmir yolunda və sair sektorlarda işləməli olanlar bu gün əlinə silah alıb Vətənin keşiyinə qalxıblar. Ukraynanın Azərbaycanın MDB məkanında iki əsas ticarət tərəfdaşından biri olması faktı bizim üçün də müəyyən nahatçılıqlar yarada bilər.

Ötən il Azərbaycan bu ölkəyə 452,5 milyon ABŞ dolları dəyərində mal satıb, 470,02 milyon ABŞ dollarlıq məhsul alıb. Bəzi mal qruplarının tədarükündə Ukrayna əhəmiyyətli pay sahibidir. Belə ki, 2021-ci ildə Azərbaycana gətirlən hər 10 siqaretin təxminən 7-si Ukraynadan alınıb. Bu ölkədən 12,093 milyon ABŞ dolları dəyəridə 482,7 mln ədəd siqaret idxal edilib. Eyni dövrdə Azərbaycanda 14,351 milyard ədəd pariros və siqaret istehsal edilib ki, onun da 316,31 milyon ədədi ixraca gedib. Yəni bu ölkədən siqaret tədarükü cüzi bir hissəsini təşkil edir.

Lakin Azərbaycan Ukraynadan həm də emal edilmiş çəkməli tütün alır. Ötən il bu məhsulun cəmi idxalının dəyər ifadəsində 98,2 %-i, kəmiyyət olaraq – 96,9 %-i Ukraynanın payına düşüb. Ukraynadan 4 min 466,95 ton tütün alınıb.


Eyni dövrdə Azərbaycanda 4 min 237,6 ton fermentləşdirilmiş (tütün məmulatının istehsalı üçün təbii və texnoloji prosesi keçmiş tütün yarpağı) tütün istehsal edilib. Görünən odur ki, daxili siqaret istehsalı əhəmiyyətli dərəcədə Ukrayna tütünündən asılı vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, Ukraynadan hazırda tütün almaq imkanlarımız sıfra bərabərdir və ən azı yaxın 1-2 ayda tədarükün bərpa olunacağına dair hazırda heç bir əsas yoxdur. Bu böyük ehtimalla daxili bazarda siqaretin təklifinə və onun qiymətlərinə təziq göstərəcək faktor olacaq. Digər tərəfdən Nazirlər Kabinetinin dünənki qərarına əsasən aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədəd üçün 43 manatdan 46,5 manata, eyni zamanda istehlak olunan tütün və tütün məhsullarının 1 000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırması son məhsulun qiymətində öz əksini tapacaq.

Ölkəyə gətirilən dondurulmuş mal ətinin 81,7 %-i, toyuq ətinin 71 %-i, qozun 69 %-i Ukraynanın payına düşür. Kərə yağı tədarükü üzrə bu ölkə ikinci pillədə qərarlaşıb.

Azərbaycan ötən il bu ölkəyə 417 milyon ABŞ dolları dəyərində xam neft (cəmi ixracdakı payı 2,8 % olub), neft bitumu (12,5 %), neft koksu (3,4 %), sürtkü yağları (28,4 %), aviasiya yanacağı (10,1 %), polietilen (11 %), polipropilen (3,2 %), nar (6,7 %), xurma (6,7 %), yaşıl çay (60,9 %) tədarük edib.

Ən azından xarici ticarətin strukturuna əsasən Azərbaycan üçün alıcı kimi Rusiya daha əhəmiyyətli ölkədir. Ötən il bu ölkəyə 921 milyon ABŞ dolları dəyərində məhsul satılıb. Qeyri-neft ixracında əsas tədarük bazarımız məhz Rusiya olub. Azərbaycandan bu ölkəyə hesabat dövründə 31 milyon ABŞ dolları dəyərində (cəmi ixracdakı payı 99,6 %) albalı və gilas, 29 milyon ABŞ dolları dəyərində (99,2 %) şaftalı (nektarinlər daxil olmaqla), 2,5 milyon ABŞ dolları dəyərində (98,5 %) ərik, 157,6 milyon ABŞ dolları dəyərində (98,3 %) pomidor, 3,9 milyon ABŞ dolları dəyərində (98,2 %) armud, 8,7 milyon ABŞ dolları dəyərində (97,9 %) çiyələk, 4,9 milyon ABŞ dolları dəyərində (97,4 %) gavalı və göyəm, 36,1 milyon ABŞ dolları dəyərində (96,7 %) alma, 38,5 milyon ABŞ dolları dəyərində (96 %) kartof, 6,6 milyon ABŞ dolları dəyərində (92,7 %) təzə üzüm, 2,7 milyon ABŞ dolları dəyərində (71,3 %) soğan, 49,3 milyon ABŞ dolları dəyərində (44,1 %) fındıq, 8,4 milyon ABŞ dolları dəyərində (86 %) bentonit gili, 82,2 milyon ABŞ dolları dəyərində (69 %) polipropilen göndərilib.


Bu gün Rusiya iqtisadiyyatına qarşı əhatə dairəsinə və dağıdıcı gücünə görə analoqu olmayan məhdudiyyətlər tətbiq olunub. Ölkənin qızıl valyuta ehtiyatlarının əhəmiyyətli hissəsi dondurulub. Bu, Rusiya Bankının valyuta bazarına aktiv şəkildə intervensiya həyata keçirmək imkanlarını məhdudlaşdırıb. Nəticədə 24 fevraldan ötən dövr ərzində rus rublu ABŞ dolları qarşısından 60 % dəyərdən düşüb. Ölkəni yüzlərlə qlobal şirkət tərk edib. Həmin şirkətlərdə və onlara bağlı olan əlaqəli sahələrdə çalışan milyonlarla işçinin aqibəti qeyri müəyyən qalır. Qlobal daşınma şirkətlərinin Rusiya ilə əməkdaşlığı dayandırması logistika zəncirində ciddi problemlərə gətirib çıxarıb. ABŞ və Qərb ölkələri sanksiyaların daha da sərtləşdiriləcəyinin anonsunu veriblər. Belə bir şəraitdə əhalinin gəlirləri yaxın həftələrdə əhəmiyyətli dərəcədə “əriyəcək”, alıcılıq qabiliyyəti aşağı düşəcək. Bu faktoru və logistikadakı problemləri nəzərə alsaq Azərbaycanın meyvə-tərəvəz ixracını çətin zaman gözlədiyini ehtimal etmək olar. Mövcud durumun geniş əhali kütləsi üçün müsbət tərəfi ondan ibarət olacaq ki, daxildə təklif kəskin şəkildə arta bilər. Bu isə daha əvvəllər də olduğu kimi qiymətlərin ucuzlaşması ilə nəticələnə bilər. Məsələ burasındadır ki, söhbət tez xarab olan məhsullardan getdiyi üçün ixracatçılar sabit logistika kanalları bərpa olunana kimi lazımsız yerə riskə getməyəcəklər və müəyyən zaman kəsiyində daxili tələbata işləməyə üstünlük verəcəklər.

İdxal malları ilə bağlı tam fərqli tendensiya müşahidə edilə bilər. Azərbaycan xüsusilə bəzi ərzaq malları üzrə Rusiyadan əhəmiyyətli dərəcədə asılıdır. Belə ki, ötən il xaricdən alınan ərzaqlıq buğdanın 95 %-i (315,2 milyon ABŞ dolları), buğda ununun 96,6 %-i (1,4 milyon ABŞ dolları), qarabaşağın 99,98 %-i (6,5 milyon ABŞ dolları), günəbaxan yağının 97,6 %-i (71,8 milyon ABŞ dolları), soya yağının 88,5 %-i (2,1 milyon ABŞ dolları), marqarinin (maye marqarindən başqa) 80 %-i (2,1 milyon ABŞ dolları), qarğıdalının (toxumluqdan başqa) 90,7 %-i (6,4 milyon ABŞ dolları) bu ölkənin payına düşür. Ayrı-ayrı qeyri-ərzaq məhsullarının tədarükü üzrə də Rusiya dominant mövqeyə malikdir. Belə ki, onun payına uzununa doğranmış meşə materialları (iynəyarpaqlı ağaclardan, ağ şam ağacından və ya küknardan) idxalının 95,1 %-i (120 milyon ABŞ dolları), yapışqanlı faner – 95,5 %-i (32,9 milyon ABŞ dolları), ağac qapılar, onların çərçivələri və astanalar – 70 %-i (12,4 milyon ABŞ dolları), ağaclifli plitələr (MDF) – 53,5 % (25,1 milyon ABŞ dolları (19 %-i Ukraynanın payına düşür)), taxta-şalban (iynəyarpaqlı, digər yarpaqlı ağaclardan) – 49 % (2,9 milyon ABŞ dolları (20,7%-i Ukraynanın payına düşür)), ammonium nitrat (silitra) gübrəsi – 87 %-i (16,5 milyon ABŞ dolları), bitumlaşmış kömür - 100 %-i (3,3 milyon ABŞ dolları), paltaryuyan maşınları (tutumu 10 kq quru paltardan çox olmayan) – 68 %-i (30 milyon ABŞ dolları), düşür.


Rublun kəskin ucuzlaşması fonunda Rusiyada bir çox ilkin tələbat malları bahalaşmaqda davam edir. Sabah qiymətin daha da artacağı qorxusu əhali tərəfindən ajiotajlı tələbin yaranmasına səbəb olub. Piştaxtalar sürətlə boşalır və marketlər qarabaşaq, düyü, şəkər, günəbaxan yağı kimi ərzaqların alınmasına məhdudiyyət qoyur. Analoji qadağalar artıq hökümət səviyyəsində də qoyulmaqdadır. Belə ki, 31 avqusta kimi ölkədən şəkər və taxıl çıxarıla bilməz.Yaxın vaxtlarda qarabaşağın və günəbaxan yağının ixracına dair analoji qərarın veriləcəyi gözlənilir. Çünki sanksiyalar fonunda yarana biləcək sosial partlayış təhlükəsini neytrallaşdırmaq üçün Rusiyada əsas prioritet daxili tələbatı ödəmək və qiymətləri sabit saxlamaq olacaq. Ona görə də yaxın perspektivdə əsasən Rusiyadan tədarük etdiyimiz məhsulların qıtlığı müşahidə edilə bilər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Bakıda dəhşət! İt sahibini yedi