ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu ünvanladı. Ölkələrin müstəqillik günləri ilə bağlı qarşılıqlı təbrikləşmə siyasi etiket olaraq qəbul olunur, hərçənd, belə təbriklərin arxasında həm də siyasi proseslərin inkişafı, münasibətlərin səviyyəsi dayanır. Burada ən vacib məqamlardan biri də təbrik məktublarının mətnidir. Mətndə əksini tapan məsələlər beynəlxalq münasibətlərdə ən önəmli etiket sayılır və özündə təbrikin ünvanlandığı ölkəyə münasibəti əks etdirir.
Tramp Azərbaycan Prezidentinə ünvanladığı məktubda yazır: “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək, iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik. Xahiş edirəm 28 May – Respublika Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz”.
Altı cümlədən ibarət olan təbrik məktubunda 5 mühüm istiqamət yer alır.
1. ABŞ Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyir;
2. ABŞ beynəlxalq təhlükəsizliyi gücləndirmək və Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək üçün Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirir və Tramp iki böyük xalqın insanlarına – azərbaycanlılar və amerikalılar - parlaq gələcək qurmaq naminə 30 illik əməkdaşlığı xatırladır;
3. ABŞ Azərbaycanın bu istiqamətdə töhfələrini dəstəkləyir və dəstəkləməkdə davam edəcək;
4. Dünyanın bəlasına çevrilən koronavirusla mübarizədə ABŞ Azərbaycan xalqının yanında olduğunu bəyan edir;
5. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirakını davam etdirəcək;
Həcmcə böyük olmayan məktub özündə 5 böyük istiqaməti əxz edir və bu, perspektivdə Vaşinqtonun Bakının yanında olmağa davam edəcəyinin rəsmi sənədidir.
ABŞ beynəlxalq təhlükəsizliyin gücləndirilməsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək; Azərbaycanın enerji layihələrinə dəstək verəcək; Pandemiya ilə mübarizədə Azərbaycan xalqının yanında olacaq;
Və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində aparılan danışıqlarda iştirakına davam edəcəyinə dair mesaj verir.
Məktubun ən önəmli hissəsi məhz ABŞ-ın Azərbaycanın suverenliyinə dəstəyinin ifadə edilməsidir.
“Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir”, - Tramp yazır.
Beynəlxalq hüquqda suverenlik konsepsiyası müəyyən ərazi hüdudlarında dövlətin hakimiyyətinin aliliyinin tanınması kimi qəbul edilir və məktub məhz beynəlxalq hüququn dövlətlərarası münasibətləri tənzimləyən təməl norma və prinsiplərinə vurğu ilə başlayır. ABŞ prezidenti bununla Azərbaycanın müstəqilliyinə, suverenliyinə dəstək ifadə edir və bu, həm də Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının dəstəklədiklərinin rəsmi şəkildə ifadə edilməsidir.
Bu kontekstdə məktubun giriş və son cümləsi diqqət çəkir: Trampın təbrik məktubunun məhz bu cür yazılması – giriş cümlədə Azərbaycanın müstəqiliyinin dəstəklənməsi, son cümlədə, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunması – təsadüfi deyil və bu məktubu “ABŞ Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllini dəstəkləyir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək” olaraq oxuya bilərik.
Beynəlxalq münasibətlərdə protokol qaydalarından tutmuş, rəsmi məktublara qədər hər şeyin təsadüfi olmadığını nəzərə alsaq, Trampın məktubunun strukturunu ABŞ-ın işğalçı Ermənistana mesajı kimi də anlamaq olar.
Tramp yazır: “Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.
Bu necə oxunmalıdır?
a) ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud olan Minsk qrupu formatını dəstəkləyir və Ermənistan rəhbərliyinin bu formatı dəyişdirmək cəhdlərini rədd edir;
b) Münaqişənin dayanıqlı və sülh yolu ilə həllinə dəstək verəcəyini ifadə edir, bununla, işğalçı ölkənin danışıqlar prosesini pozmaq cəhdləri rədd olunur;
c) Sülh danışıqlarının davam etdirilməsi ifadəsinin arxasında beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və erməni hərbi birləşmələrinin işğal altındakı ərazilərdən qeyd-şərtsiz çıxarılması tələbi dayanır;
Məktubun strukturu, yer alan ifadələr və sətraltı mesajlar ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanaraq, Azərbaycanın yanında olduğu və problemin ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini göstərir.
Oxu24.com
ŞƏRHLƏR