Valideyn məsuliyyətsizliyi nəticəsində yaşanan ailə faciələrinin qurbanları çox vaxt uşaqlar olur. Femida.az xəbər verir ki, belə hallardan daha biri Bakıda yaşanıb. Paytaxtda 3 uşaqlı ailədə valideynlərin övladlarına verdiyi əzab uşaqlardan birinə təsadüfən küçədə bir xanımın rastlaması ilə üzə çıxıb.
Xədicə Mahirova hadisəni belə şərh edir:
“Bacım işdən gələrkən , balaca bir oğlanın ağladığını görüb, səbəbini öyrənmək üçün küçədəki adamlardan maraqlanıb. Qonşular deyib ki, uşağın anası hər gün onu və iki bacısını evdə qoyub harasa gedir. Uşaqlara baxmır, yemək belə vermir, çimizdirmir, artıq uşaqların başlarında bit var. Gedib evə baxanda gördük ki, qapını iplə bağlayıb, peçi söndürüb, uşaqları yeməksiz qoyub gediblər”.
Qeyd edək ki, ananın məsuliyyətsizliyindən savayı, ata isə uşaqlarını döyür. Bunu uşaqların üzündəki izlərdən də aydın görmək olur.
Xədicə xanım məsələni dərhal ictimailəşdirərək, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə müraciət edib. Daha sonra uşlaqların valideynlərinə məlumat verilib. Valideynlər isə cavabında uşaqları çoxdan uşaq evinə vermək istədiklərini deyiblər. Bir sözlə uşaqların sığınacağa verilməsi valideynlərin lap ürəyindən olub.
“Təmiz Dünya” İctimai Birliyindən Femida.az-a bildiriblər ki, hazırda uşaqların məlumatları ilə bağlı dəqiqləşdirmə işləri aparılır. Daha sonra mətbuata geniş məlumat veriləcək.
Birliyin rəhbəri Mehriban Zeynalova isə "facebook" hesabında məsələni belə şərh edib:
“Balacalar valideynləri tərəfdən döyülüblər. Ata-ana uşaqları evdə ac saxlayıb. 2-3 gündür ki, uşaqlar acdırlar. Balacaların üzündə yara izləri var və ailələri imtina etdiklərini bildiriblər. Uşaqlar artıq sığınacaqdadılar”.
Qeyd edək ki, uşaqların foto və videoları sosial şəbəkələrdə yayımlandıqdan sonra bir çox insan onları övladlığa götürmək istədiyini də bildirib. Baş çəkmək və yardım etmək istəyən hər kəs sığınacağa gedə bilərlər.
Oxu24.com
ŞƏRHLƏR