Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini öldürüb evini yandıran Məzahir Şıxməmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı oktyabrın 11-nə təyin edilib.
İttihama görə, bu il martın 8-də Abşeron rayonu "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanındakı mənzildə çarpayıda yanmış kişi meyiti aşkarlanıb.
Abşeron Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədilə mənzilə od vurduğu məlum olub.
Hadisəni törədən şəxs saxlanılıb. O cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib.
Məzahir Şıxməmmədov əmisi ilə aralarında münaqişə olduğunu deyib: "Aramızda dəfələrlə münaqişə olub, nalayiq ifadələr işlədib, üstümə bıçaq çıxardıb. Bir dəfə keçmişəm, iki dəfə keçmişəm. Amma sonuncu dəfə dözmədim. Əslində, öldürmək planım olmayıb".
O, əmisini ölümcül döydüyünü də bildirib: "Əvvəlcə 5-6 yumruq vurdum. Sonra isə üzünə və başına butulka ilə zərbə endirdim. Mənzili yandırıb oradan uzaqlaşdım".
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Oxu24.com
ŞƏRHLƏR