Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13522
az

Azərbaycanda məhkəmədə kuryoz - Yerli cinlərdisə manatı niyə tanımır, ancaq dollar götürür?

01:5422 May, 2019
1208
KRİMİNAL
  • A
 
Bakı Ağır Cinayətlər Məhkəməsində fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pullarını və qızıllarını ələ keçirməkdə ittiham olunan “Cindar Hüseyn” ləqəbli Hüseyn Əlizadə və anası Lalə İbrahimovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Buta.media-nın Virtualaz.org-un xəbərinə görə, prosesdə zərərçəkmiş Rübabə Ağayeva ifadə verib.

O, ifadəsində “Cindar Hüseyn”i və anası Lalə İbrahimovanı xalası qızı Qızxanımın (Q.Əliyeva cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biridir- red.) vasitəsilə tanıdığını, həmin vaxtdan etibarən adıçəkilən ana-balanın toruna düşdüyünü göstərib.

Virtualaz.org bu yaxınlarda “Cindar Hüseyn” və anasının işi, habelə onların əməllərindən zərər çəkənlərdən biri kimi zəngin biznesmen arvadı Rübabə Ağayevanın başına gələnlər barədə geniş yazıb. Cinayət işində bəzi məmurların və hətta deputatların da adlarının keçdiyi, amma onların məhkəmədə üzə çıxıb biabır olmamaq və adlarının cinlərlə hallanmasının qarşısını almaq üçün zərərçəkən statusunda tanınmalarını istəməyiblər.

Həyətdən cadu çıxdı, qadın üz tutdu “Cindar Hüseyn”ə...

Məhkəmədə ifadə verən R.Ağayeva deyib ki, hər şey yaşadığı evdən cadu tapılmasından sonra başladı. Və həmin hadisədən sonra o, “Cindar Hüseyn”in yanına fala baxdırmağa gedib. Falçının ona ərinin, nəvəsinin, övladlarının başına fəlakətlər gələcəyini deməsi qadını şoka salıb. Ailəsində yaşanacaq faciələrin qarşısını almaq üçün isə nə az, nə çox 216 min manatından keçib.

Qadının dediklərindən belə məlum olub ki, Hüseyn və anası ona özlərini cindar, baxıcı və ilahi vergi verilmiş şəxs kimi təqdim edərək ailələrində qara qüvvələrin hökm sürdüyünü, evlərində, ərinin iş yerində  cadu olduğunu, cadular təmizlənməzsə xoşagəlməz hadisələr baş verəcəyini bildiriblər. Gözəgörünməz varlıqlarla, cinlərlə əlaqədə olduqlarını deyərək qorxu hissi aşılamaqla psixoloji təsir altına salıblar. Pis hadisələrin qarşısını almaq üçün dini rituallarda istifadə ediləcək at nalı, ceyran göbəyi, ayı dırnağı, dəvə tükü, canavar dişi, şam və digər əşyaların alınıb hazırlanmasının vacibliyinə inandırıblar.

Həmçinin, caduların batil edilməsi, bədəndən cinin çıxarılması, ağırlığın götürülməsi, imamlara ehsanların verilməsi üçün də müəyyən əşyaların alınması məqsədilə onun 57 min dollar, 15 min funt sterlinq və 47 min manat pulunu ələ keçiriblər.

“Dedi ərinin iş yerində də cadu var, təmizləməsək infarkt keçirib öləcək...”

52 yaşlı evdar qadın ana-balanın onu necə aldatmaqlarından danışıb: “Birinci dəfə Hüseynin yanına gedəndə mənə dedi ki, həyətinizdə üç cadu var. Anası ilə gəldi, caduları çıxartdı. Cadunun biri ərimin yastığından çıxdı, digər ikisi isə həyətimizdən. Buna görə 2 min manat pul aldı, dedi təmizləyəcəyəm. İnandım, istədiyi pulu verdim. Bir həftədən sonra Hüseyn zəng vurub dedi ki, ərinin Sumqayıtdakı iş yerində  cadu var, əgər təmizlənməsə infarkt keçirib öləcək, istəyirsən inan, istəyirsən inanma, mən cinlərlə əlaqədəyəm, hər şeydən məlumatlıyam”.

Qeyd edək ki, cinayət işinin materiallarına görə Rübabə Ağayevanın əri Azenco ASC-nin audit idarəsinin rəisi Faiq Ağayevdir.

R.Ağayevanın ifadəsinə görə, baxıcının dediklərindən qorxuya düşüb. Ertəsi gün “Cindar Hüseyn”lə Şamaxinkada görüşüb və onunla birgə həyat yoldaşının iş yerinin yaxınlığına gəliblər. Zavoda çatanda girişdə mühafizəçi olduğunu görən Hüseyn taksi sürücüsündən maşını yenidən Bakı istiqamətinə sürdürüb. Yolun kənarında, şam ağaclarının yaxınlığında maşını saxlatdırıb və R.Ağayevaya “cinlər deyir ki, cadu burada olmalıdır” deyib: “Birlikdə taksidən düşdük. Ağacların dibindən üç ədəd cadu çıxartdı. Həmin vaxt caduları hansı qiymətə təmizləyəcəyini demədi”.  

Qadın təəcüblənir: bu cinlər millidirsə manatı niyə götürmür?

Zərərçəkmiş artıq tora düşdüyünü və heç cür xilas ola bilmədiyini  deyib: “Məni inandırmağa çalışırdı ki, evdə olan hər şeyi təmizləmək lazımdır. Qızılları da guya təmizləyib qaytaracaqdı. Artıq torlarına düşmüşdüm. Heç cür əl çəkmirdilər. Məndən pulları xarici valyutayla verməyimi istəyirdilər. Hüseyn deyirdi ki, cinlər bizim pulu tanımır, dollar tanıyırlar. Fikirləşirdim ki, əgər bunlar yerli cinlərdisə niyə bizim pulu tanımırlar?”.

Hakimin “niyə soruşmurdun ki, cinlər pulu neynəyir, niyə verirdin axı?” sualına zərərçəkmiş “neynəyim, oğlum İngiltərədə oxuyurdu, Hüseyn deyirdi ki, balan özünü asacaq, nəvən öləcək, ərin infarkt olacaq, mən də inanırdım” cavabı verib.

R.Ağayevanın hicablı, dindar olması proses iştirakçıların diqqətini çəkib. Hakim ondan bir yandan İslam yolunu tutmağı, digər yandan isə falçı yanına getməyinin hansı məntiqə sığdığını soruşub.

- Siz Allaha inanmırdınız ki, falçıya gedirdiniz?

- Nə bilim, Qurana and içirdi, mən də inanırdım. Kim falçıya getmir ki...   

Ağayeva sarsılıb, özünə qəsd etmək istəyib

R.Ağayeva baş verənlərdən sarsıntı keçirdiyini, hətta özünə qəsd etmək istədiyini deyib: “Elə bil məni hipnoz eləmişdilər. Bədənimə ərəb əlifbası ilə nəsə yazırdılar, sarımtıl rəngli su içirirdilər, məcburən yemək yedizdirirdilər. Evdə nəyim var yığıb vermişdim bunlara.  Özümdə olmurdum, özümü idarə edə bilmirdim.  Özümü öldürmək dərəcəsinə çatmışdım. Bunlar bir il məni soyub soğana çevirdilər. Yoldaşıma deməyə qorxurdum, elə bilirdim nəsə olacaq. Evimi satmışdım, pullarının hamısını da bunlara vermişəm. Nə istəsələr verəcəkdim, canımı da istəsələr verməyə hazır idim”.

Daha sonra zərərçəkmiş təqsirləndirilən şəxslərin və onların vəkillərinin suallarını cavablandırıb. “Cindar Hüseyn” və anası zərərçəkmişin dediklərinin yalan olduğunu, əksinə R.Ağayevanın qızıl aldığına görə onlara borcu olduğunu bildiriblər. Zərərçəkmiş isə ana-balanın yalan danışdığını deyib: “Mən bu qadından bir qram da qızıl almamışam. Mənim qızıla heç ehtiyacım da yox idi. Hüseyn demişdi ki, telefonda cadu, fal söhbəti eləmə. Həm də deyirdilər ki, bizim arxamızda “Brilyant Cəfər” dayanır, bizə heç kim bata bilməz”.

Məhkəmə prosesi mayın 27-də davam edəcək.

İttihama görə, "Cindar Hüseyn” ləqəbi ilə tanınan falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.

Məlumata görə, "Cindar Hüseyn"in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb.

İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə Ibrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyiblər.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu