Paytaxtda “Oba” şəbəkəsinə aid marketə qarət məqsədilə silahlı hücum olub.
Bu barədə "Oxu.24com"a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata əsasən, aprelin 1-də naməlum şəxs mağazaya basqın edərək, əlində olan soyuq silahla 33 yaşlı kassir Mahirə Əhmədovanı təhdid edib, kassa aparatında olan 205 manat pulu oğurlayıb.
İnsidenti araşdıran Yasamal rayonunun 28-ci polis bölməsinin əməkdaşları şübhəlinin izini tapıb. Cinayətkar 13 yaşlı Mingəçevir şəhər sakini Murad Mustafayevdir.
Daha bir qarət ötən günlərdə Səbail rayonu ərazisində, Saylan şosesinin yanındakı parkda baş verib. İki naməlum şəxs 36 yaşlı Ağcabədi sakini Rüstəmov Pərviz Rizvan oğlunun boğazına bıçaq dirəyərək, ondan pul istəyib. Rüstəmovun üzərində pul olmadığından onu döyərək, hadisə yerindən qaçıblar.
Hazırda Səbail rayonunun 8-ci bölməsinin əməkdaşları cinayətkarların yaxalanması istiqamətində iş aparır.
Qeyd edək ki, mart ayı ərzində paytaxt ərazisində ümumilikdə altı silahlı qarət qeydə alınıb. Oxu24.com
ŞƏRHLƏR