Nizami rayonunda aptekdən dərman alan şəxsin 100 manatını soyğunçuluq yolu ilə əlindən alan şəxs polislər tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki, rayon ərazisindəki apteklərdən birindən dərman alan zaman tanımadığı şəxs onun pul kisəsində olan 100 manatı soyğunçuluq yolu ilə əlindən alaraq hadisə yerindən qaçıb.
Şöbə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 36 yaşlı Kamil Dadaşov saxlanılıb. Həmin şəxsin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik maddə heroin də aşkar olunaraq götürülüb. Soyğunçuluq edən şəxsin qanunsuz hərəkətləri aptekdə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.
Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
ŞƏRHLƏR