Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35158
az

Azərbaycan Mərkəzi Bankı açıqlama yayıb

14:2411 İyul, 2020
656
İQTİSADİYYAT
  • A

Məlum olduğu kimi, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə, habelə tənzimləyici orqanlara təqdim olunan hesabatları təhrif etdiklərinə görə “AtaBank” ASC, “AmrahBank” ASC, “AGBank” ASC və “NBCBank” ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilmişdir və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel və 14 may 2020-ci il tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu (ƏSF)ləğvedici təyin edilmişdir.

Bağlanmış banklar üzrə ödhəliklərin reyestri ƏSF-yə ötürülmüşdür.Qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılmışdır. Fondun Himayəçilik Şurasının qərarına əsasənqorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində“Atabank” ASC və “Amrahbank” ASC üzrə “Kapitalbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilmişdir.

1 iyun 2020-ci il tarixindən etibarən “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, 1 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılmışdır.

16 iyun 2020-ci il tarixindən başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılmış, 15 iyul 2020-ci il tarixindən isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə start veriləcək.

Ümumilikdə indiyədək12.9 min əmanətçiyə 229.7 milyon manat məbləğində kompensasiyaların ödənilməsi təmin edilmişdir.

Bankların lisenziyalarının geri alındığı və ləğvetmə prosesi dövründə Mərkəzi Bank və ƏSFbanklar tərəfindən əmanətlərin qəbulu zamanı pozuntulara və nöqsanlara yol verdiklərini aşkar etmişlər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının 28 dekabr 2018-ci il tarixində tətbiq etdiyi təshih tədbiri pozularaq “NBC Bank” ASC tərəfindən qorunan əmanətlərin həcminin əhəmiyyətli məbləğdə artırılması faktı Mərkəzi Bank tərəfindən nəzarət orqanı səlahiyyətləri təhvil alındıqdan sonra aşkar edilmişdir. Bununla əlaqədar, 27 yanvar 2020-ci il tarixində fiziki şəxslərdən depozitlərin qəbulunun tam dayandırılmasına dair əlavə təshih tədbiri tətbiq edilmişdir. Lakin, “NBC Bank” ASC tərəfindən əlavə təshih tədbirinə də riayət edilməmiş, Mərkəzi Banka, eləcə də ƏSF-yə bilərəkdən yanlış hesabat verilmiş və bu faktlar Mərkəzi Bankın təyin etdiyi müvəqqəti inzibatçı tərəfindən müəyyən olunmuşdur. Bankın lisenziyasının geri çağırılması zamanı kapital yetərsizliyi və digər amillərlə yanaşı məhz bu amil də əsas olaraq götürülmüşdür.

“Ata Bank” ASC üzrə fiziki şəxslərdən müddətli depozitlərin qəbulunun dayandırılması ilə bağlı tətbiq olunmuş təshih tədbiri 2019-cu ilin 23 iyul – 12 sentyabrtarixləri aralığında qüvvədə olmuşdur. Ləğvetmə prosesində ƏSF tərəfindən müəyyən olunmuşdur ki, Bank tərəfindən pozuntuya yol verilərək həmin dövrdə müddətli əmanətlərin qəbulu aparılmışdır.

10 oktyabr 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “AG Bank” ASC-yə qarşı fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu və qorunan əmanətlərin həcminin artımının məhdudlaşdırılması ilə bağlı təshih tədbirləri tətbiq olunmuşdur.Maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətləri Mərkəzi Banka keçdikdə qorunan əmanətlərın həcmi müəyyən edilmiş limitdən aşağı olmuşdur. Bununla belə, ƏSF tərəfindən reyestrin qəbulu və kompensasiyaların ödənilməsi prosesində fərdi müqavilələrin təhlili zamanı “AG Bank” ASC tərəfindən bağlanmış faizli tələbli müqavilələr əvəzinə müddətli müqavilələrin qəbulu aşkar edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq bu əmanətlər bloklaşdırılmışdır. Bu da faktiki olaraq bank tərəfindən təqdim olunmuş hesabatlığın təhrif olunması anlamına gəlir. Faktiki olaraq Bank öz hesabatlarında təshih tədbirinin qüvvədə olduğu müddət ərzində müddətli əmanət qəbul etmədiyini əks etdirsə də, bu dövr ərzində faizli tələbli əmanət kimi rəsmiləşdirilərək qəbul olunmuş əmanətlər üzrə müqavilələrdə vəsaitlərin müəyyən edilmiş müddətdən əvvəl hesabdan məxaric edilməsi zamanı, həmçinin əmanətin müəyyən olunmuş məbləğdən aşağı düşdüyü hallarda hesablanmış faizlərin ödənilməməsi barədə şərt nəzərdə tutulmuşdur. Bu səbəbdən də həmin müqavilələr hüquqi baxımından müddətli əmanət kimi təsnifləşdirilmişdir və qanunvericiliyə uyğun olaraq kompensasiya ödənişi dayandırılmışdır.

Bildiririk ki, eyni xarakterli problemlərə ötən dövrlərdə də rast gəlinmişdir. Belə ki, 2017-ci ilin dekabr ayında bank lisenziyası geri çağırılmış “Dəmirbank” ASC-də 27.09.2017-ci il tarixindən tətbiq olunmuş təshih tədbirindən sonra bir sıra qanun pozuntularına yol verilməsi faktı aşkar edilmişdir. O zaman bu məsələ ilə bağlı ƏSF Azərbaycan Resublikasının Nazirlər Kabinetinə məktub ünvanlamış və Nazirlər Kabineti Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin mövcud məsələ ilə bağlı qərarından sonra əmanətçilərə depozitlərin kompensasiya edilməsi təmin edilmişdir.

“Dəmirbank” ASC üzrə hüquqi presedent nəzərə alınaraq sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların tam verilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə ƏSF tərəfindən zəruri hüquqi prosedurlara başlanılmışdır.

Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırırıq ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran pulunu dəyişir - Pezeşkiandan təcili qərar
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azaldı
Bu layihə III oxunuşdan keçdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ