Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77867
az

Hansı hərəkətlər vəzifədən sui-istifadə etmək hesab olunur? - HÜQUQİ ŞƏRH

11:3602 Dekabr, 2022
102
HÜQUQ
  • A

Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu vəzifəli şəxsi vəzifədən sui-istifadə zamanı yaranan məsuliyyətlə bağlıdır.

 

Cinayət Məcəlləsinin 33-cü fəsli korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərlə bağlıdır.

Bu cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs vəzifə səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına, qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusion hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Qulluq mənafeyi əleyhinə olan cinayətlər yalnız vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilə bilər. Ona görə də bu cinayətlərin subyektləri vəzifəli şəxslər olurlar.

Vəzifəli şəxs kimdir?

Hakimiyyət nümayəndələri, dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, bundan başqa dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, həmin qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər vəzifəli şəxslər sayılır. Eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, hərbi qulluqçular, yəni zabit, gizir və ya miçmanlar da vəzifəli şəxslər kateqoriyasına aiddir.

Cinayət Məcəlləsi ilə yanaşı, “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyada, həmçinin BMT-nin “Korrupsiya əleyhinə” Konvensiyasında “vəzifəli şəxs” anlayışı verilib. Hər iki konvensiya ölkəmizdə imzalanaraq ratifikasiya edilib.

Qısacası, icrası məcburi olan əmr, göstəriş vermək hüququna malik şəxslər “vəzifəli şəxslər” hesab edilir.

Vəzifə cinayətlərinin ən geniş yayılanı “vəzifə səlahiyyətlərində sui-istifadə etmə” və “vəzifə səlahiyyətin aşma”dır.

Vəzifədən sui-istifadə nədir?

Bu, şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında özünü ifadə edir.

Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, dövlət, yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətinə xələl gətirir. Belə hal baş verəndə fiziki və ya hüquqi şəxslərin hüquqları, qanuni mənafeləri, eyni zamanda cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri pozulur.

Bəs hansı hərəkətlər vəzifədən sui-istifadə etmək hesab olunur?

Vəzifəli şəxsin öz səlahiyyətlərindən qulluq mənafeyinə zidd istifadə etməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması, əməllə nəticə arasında səbəbli əlaqənin olması vəzifə səlahiyyətlərindən sui-istifadənin göstəricisidir.

Vəzifə səlahiyyətlərindən sui-istifadə şəxs öz səlahiyyətləri daxilində olan vəzifələri həyata keçirərkən baş verir. Lakin cinayət tərkibi belə hərəkətlər qəsdən qulluq mənafeyinə zidd olaraq həyata keçirildikdə yaranır. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər.

Lakin bu hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir.

Vəzifə səlahiyyətlərini aşma nədir?

Qulluq mənafeyinə qarşı törədilən cinayət hadisələrini araşdırarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, vəzifə səlahiyyətlərini aşmanı fərqləndirmək lazımdı.

Vəzifəli şəxsin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda, bu, vəzifə səlahiyyətlərini aşma cinayəti hesab edilir.

Yəni, vəzifəli şəxs heç kimin heç bir halda etmək hüququ olmayan, həmçinin başqa vəzifəli şəxsin səlahiyyətlərinə aid olan hərəkətlər etdikdə, eyni zamanda kollegial orqanların həll etməli olduğu məsələlərə təkbaşına qərar verdikdə vəzifə səlahiyyətlərini aşır. Hər iki cinayətdə şəxs vəzifədən sui-istifadə etdiyini və ya səlahiyyətini aşdığını dərk edir, bunun nəticələrini qabaqcadan görür, bu hərəkətləri törətməyi arzu edir və ya bunlara şüurlu surətdə yol verir.

HAZIRLADI: Şamil Paşayev

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı