Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76022
az

Şuşa alınarkən ilk dəfə kosmik peyk rabitəsində istifadə edilibmiş - ƏMƏLİYYATIN ŞOK DETALI

12:4508 Noyabr, 2022
254
HƏRBİ
  • A

“Vətən müharibəsi zamanı Şuşada ilk dəfə ən müasir rabitə sistemləri tətbiq edildi”.

Bunu “Report”-a  müsahibəsində Azərbaycan Ordusunun mayoru Elşən Tanrıverdiyev deyib.

O bildirib ki, müharibə dövründə konkret istiqamət üzrə idarəetmə qrupunun rabitə və informasiya texnologiyaları sahəsinin rəhbəri olub:

"Biz savaş başlayandan dərhal sonra hazır vəziyyətdə idik. Lazımı təlimatları almış və döyüşlər öncəsi bəzi fəaliyyətləri icra etmişdik. Ərazidə rabitə və informasiya texnologiyaları ilə hazırlıqlar görmüşdük. Daşaltıda irəliləmək, oranı piyada qalxmaq olduqca çətindir. Radioelektron cihazlarla bunu etmək isə, demək olar, mümkünsüz görünür. Lakin biz bunu bacardıq. Əlbəttə, ordumuza güc verən Vətən həsrətinə son qoymaq arzusu idi. Odur ki, bütün təhlükələrə və risklərə baxmayaraq, qarşıya qoyulan tapşırığı yerinə yetirdik və döyüşən bölmələr arasında rabitəni təmin etdik”.


E.Tanrıverdiyev vurğulayıb ki, Şuşa əməliyyatı bütün istiqamətlər və sahələr üzrə spesifik yanaşma tələb edirdi:

“Əlbəttə, biz də Şuşada rabitənin təmin olunmasına xüsusi həssaslıqla yanaşırdıq. Bunun üçün xüsusi heyət və avadanlıq seçilmişdi. Şuşa döyüşlərində bəzi yeniliklərdən istifadə olundu. Bununla da rabitəni və məlumat mübadiləsini uğurla həyata keçirdik. Radioelektron mübarizə və radioelektron kəşfiyyat bölmələri düşmənin səs yazılarının ələ keçirilməsini təmin edirdi. Beləliklə, qarşı tərəfin danışıqları bizim üçün əlçatan olurdu”.

Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəcəb Bəyəliyev də Şuşanın azadlığı uğrunda döyüşüb. O, həmin dövrdə tabor komandirinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsində çalışıb.

Zabit deyib ki, İkinci Qarabağ müharibəsi zamanı ordumuzun mənəvi-psixoloji durumu yüksək səviyyədə idi:

“Bu, bizim əsas üstünlüyümüz oldu. Çətin relyefli ərazilərin keçilməsində şəxsi heyətin mənəvi-psixoloji durumu ilə yanaşı, müasir silahların tətbiqinin də xüsusi rolu oldu. Bu iki məqam düşmənin iradəsini sındırmağa imkan verdi”.


Polkovnik-leytenant Şuşa ilə yanaşı Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə də iştirak edib. Eyni zamanda, Şuşanın Daşaltı kəndi və onu əhatə edən yüksəkliklərin azad olunmasında xidmətləri olub: “Əks-hücum əməliyyatları barədə yuxarı komandanlıq tərəfindən əmr veriləndə çox sevinmişdim. O zaman Heydər Əliyev adına Hərbi Liseydə fəaliyyət göstərirdim. Qismən səfərbərlik elan ediləndən sonra keçirdiyimiz sevincin həddi-hüdudu yox idi. Şuşa döyüşlərindən sonra bu, mənim qala şəhərinə ilk səfərimdir. Quruculuq işlərinin şahidi olmaq çox qürurvericidir”.

R.Bəyəliyev iştirak etdiyi ən ağır döyüşün Daşaltının azad olunması uğrunda əməliyyat olduğunu bildirib.

“Çünki Daşaltı kəndi demək olar ki, tamamilə yüksəkliklərlə əhatə olunub. Düşmən strateji yüksəkliklərdə mövqe tutmuşdu. Lakin Azərbaycan Ordusunun yerinə yetirə bilməyəcəyi tapşırıq yoxdur. Otuz illik həsrət və haqq yolunda olmağımız qələbəmizi təmin edən əsas faktorlardan biri idi”, - o vurğulayıb.

Azərbaycan Ordusunun tibb xidməti polkovnik-leytenantı Şahin Süleymanov da Vətən müharibəsi iştirakçısıdır. O xatırlayır ki, 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı xəbərini eşidəndə qürur hissi keçirib: “Bu, bizim şərəf borcumuz idi. Müharibə dövründə tabeliyimizdə olan hərbi hissələrin tibb xidməti öz vəzifələrini layiqincə yerinə yetirib. Beləliklə, Vətənə olan borcumuzu yerinə yetirmişik. Mən əsasən Qubadlı, Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm".


Polkovnik-leytenant bildirib ki, həmin vaxt tibbi yardım ləvazimatları vaxtı-vaxtında çatdırılırdı: "Bu, döyüşlər zamanı çox mühüm idi. Məhz yüksək səviyyəli təminat nəticəsində yaralılarımızı müalicə edə bilirdik”.

Baş leytenant Fəyyaz Abbasov deyib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini tarixə qızıl hərflərlə yazıb.

O xatırladıb ki, İkinci Qarabağ müharibəsi 30 illik həsrətə son qoyub: "Vətən müharibəsinin başlanacağı gözlənilən idi. Ona görə də daim hazır vəziyyətdə idik. Ayıq-sayıqlığımızı qoruyurduq. Sentyabrın 27-də Ali Baş Komandanın əmrinə müvafiq olaraq əks-hücum əməliyyatlarına başladıq və torpaqlarımızı azad etdik”.


Onun sözlərinə görə, Şuşanın azad olunması xüsusi əhəmiyyət daşıyırdı: "Çünki ora strateji əhəmiyyətli idi. Bu mənada Şuşanın azad olunması bizim prioritetlərimizdən idi. Müharibə başlayanda bütün ssenariləri, o cümlədən şəhid və ya qazi olacağımızı nəzərə almışdıq. Amma bu, bizi qorxutmurdu. Çünki vəzifəmiz aydın idi - torpaqlarımızn azad olunması. Bilirdim ki, şəhid olsam belə, ordumuz, döyüş yoldaşlarım qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirəcəklər. Qarşıya qoyulan hər tapşırığın icra edilməsi, hər qarış torpağın azad olunması ordunu daha da stimullaşdırırdı. Müharibə zamanı bölmə komandiri idim. Döyüş yoldaşlarımızdan şəhid və qazi olanlar oldu. Biz onları unutmarıq. Çünki torpaqlarımızı onların qanları ilə azad etmişik. Xidmətlərimə görə “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşam”.

Azərbaycan Ordusunun tibbi xidməti baş leytenantı Samir Zeynallı da Şuşa döyüşlərinin qəhrəmanlarından biridir. O bildirib ki, müharibə zamanı ilk vaxtlar çətinliklər olsa da, sonradan döyüş şəraitinə uyğunlaşıb:

“Müharibə xəbərini sentyabrın 27-si səhər saatlarında eşitdik. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz layiqincə mübarizə aparırdı. Müharibə dövründə Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd və Şuşa istiqamətlərində fəaliyyət göstərmişəm”.


S.Zeynallı yaralı hərbçilərin Vətən sevgisindən də söz açıb: “Yaralı hərbi qulluqçularımız ilk fürsətdə müharibəyə qayıtmaq istəyirdilər. Əlbəttə, bəzilərinin səhhəti, fiziki imkanları buna imkan vermirdi. Amma müalicəni yarımçıq qoyaraq yenidən döyüşlərə qayıdan zabit və əsgərlərimiz heç də az deyildi”.

Azərbaycan Ordusunun giziri Şamil Həsənov isə deyib ki, Vətən müharibəsində qardaşı ilə birlikdə döyüşüb və qrup komandiri kimi Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində düşməni məhv edib: "Qardaşım Famil Şuşa istiqamətində şəhid oldu. Vətən müharibəsi başlayanda ön xətt hərbi hissəsində idim. Əks-hücum əməliyyatları başlayanda, əlbəttə, sevindik. Düşünürdük ki, nəhayət otuz il işğal altında olan torpaqlarımızın havasını uda, suyunu içə biləcəyik”.


O vurğulayıb ki, Şuşa əməliyyatının əsas özəlliyi relyeflə bağlı idi: “Çünki ərazidə keçilməz dağlar, sıldırım qayalar kifayət qədərdir. Amma Şuşada bizə sanki əlavə, ilahi bir güc gəlmişdi. Heç bir çətinlikdən qorxmurduq”.

Ş.Həsənov söyləyib ki, müharibədən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, həmçinin “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan Rusiyanın Su-30-larını necə əldə edib?
Şuşa alınarkən ilk dəfə kosmik peyk rabitəsində istifadə edilibmiş - ƏMƏLİYYATIN ŞOK DETALI
Türkiyə İrana qarşı:

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı