Aprel döyüşlərində qəhrəmanlıqla həlak olan şəhidlərin və qazilərin həyatını və həmin döyüş günlərini qələmə alan publisist-jurnalist Aida Eyvazlının (Göytürk) “Qalibiyyət: şahidlər və şəhidlər” kitabının ikinci cildi işıq üzü görüb.
Oxu24.com xəbər verir ki, iki illik əməyin nəticəsi olan kitabın birinci cildi ötən il, Aprel döyüşlərinin 1 illiyi ərəfəsində çap olunub. Əsər Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir” – sözləri ilə başlayır.
Kitabın ikinci cildinə “Ön söz”ü Milli Məclisinin deputatı, tanınmış yazıçı-publisist Aqil Abbas yazıb. 448 səhifədən ibarət kitabda Aprel döyüşündə həlak olan qəhrəmanlarımızın qısa, lakin şərəfli həyat yolundan onların doğmaları, dostları söhbət açıb, igid oğullarımızın həyatlarının müxtəlif məqamlarından ibarət rəngli şəkilləri də xatirə kimi kitabda yer alıb. Kitabda, eyni zamanda, Aprel döyüşünün iştirakçısı olan qazilərimiz də şahid kimi həmin döyüşlərdə baş verən hadisələrdən danışıblar.
“Qalibiyyət: şahidlər və şəhidlər” kitabının ikinci cildində Azərbaycan folklorunun inciləri olan bayatılar anaların dilindən onların ağrıları kimi istifadə edilib. Oxucular, eyni zamanda, Azərbaycanın kəşməkeşli tarixi, müxtəlif zamanlarda ermənilərin və onların havadarlarının Vətənimizə qarşı törətdiyi qanlı hadisələr, həmçinin əfsanəvi xüsusi təyinatlıların həyatlarının müxtəlif maraqlı məqamları ilə tanış ola biləcəklər. Kitabda həm də, ermənilərin bu günə qədər öldürdüyü uşaqlar barədə də materiallar öz əksini tapıb.
Oxucular xüsusi təyinatlı hərbi birləşmələrin iş prinsipi barədə də maraqlı məlumatlar əldə edəcəklər.
İkinci cilddə Aida Eyvazlı Göytürkün şəhidlərın ömür yoluna həsr etdiyi şeirləri və türk dünyasının qəhrəmanlıq tarixindən, ilk dövlətçiliyindən bəhs edən “Ötükən və Kür Şad” dastanı da yer alıb. Bu dastan Aprel döyüşünün qəhrəmanlarının xatirəsinə bir ehtiramdır.
Nəfis tərtibatlı kitab “Mütərcim” nəşriyyatında işıq üzü görüb.
Oxu24.com Oxu24.com
ŞƏRHLƏR