Bu gün yerli vaxtla saat 12:00-dan Fransada karantin rejimi başlayıb, insanların hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, 67 milyon əhali istisna hallarda evdən bayıra çıxa bilərlər.
Ümumiyyətlə, qaydalara riayət etməyənlər və evdən əsaslandırılmamış şəkildə çıxanlar 38 avrodan 135 avroya qədər cərimə olunacaqlar.
Ailə üzvlərinə, xüsusilə yaşlı valideynlərə baş çəkmək, ailəvi nahar yeməyi, dost-tanış məclisləri, hətta birgə gəzintilər də qadağan olunub. Yalnız müalicə almaq, köməksiz insanlara yardım, bazarlıq etmək, fərdi qaydada idmanla məşğul olmaq və işə getmək məqsədilə evi tərk etmək mümkündür. Məcburiyyət qarşısında evdən çıxanlar cərimələnməmələri üçün arayış formasını doldurub özləri ilə götürməlidirlər. Karantin qərarı hələlik iki həftə ərzində qüvvədədir.
Xatırladaq ki, martın 14-dən etibarən ölkədə restoranlar, kafelər, kinoteatrlar, idman zalları, yemək məmulatlarından başqa digər kommersiya məntəqələri, kitabxanalar və digər ictimai yerlər, martın 16-dan etibarən isə bağça, məktəb və ali təhsil ocaqları bağlanıb. Ölkə paytaxtında parkların qapıları da karantin müddətində bağlı qalacaq.
Oxu24.com
ŞƏRHLƏR