Rusiya ilə ABŞ arasında nüvə müharibəsi başlasa və silahlı qarşıdurma güclənsə, 90 milyondan insan öləcək və ya yaralanacaq.
“
İndependent” nəşrinin yazdığına görə, bu barədə tədqiqatçılar tərəfindən hazırlanan simulyasiyada göstərilib.
Prinston Universitetinin bir qrup aliminin fikrincə, son iki ildə nüvə müharibəsi ssenarisinin reallaşması ehtimalı yüksəlib.
Universitetin Elm və Qlobal Təhlükəsizlik proqramı çərçivəsində aparılan araşdırmanın nəticələrinə əsasən hazırlanan simulyasiyaya görə, nüvə müharibəsinin başlandığı ilk anda 34 milyon insan öləcək, 57 milyonu isə yaralanacaq. Bura radiasiya nəticəsində uzunmüddətli xəstələnəcək şəxslər daxil deyil.
Tədqiqatçıların fikrincə, Rusiya ilə NATO arasında müharibə alovlanması nəticəsində Avropa külə dönəcək.
“Rusiya NATO qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün Kalininqrad şəhəri yaxınlığında yerləşən bazadan nüvə zərbəsi endirəcək. NATO isə havadan taktiki nüvə zərbələri endirəcək”, - deyə tədqiqatçılar bildirir.
Qeyd olunur ki, nüvə silahlarından istifadənin həddi aşılsa, Avropada taktiki nüvə müharibəsi başlayacaq.
“Rusiya NATO bazalarını və irəliləyən qoşunları məhv etmək üçün 300 nüvə başlığı olan orta mənzilli raketləri işə salacaq. NATO isə buna cavab olaraq Rusiyaya 180 nüvə başlığı yönəldəcək və nüvə raket zərbələri endirəcək”.
Tədqiqatçıların qənaətinə görə, daha sonra Vaşinqton və Moskva sualtı qayıqlardan yaşayış məntəqələrinə zərbələr endirəcək, 10-a yaxın şəhərə mərmilər yağdıracaqlar.
Qeyd edək ki, Rusiya və ABŞ “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən çıxıblar. Ekspertlərin fikrincə, tərəflərin müqavilədən çıxması qızğın silahlanmaya gətirib çıxaracaq. Bu isə nüvə müharibəsi riskini artırır.
Xatırladaq ki, 1987-ci ildə ABŞ Prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.
Oxu24.com
ŞƏRHLƏR