Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası rəsmi olaraq açıq elan edilib.
Oxu24.com “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkə Prezidenti Salome Zurabişvili iştirak etmədiyindən iclası parlamentin ən yaşlı deputatı – hakim “Gürcü arzusu” partiyasının nümayəndəsi Lado Kaxadze açıb.
O bildirib ki, Gürcüstan parlamentinin 89 üzvü qeydiyyatdan keçib və bu, parlamentin öz işinə başlamasına imkan verir.
Yeni çağırış parlamenti öz səlahiyyətlərinin tanınması proseduru ilə işə başlayıb. Belə ki, hakim partiyadan iclasda iştirak edən 89 deputat parlamentin səlahiyyətlərinin tanınmasına səs verib.
Müxalif partiyalardan seçilən deputatlar isə iclasa qatılmayıb və yaxın zamanlarda deputat mandatlarından imtina ilə bağlı bəyanat yayacaqlar.
Ölkə qanunvericiliyinə əsasən, yeni seçilmiş 76 deputat parlamentdə iştirak edərsə, qanunverici orqanın ilk sessiyası işə başlaya bilər.
Parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət nümayəndələri və onların tərəfdarları isə paytaxt Tbilisinin Rustaveli prospektində toplaşıb. Həmin prospektdə çadır quran etirazçılar gecəni burada keçirib.
Qeyd edək ki, Gürcüstan parlamentində ümumilikdə 150 mandat mövcuddur. Yeni parlamentin səlahiyyət qazanması üçün isə qanunverici orqan üzvlərinin tam tərkibinin üçdə ikisinin səlahiyyətlərinin tanınması tələb olunurdu. Qanuna əsasən, parlament seçkilərinin nəticəsini tanımaqdan imtina edən və yeni parlamentdə işləmək niyyətində olmadığını bildirən deputatların da səlahiyyəti tanına bilər. Sözügedən deputatlar isə səlahiyyətləri tanındıqdan sonra müvafiq bəyanat yazaraq mandatlarından imtina edə bilərlər. Müxalif deputatların mandatının ləğv edilib-edilməyəcəyinə isə parlament qərar verəcək.
Onu da xatırladaq ki, Gürcüstanda oktyabrın 26-sı keçirilən parlament seçkilərində “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gəlib və parlamentdə 150 yerdən 89-unu qazanıb.
Beş faizlik səs baryerini dörd müxalif partiya da keçib. Belə ki, “Dəyişikliklər naminə Koalisiya” 11,03% səs toplayaraq 19, “Birlik - Milli Hərəkat” 10,17% səslə 16, “Güclü Gürcüstan” 8,81% səslə 14, “Gürcüstan naminə Qaxariya” partiyası isə 7,78% səslə 12 mandata sahib olub.
Buna baxmayaraq, müxalif partiyaların deputatları mandatlarını götürməkdən imtina edir, yeni seçkilərin keçirilməsini tələb edirlər.
ŞƏRHLƏR