Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102845
az

Paşinyan kölgəyə çəkilib

15:2515 Fevral, 2024
158
DÜNYA
  • A

Azərbaycanın dövlət başçısı İlham Əliyevin ölkə parlamentindəki andiçmə mərasimindəki nitqi Ermənistan rəhbərliyini və xüsusilə də baş nazir Nikol Paşinyanı təşvişə salıb.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: "İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa əməl etsəydilər, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər."

O, daha sonra bəyan edib: " Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz.

Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür.

Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq.

Bakıda səslənən nitqdən dolayı Nikol Paşinyanın xofu o səviyyəyə çatıb ki, həmişəkindən fərqli olaraq bu dəfə özü yox, mətbuat katibi Nazeli Baqdasaryan cavab verib.

Rəsmi Bakının açıqlamalarına daim mücərrəd, reallıqdan uzaq, demaqogiya ilə zəngin ifadələrlə cavab verməyə çalışan N.Paşinyan kölgəyə çəkilməyə qərar verib.

Lakin N.Baqdasaryanın bəyanatı da konstruktivlik, məntiq və reallıqdan çox uzaq oldu.

Onun dediyinə görə, "Ermənistan ərazi bütünlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması ilə bağlı Bakı ilə əldə edilmiş anlaşmalara sadiqdir".

Halbuki Ermənistan fasiləsiz olaraq Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib və əfsuslar olsun ki, rəsmi İrəvanın "sülhməramlı" bəyanatlarına rəğmən, indi də belədir.

N.Baqdasaryan Facebook səhifəsində yazıb: "Azərbaycan regionda düşmənçilik strategiyasını dərinləşdirməyə davam edir ki, bu da daimi destabilizasiya təhlükəsini ehtiva edir. Bəyan edirəm ki, Ermənistanın qanunvericiliyi Ermənistanın daxili işilir və heç biri kənar qüvvənin ölkəmizin daxili işlərinə qarışmaq hüququ yoxdur. Ərazi iddialarına gəldikdə, Ermənistan beynəlxalq müstəvilərdə Azərbaycanla əldə olunan və Almata bəyannaməsi əsasında bir-birimizin ərazi bütövlüyünün tanınması, həmin bəyannamə əsasında ölkələrimiz ərasındakı sərhədin delimitasiyası ilə bağlı işlərin aparılması, suverenlik, hüquq, bərabərlik və qarşılıqlıq prinsipləri əsasında regional kommunikasiyaların açılması ilə bağlı əldə edilmiş razılaşmalara sadiqdir".

N.Baqdasaryan ölkəmizi "aqressiv ritorika yürüdərək razılaşmaları pozmaq"da, "Ermənistanın 31 kəndinin həyati önəm daşıyan ərazilərini işğal etmək"də ittiham edib.

O, Ermənistanın qoşunları 1991-ci il sərhədlərindən geri çəkməyi təklif etdiyini xatırladıb.

"Sülh sazişinə gəldikdə isə, Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sənəd layihəsində razılaşdırılmış bənd var ki, ona görə, tərəflərdən hər hansı biri bu sənədin hansısa şərtini yerinə yetirməkdən boyun qaçırmaq məqsədilə öz qanunvericiliyinə istinad edə bilməz. Təkrar edirəm: Ermənistan və Azərbaycan bu məsələdə artıq razılaşıblar. Rəsmi Bakının açıqlamaları anlaşmaya ziddir", - N.Baqdasaryan yazıb.

Beləliklə, Nikol Paşinyanın mətbuat katibinin açıqlamasına, əslində Paşinyanın özünün bəyanatına nəzər salaq.

"Ermənistan qanunvericiliyi Ermənistanın daxili işidir" ifadəsi yanlışdır. Çünki bu qanunvericilikdə başqa dövlətlərə, konkret halda Azərbaycana qarşı ərazi iddiaları yer alırsa, bu, artıq ermənilərin daxili işi yox, Azərbaycana qarşı təhdid və yeni savaşa başlamaq üçün səbəb, yəni "casus belli"dir.

Əgər Ermənistanın mövcud qanunvericiliyi İrəvanın beynəlxalq müstəvidə imzaladığı anlaşmalarla və razılaşmalarla ziddiyyət təşkil edirsə, onda qanunvericilik İrəvanın imzaladığı və ya razılaşdığı anlaşmalara uyğunlaşdırılmalıdır.

"Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" tipli bəyanatlarla çıxış edərək Konstitusiyanı preambulasında Azərbaycana qarşı ərazi iddiasının yer almasını "normal" saymaq olmaz.

İrəvan "Azərbaycan müntəzəm olaraq anlaşmaları pozur, aqressiv ritorika ilə çıxış edir, güc tətbiqi ilə hədələyir" deyir. Bəs yaxşı, fevralın 12-də Zəngilan rayonundakı mövqelərimizin snayper atəşinə tutulmasını və sərhədçimizin yaralanması nədir? Kim aqressiv davranır, güc tətbiq edir?

Ölkəmiz "Ermənistanın 31 kəndinin həyati önəm daşıyan ərazilərini işğal etmək"də suçlanır. Halbuki Ermənistan Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı, Xeyrimli kəndlərini və Kərki kəndini (Naxçıvan) hələ də işğal altında saxlayır. Bu kəndlərin sakinləri etnik təmizləmələrə, qətllərə, işgəncələrə məruz qalıblar, doğma yurd-yuvalarından didərgin salınıblar.

"Həyati önəm daşıyan ərazilər" ifadəsinə gəldikdə isə, biz də bəyan edirik: Ermənistan hazırda Azərbaycanın 60-dan artıq kəndinin həyati önəm daşıyan ərazilərini işğal altında saxlayır.

1991-ci ilin sərhədlərini 30 il sərasər tanımayan, Azərbaycan ərazilərinin 20 faizini işğal etmi Ermənistanın indi "qoşunların geri çəkilməsi" tələbi ilə çıxış etməyə heç bir hüququ yoxdur.

Sabiq müdafiə naziri David Tonoyanın "yeni müharibə yeni ərazilər deməkdir!" bəyanatı ilə çıxış etməsini unutmamışıq. Ermənistanda hazırda qisasçı və revanşist təmayüllərin sürətlə gücləndiyini nəzərə alsaq, bu süni yaradılmış ölkənin "sülhməramlı" bəyanatlarına zərrə qədər inam yoxdur və olmamalıdır.

Çünki Ermənistan Azərbaycana qarşı ərazi iddialarının olmadığını sözdə yox, əməldə sübut etməlidir. Bunun üçünsə Nikol Paşinyan administrasiyası Azərbaycana qarşı aşkar ərazi iddiasının yer aldığı Konstitusiyaya dəyişikliklər etməli, işğal altındakı 8 kəndimizi azad etməli, 1991-ci il sərhədlərinə görə Azərbaycan ərazisi olan torpaqlardan qoşunları çıxarmalıdır.

Ən nəhayət, hələ imzalanmamış, müzakirəsi aparılan sülh sazişinin ilkin variantı ilə bağlı qapalı məlumatların açıqlanması razılaşmaların pozulması ilə yanaşı, diplomatiyaya və siyasət qanunlarına kökündən zidd olmaqla yanaşı, danışıqlar prosesinə ağır zərbə vura biləcək davranışdır.

Nikol Paşinyan bu dəfə mətbuat katibini önə çəkərək onun vasitəsilə Bakıya gavab verməyə çalışdı.

Amma həmişə olduğu kimi, cavabı çox absurd, saxta və yalan oldu.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstan parlamentində yenə dava düşdü - VİDEO
Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar
FTX-dən ƏMƏLİYAT: gənc terrorçuların evindən görün nələr çıxdı