2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində sarsıdıcı zərbə alan, ordusu darmadağın edilən Ermənistan yenə də öz xislətindən əl çəkmir.
OXU24.COM bildirir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, İrəvan xarici havadarlarının dəstəyi və təhriki ilə yenidən təxribatlar törətməyə başlayıb, lakin bu davranış onlara heç də xoş gələcək vəd etmir.
Milli Məclisin üzvü söyləyib ki, fevralın 12-də baş verənlər, Azərbaycan sərhədçisinin Ermənistan tərəfindən snayperlə vurulması İrəvanın növbəti məqsədyönlü təxribatıdır:
“Bu hadisə birbaşa sülh prosesinə, iki ölkə arasında münasibətlərin normallaşmasına ciddi zərbədir. Bunun da günahkarı təkcə Ermənistan deyil, eyni zamanda Qərb, o cümlədən ABŞ və Avropadır. Çünki son aylar məhz Qərbin sərgilədiyi mövqe birbaşa regionda yenidən müharibənin başlanmasına hesablanıb”.
Deputat bildirib ki, Ermənistan hazırda məhz Avropa İttifaqı (Aİ) missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır.
“Aİ missiyasının genişləndirilməsi, Ermənistanın Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlar alması, Parisin İrəvanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb. Bir müddət öncə Avropa məmurlarının Ermənistana gəlməsi, Fransa generalının Ermənistana səfəri və Azərbaycanla şərti sərhəddə peyda olması, “binokl diplomatiyası” diqqətdən yayınmamalıdır. Bütün bunlar, o cümlədən, ABŞ instruktorlarının Ermənistanda çalışması, Çex Respublikası vətəndaşı olan casusun Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanması və digər faktlar ekspertlər tərəfindən Ermənistanın hərbi əməliyyatlara hazırlanmasına işarə edirdi. Mediada Ermənistanın şərti sərhəddə əməliyyat həyata keçirərək uğur qazanmağa çalışacağı barədə xəbər də yayılmışdı. Yəni bu sadalananlar fevralın 12-də düşmən ölkə tərəfindən törədilən təxribatın bəlli bir hazırlıq planının tərkib hissəsi olduğunu deməyə əsas verir”, - deyə V.İskəndərov vurğulayıb.
Parlamentari onu da əlavə edib ki, baş verənlər Cənubi Qafqazda daimi dincliyin, sabitliyin olmasını istəməyən Qərbin bəlli dairələrinin, o cümlədən ABŞ və Fransanın məkrli qanlı planlarının tərkib hissəsidir:
“Dünyanın müxtəlif nöqtələrində münaqişə ocaqları, müharibələr yaradan Qərb ölkələri Cənubi Qafqazı da öz qanlı cinayətlərinin qurbanına çevirmək istəyirlər. Lakin Azərbaycan dövləti, Azərbaycan Ordusu bütün təxribatlara cavab verməyə hazır və qadirdir. Odur ki, Ermənistan və onun xarici havadarları bir daha yaxşı-yaxşı düşünsünlər”.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.
DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin bir gün əvvəl törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.
Oxu24.com
ŞƏRHLƏR