Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98869
az

“Kişiliyə pis təsir edən peyvənd” xofu

10:1903 Dekabr, 2023
261
CƏMİYYƏT
  • A

Uşaq vaxtı, yəni yayda maykalı gəzən dövrümüzdə bir dəfə fikir verdim ki, tay-tuşlarımın hamısının sol çyinindən bir qarış aşağıda nəsə bir çapıq var, damğaya da oxşayır, şüşə kəsiyinin yerinə də.

Böyüklərdən soruşdum, dedilər, bu, peyvəndin izidir, lap körpə vaxtı qızılcaya qarşı vururlar, siz yekəldikcə, onun yeri də yekəlir.

"Peyvənd" kəlməsi ilə ilk tanışlığımız belə başlandı. Ancaq onunla bitib getmədi, vaxtaşırı kəndin xəstəxanasından tibb bacıları gəlir, bizə müxtəlif xəstəliklərə qarşı peyvənd vurub gedirdilər. Yayınmaq, peyvəndləmə kampaniyasından boyun qaçırmaq mümkün deyildi. Buna imkan da vardı, doğma bibim tibb bacısıydı və bizi çox istəyirdi, əgər bu lazımlı bir şey olmasa, vurmazdı.

Ancaq nə o, belə bir şey edirdi, nə də ona "bizim uşağa peyvənd vurma, vurmuş kimi yaz, getsin" deyən yox idi.

Ümumiyyətlə, o vaxtın valideynləri çox məsuliyyətli idilər, özləri uşaq olanda epidemiyalar (malyariya, difteriya-filan) görmüşdülər deyə, sovet hökumətinin peyvəndləmə vasitəsilə epidemiyaların kökünü kəsməsindən məmnun idilər və heç ağıllarına da gəlmirdi ki, bu, Moskvanın məkrli siyasətidir, uşaqları peyvəndləyib qısırlaşdırırlar, gələcəkdə iqtidarsız olmalarına çalışırlar və s.

Allah tərəfi, Moskva da azman ölkənin ucqarlarındakı kənd-kəsəklərdə gənc nəslə qarşı məkrli siyasət yeritmirdi, əksinə, çalışırdı ki, ailələrdə azı 6, çoxu 10+ uşaq olsun, onlar yekəlsinlər, qızlar tarlalarda işləsinlər, oğlanlar əsgərliyə gedərək dünyanın ən böyük ordusunun hərbi hissələrinin kazarmalarını doldursunlar, tikinti batalyonlarında sovet zəhmətkeşləri üçün mikrorayon tiksinlər, hərbi xidmətdən sonra qalıb və bir yerli qız da alıb sovet dövlətinin demoqrafik siyasətinə töhfə versinlər.

Əslində bu da bir növ məkrli siyasət idi, amma nəsil kəsməyi nəzərdə tutmurdu, əksinə, artırmağı hədəfləyirdi. Bu gün Polşa ilə sərhəddəki Köniqsberq (Kalininqrad) şəhərindən ta Yaponiyadan da bir balaca o tərəfdə olan Kuril adalarının Şekotan qəsəbəsinə qədər ucağı-bucağı bilinməyən Rusiyanın istənilən şəhərinə gedək, araşdırma aparaq, məlum olacaq ki, bu şəhərlərdə N qədər ötən əsrin 60-70-80-ci illərində "komsomol putyovkası"yla, ya da öz xətti ilə gəlib məskunlaşan azərbaycanlılar var. Həm də təkcə azərbaycanlılar yox, nə qədər desən, ukraynalı, moldovan, gürcü, erməni, qazax, qırğız, özbək, türkmən, tacik və başqaları.

SSRİ rəhbərliyi onları uşaq vaxtı peyvəndləyərək yekəldib və öz intəhasız ərazisini onlarla məskunlaşdırıb, hazırda onlardan tutulmuş döllərdən əmələ gələn züryətlərin sayı milyonlarla ölçülür və hamısı... rusdur. İçində tək-tək gənc və ya yeniyetmə olar ki, "mənim babam filan millətdəndir" desin - ermənilər xaric.

Dediyim odur ki, sovet dövləti bu peyvənd işinə ona görə ciddi fikir verirdi ki, gələcək nəsillər sağlam olsunlar, qısır olmasınlar.

Namxuda, uşaq vaxtı sol çiyninin endirməsində çapıq gördüyüm adamların içində qısır olanı yoxdur, hamısının 2-3 uşağı, 5-6 nəvəsi var. Şair demişkən, özləri də düşməyiblər ruhdan hələ.

Yəni o vaxtın peyvəndləri o dövrün uşaq və yeniyetmələrinə pis təsir etmədi.

İndi isə vəziyyət dəyişib, baş çönüb. Məktəb yaşlı uşaqların valideynləri düşünürlər ki, bu peyvənd masonların işidir, Amerikanın oyunudur və məqsəd bizim kimi xalqların kökünü təbii yolla kəsməkdir - qısırlaşdıraraq.

Bu fikir ilk dəfə kimin ağlına gəlib, kimlər onu dövriyyəyə buraxıb, tirajlayıb, dilə-ağıza salıb, bilinmir, amma "məkrli iş" məhz budur. Xalqın qəsdinə durmaq belə olur. Peyvənd dozası almamaq üzündən epidemiya başını alıb gedəndə, minlərlə uşağı yataq xəstəsi edəndə (başqa pis nəticələri yazmağa əlim gəlmir), hamının ağlı başına gələcək.

2-3 il qabaq koronavirus pandemiyası zamanı da belə söhbətlər vardı, nə qədər adam qısır və ya iqtidarsız olacağının qorxusundan vaksin vurdurmadı. Bir xeyli adamın bəxti gətirdi, yoluxmadılar və ya yüngül adlatdılar, bəziləri isə sırf vaksin vurdurmadıqlarına görə öldülər. 60-65 yaşlı kişilər vardı, deyirdilər, yox e, əmoğlu, deyirlər, kişiliyə pis təsir edir. Sanki əllərində perspektiv planları vardı, bu yaşdan sonra "komsomol putyovkası" ilə BAM tikməyə gedəcəklər, orada üzüqara qala bilərlər.

Beləcə, köhnə cahillik davam edir və bu millətə nə zaval gəlsə, məhz o cahillik üzündən gələcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi