"Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil".
Oxu24.com xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Qeyd olunub ki, Yeni illə əlaqədar satışa çıxarılan hədiyyəlik qutularla bağlı həm istehsalçıların, həm də istehlakçıların diqqət etməli olduğu məqamlar var: "İstehlakçılar ilk növbədə bilməlidir ki, Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil. Ona görə də vətəndaşların hədiyyə alarkən qida məhsulunun çeşidindən asılı olaraq onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və s. kimi məlumatlara diqqət yetirməsi tövsiyə olunur".
AQTA-dan əlavə edilib ki, indiyədək Yeni il hədiyyələri ilə bağlı Agentliyə hər hansı şikayət və ya müraciət daxil olmayıb: "Əgər vətəndaşlarda hədiyyə qutularında istifadə olunan qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaransa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur".
"Hazırda ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullardan götürülən nümunələr Agentliyin müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bakı şəhəri də daxil olmaqla, Respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır" - deyə, sorğunun cavabında qeyd olunub. Oxu24.com
ŞƏRHLƏR