Məlum pandemiya ilə əlaqədar olaraq bütün dünyada və bizim ölkədə də kütləvi yığıncaqlarla əlaqəli məhdudiyyətlər davam edir. Aylardır davam edən bu narahatedici hal artıq Məhərrəm ayı ərəfəsinə də təsadüf etdi.
Bunu Oxu24.com-a açıqlamasında ilahiyyatçı Bəşir Mansurov deyib.
O bildirib ki, bu kimi kütləvi məclislərdə zəmanət vermək olmur ki, hər şey tam qaydalara uyğun keçəcək:
"Məlumdur ki, hər il Məhərrəm ayında ölkəmizdə minlərlə inanclı insan məscidlərdə kütləvi olaraq toplaşaraq əzadarlıq məclisləri təşkil edərdi. Bu il isə bu formatda məclislərin təşkil olunmasına qadağa qoyulduğu üçün kütləvi əzadarlıq məclisləri də əyani formatdan, onlayn formata keçirildi. Təbii ki, bu hal bir çox inanclı dostları narahat etdi və müəyyən narazılıqlara səbəb oldu.
Bu fikir özü-özlüyündə təqdir olunası fikirdir
Narazılıq edən təbəqə təklif edirdi ki, üstü açıq meydanlarda, stadion və ya böyük məscidlərin həyətlərində xüsusi qaydalara əməl etməklə bu məclislərin təşkil olunmasını həyata keçirmək olar. Təbii ki, bu fikir özü-özlüyündə təqdir olunası fikirdir. Lakin burada nəzərə alınması vacib olan daha önəmli faktorlar var ki, onları qətiyyən gözdən qaçırmaq olmaz. İlk öncə, qeyd edim ki, bu kimi kütləvi məclislərdə zəmanət vermək olmur ki, hər şey tam qaydalara uyğun olacaq. Dəfələrlə şahidi olmuşuq ki, kütləvi mərasimlər zamanı qoyulan ümumi qaydalar bəzən pozulub, idarəetmə nəzarətdən çıxıb və bəzi başqa neqativ hallar yaranıb".
İlahiyyatçı qeyd edib ki, bu işdə mütləq mütəxəssislərin fikrinə əsaslanmalı, səriştəsiz insanlar kimi fikir bildirməkdən uzaq olmalı və ehtiyatı əldən verməməliyik:
"Digər bir önəmli məqam budur ki, bu məclislərə hamı gəlmək istəyəcək və bu da məclislərin giriş-çıxış yerlərində basırıq yaranmasına səbəb ola bilər ki, bu da ciddi təhlükə yaradan amillərdəndir. Təbii ki, bu mövzunu daha geniş müstəvidə müzakirə etmək olar. Lakin qısa olaraq bildirim ki, bu gün müsəlman dünyasının çox böyük nüfuza sahib alimləri də bütün müsəlmanlara tövsiyələrində bildiriblər ki, kütləvi məclislərin qapalı şəraitlərdə keçirilməsinə yol verilməsin, sanitar-gigiyenik qaydalara ciddi riayət olunsun, təhlükə ehtimalı olarsa, ümumiyyətlə, məclislər təxirə salınsın və yerli aidiyyəti qurumların təlimatlarına ciddi şəkildə əməl olunsun.
İslam ağıl, məntiq dinidir və dinimiz hisslərlə, emosiyalar ilə idarə olunmur
Biz də bu fikirdəyik. İslam ağıl, məntiq dinidir və dinimiz hisslərlə, emosiyalar ilə idarə olunmur. Buna görə də düşünürəm ki, çox diqqətli olmalı, bu işdə mütləq mütəxəssislərin fikrinə əsaslanmalı, səriştəsiz insanlar kimi fikir bildirməkdən uzaq olmalı və ehtiyatı əldən verməməliyik. Təbii ki bütün bunlar o demək deyil ki, biz Məhərrəm ayında icra olunan dini ayinlərdən tam olaraq imtina edək, xeyr. Sadəcə, məclislərin formatını dəyişərək onları icazə verilən qaydalar çərçivəsində təşkil etmək və bu məclisləri sosial şəbəkələrin vasitəsilə yayımlamaq lazımdır ki, arzu edən hər kəs istifadə edib faydalana bilsin. Qeyd etməliyəm ki, bu gün də bu iş böyük məscidlərin icmaları tərəfindən yüksək keyfiyyətlə icra olunur".
"Bu gün artıq hamılıqla qəbul etməmiz lazım olan məsələ budur ki, pandemiya ilə əlaqəli müvəqqəti çətinlik dövrünün yaratdığı sıxıntıların daimi olmasını istəmiriksə, gərək yerli qanunverici orqanların və Operativ Qərargahın tövsiyə və qadağalarına ciddi şəkildə əməl edək. Özünü, ailəsini və yaşadığı cəmiyyəti hər cür təhlükədən qorumaq hər bir inanclı şəxsin ilahi vəzifəsidir. Dövlətin vəzifəsi öz vətəndaşlarının sağlamlığını hər cür təhlükədən qorumaqdırsa, biz də inanclı insan kimi bu işdə dövlətimizə hər cür dəstək nümayiş etdirməliyik ki, bu təhlükənin qarşısını birlikdə və yaxın zaman ərzində ala bilək", - Bəşir Mansurov deyib.
Oxu24.com
ŞƏRHLƏR