Daban çatları çox yayılmış problemdir. Kosmetik qüsurdan əlavə belə çatlar ağrı verir, bəzən iltihablaşır və irinləyir.
Daban çatlarının ən yayılmış səbəbi adi gigiyena qaydalarına əməl etməmək və daban dərisinə düzgün olmayan qulluqdur. Ayaqları xüsusilə isti havada hər gün yumaq, daban dərisini vaxtaşırı olaraq ölü hüceyrələrdən təmizləmək, xüsusi ayaq kremi çəkmək lazımdır. Bu sadə tədbirlər daban çatlarının əsas profilaktikasıdır.
Lakin daban dərisini lazım olduqdan artıq pilinq etmək də çox ziyanlıdır. Bu zaman dəri özünü bərpa etməyə çatdırmır və üzərində çatlar əmələ gəlməyə başlayır.
Daban çatlarının digər səbəbləri arasında:
- narahat, dar ayaqqabı və sabo kimi dabanı açıq ayaqqabılar
- ayaq üstə dayanmaq və ya çox gəzməklə bağlı olan iş (bərbər, kassir, kuryer, satıcı və s.)
- vitamin çatışmazlığı (xüsusilə A, E, F vitaminləri)
- şəkərli diabet
- dəmirdefisitli anemiya (qanazlığı)
- mədə-bağırsaq sistemi xroniki xəstəlikləri
- artıq çəki.
Çatlar çox dərindirsə, yara qızarıb və irinləyibsə, mütləq həkimə (dermatoloq və ya cərraha) müraciət edin.
Daha yüngül hallarda tərkibində salisil turşusu olan məlhəmdən, tetrasiklin məlhəmindən istifadə etmək olar. Bu ucuz vasitələr daban çatlarını çox tez sağaldır. Məlhəmlərdən istifadə etdikdən əvvəl ayaqları soda əlavə olunmuş isti suda vanna etmək, quru dərini daban daşı ilə təmizləmək lazımdır. Daha sonra qalın qatla məlhəm çəkilir.
Çaytikanı yağı da daban çatları zamanı çox yaxşı kömək edir.
Oxu24.com
ŞƏRHLƏR