Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18048
az

Bu necə ad günüdür ki, səbəbkarın özü yoxdur -700 bal toplayan Şəhidin günüdür

14:5818 Sentyabr, 2019
1390
CƏMİYYƏT
  • A
 
Bu gün aprel şəhidimiz Müşfiq Orucovun doğum günüdür. Oxu24.com şəhidin həyat yolunu əks etdirən yazını təqdim edir:

Müşfiq Orucov 1994-cü ildə Bakıda doğulub. 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov yüksək bal toplayaraq, Azərbaycan Texniki Universitetinin Avtomatika və kompüter texnikası fakültəsinə qəbul olunub. Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib.  Havalar isinəndə isə axşam saat 19.00-dan səhər 07-yə qədər dondurma sexində çalışırmış.


Modern.az-ın şəhid Müşfiq Orucovla bağlı suallarını anası Aygün Orucova cavablandırıb. Şəhid anası bildirir ki, Müşfiq Orucov uşaqlıqdan savadı, tərbiyəsi ilə öz yaşıdlarından seçilib.  Məktəbi "əla" qiymətlərlə başa vurub, yüksək balla Azərbaycan Texniki Universitetinə qəbul olunub.

“Biz əvvəllər yataqxanada qalırdıq. Müşfiqə deyirdim ki, oğlum, 700 bal topla, onda prezident bəlkə bizə ev verdi”.

Müşfiq bakalavr pilləsini də “əla” qiymətlərlə başa vurub. Anası oğlunun magistraturaya qəbul olunmasını istəsə də, Müşfiq buna razı olmayıb. O, bildirib ki, əgər magistraturaya qəbul olunsa, əsgərliyə gedə bilməyəcək. Müşfiqin anasına verdiyi söz var idi: “Ana, narahat olma söz verirəm ki, əsgərlikdən gəlib magistratura üçün imtahan verəcəm”.  

Lakin Müşfiqi magistraturadan da yüksək zirvə gözləyirdi - Şəhidlik zirvəsi.


Aygün xanım qeyd edir ki, evin hər küncü, hər divarı, keçirdikləri hər dəqiqə, hər an ona Müşfiqi xatırladır.

“Müşfiq böyük-kiçik yeri bilən, az yaşına baxmayaraq, hər kəsin yanında böyük hörmət qazanmış oğul idi”.


Müşfiq Orucov 2015-ci ilin iyul ayının 8-də təntənəli yığıncaqla hərbi xidmətə yola salınıb. Anası deyir ki, Müşfiqi yola salanda özünü tox tutub, ağlamayıb: “Dedim ki, əsgərlikdən qayıtsın, onda sevinc göz yaşlarımı tökərəm”.

Ana nə bilsin ki, ömür boyu oğul həsrəti ilə göz yaşı tökəcək.



Aygün Orucova deyir ki, həftədə bir dəfə Müşfiqlə telefonla danışırmış: “Müşfiq bizdən heç vaxt pul istəmirdi. Əsgərlikdə olduğu müddətdə sadəcə bir dəfə - Yeni il bayramı üçün 10 manat pul istəyib”.
Şəhid anası deyir ki, Müşfiq siqaret çəkmədiyinə görə pula ehtiyacı olmurdu.


Müşfiq qəbul imtahanına hazırlaşan zaman hazırlıq kursunda onunla birgə oxuyan qıza vurulub:

“Universitetə bir qəbul olundular, dərsə də bir gedərdilər. 1-ci kurs bitdi və qızın atası onu istəmədiyi biri ilə evləndirdi. Müşfiq çox pis olmuşdu. Dedim ki, oğlum, sənin hələ yaşın azdı, başqasını sevəcəksən.  Təskinlik versəm də, Müşfiq o qızı unutmurdu. Bunu Müşfiqin dinlədiyi mahnılardan hiss edirdim”.


Müşfiq Orucovun ailəsinə sonuncu zəngi 2016-cı il mart ayının 27-də gəlib. Anası ilə danışanda Aygün xanım hiss edib ki, Müşfiq maşınla harasa gedir. Ana oğlundan ordakı vəziyyəti soruşanda Müşfiq “hər şey qaydasındadır, sakitçilikdir” deyib. Ana israrla soruşsa da, Müşfiq gülərək, “narahat olma ana, poliqona gedirik” deyib.

Aprel ayının 1-də gecə həyəcan siqnalı verilib, əsgərləri səfərbər ediliblər. Aprel ayının 2-si Tərtərin Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə Müşfiq də iştirak edib. Aprelin 3-də isə şəhid olub. Ayın 4-ü artıq atəşkəs elan olunub.


Müşfiqin nənəsi Əntiqə nənə nəvəsini xatırlayanda göz yaşlarını saxlaya bilmədi.

“Tabutunun başına dolanmaq istədim, qoymadılar. Dedim ki:


Müşfiq, yanıram görən yoxdur,

Dərdimi bilən yoxdur.

İtirmişəm bəzəkli Müşfiqimi,

Yerini deyən yoxdur”.


Şəhidin nənəsi deyir ki, Müşfiq əzab-əziyyətlə böyüyən uşaq olub:

“Doyunca yemədi, doyunca gəzmədi, telefon işığına dərs oxudu. Müşfiq çox ailəcanlı uşaq idi. Dərsdən işə, işdən dərsə gedərdi. Ev üzü görmürdü. Hərdən “bala, dostlarını qonaq çağır, oturun, danışıb-gülün” desəm də,  Müşfiq “nənə hara gətirim, bizim evimiz yoxdu axı, biz yataqxanada qalırıq. Bir otaqlı yataqxanamıza necə sığdırım uşaqları” deyirdi”.


Müşfiqin arzuları çox idi, hamısı ürəyində qaldı. Müşfiq əsgər gedərkən nənəsi çox ağlayıb. Sanki hiss edirmiş ki, bu gedişinin geri dönüşü olmayacaq. Onda Müşfiq nənəsinə deyib: “Nənə, niyə ağlayırsan axı, 1 il nədir ki... Günləri say, bir də görəcəksən ki, nəvən yanındadı”.

9 ay səbr edən nənənin gözləri yolda qalıb. Nənəsinə 1 il sonra dönəcəyinə söz verən nəvəsi başqa cür “gəlib”.


Aprel ayının 2-də Lələtəpə və digər ərazilərdə torpaqlarımızın işğaldan azad olunnması xəbərini eşidən, sevincinin həddi-hüdudu olmayan  Aygün xanımın bir yandan da qəlbindəki narahatlıq bitmək bilmirdi.  Şəhid olanlar var idi. Ana iki gecə televizor qarşısından çəkilməyib ki, birdən hansısa xəbəri ötürər...  “Allah,  balamı qoru” deyirmiş. Özünü sakit tutmağa çalışırmış, “oğlum Naftalanda hərbi xidmət keçir, ona bir şey olmaz” deyə fikirləşirmiş, amma ananın qəlbi rahatlıq tapmırmış. Sanki qəlbi ovuc içində sıxılırmış.

Aprel ayının 4-ü Orucovlar ailəsinə qara xəbər verilir: “Oğlunuz Müşfiq Orucov düşmən mərmisinə tuş gələrək şəhid olub”. Və evin tək oğlu bütün ailəni ağlar qoyur.


Ailəsi Müşfiqlə sadəcə telefon əlaqəsi saxlayıb. Müşfiq solaxay olduğuna görə, yazı yazmağa həmişə ərinib, bu üzdən də məktub yazmırmış.

Anası deyir ki, Müşfiqin piano təhsili də var idi. Piano çalarkən sol əlindən istifadə edən Müşfiq müəllimini heyrətə salırmış.


Ailəsi kasıbçılıq, əzab-əziyyət içində böyütmüşdü Müşfiqi, amma anası Aygün xanım deyir ki, heç vaxt qoymurdu ki, Müşfiq yoldaşlarından geri qalsın.


Ailəsi məcburi köçkün kimi yataqxanada yaşadığına görə Müşfiqin böyük bir arzusu var idi: yaxşı işdə işləyib ailəsi üçün ev almaq. Amma bu arzusu da yarımçıq qaldı.


Aygün xanım Müşfiqi uşaqlıqdan gəzintilərə aparar, videolarını çəkərmiş. Sanki bilirmiş ki, bir gün gələcək, oğlunu sadəcə videolardan görə biləcək...


Müşfiqlə ailəsinin axrıncı görüşü 2016-cı ilin yanvar ayında olub. Novruz bayramı ərəfəsində ailəsi yenə yanına getmək istəyib. Amma Müşfiq “narahat olmayın, apreldə dostumun toyu var. Komandirə demişəm, apreldə gələcəm” deyib.

Müşfiq Orucov nənəsinə də, anasına da verdiyi sözə əməl edə bilmədi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu müalicə də icbari tibbi sığortaya daxildir
Qayınana ilə problemi necə həll etmək olar? - ipucuları
Ekspertdən həyəcan təbili: 3 gün ərzində zəlzələ olacaq

İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan xəbər var - FOTOlar

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Nazim Bəydəmirlinin şikayətinə bu tarixdə baxılacaq