Bu məsələdə İslam məzhəblərinin görüşü fərqlidir. Əhli-sünnə məzhəbində dovşan ətini yemək icazəlidir. Bu barədə sünni mənbələrində Peyğəmbərə istinad edilən hədis və davranışlar mövcuddur. Bu hədislərin əksəriyyətində səhabələr Peyğəmbərin dovşan ətini yediyini söyləməsələr də, hər halda onu qadağan etmədiyini də bildirmişlər. Amma şiə məzhəbinə görə, cütdırnaqlı olmayan, yəni tək dırnağı və ya pəncəsi (barmaqları) olan heyvanları yemək haramdır (yalnız at, qatır, ulaq əti məkruhdur). Dovşan da pəncəli heyvan olaraq haram hökmündədir. Şiə mənbələrində ("Vəsailüş-şiə" və s.) dovşan ətinin haram olduğu barədə hədislər mövcuddur. Bəzi şiə hədislərində imamların dovşan ətini məkruh bilmələri, yaxud leş və donuz əti kimi qəti haram bilməmələri barədə hədislər olsa da, tədqiqatçılar bu hədislərin təqiyyə və başqa səbəblər üzündən buyurulduğunu qeyd ediblər. Dovşan ətini haram bilən hədislərin çoxunda onun məsx olunmuş (yəni bir vaxtlar insan olub, sonra Allahın lənəti ilə heyvana dönmüş) canlılardan olduğu vurğulanır.
Oxu24.com
ŞƏRHLƏR