Sabah Azərbaycanda Məhərrəm ayının 10-cu günü - Aşura qeyd olunacaq. Hamını maraqlandıran suallardan biri də odur ki, yenə də məscidlərdə insanlar özlərini döyəcəkmi, başlarını yarıb qan çıxaracaqmı? Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin özü Aşura tədbirlərinə qatılacaqmı?
Oxu24.com bildirir ki, Lent.az-ın bu suallarına QMİ-dən cavab gəldi. Bildirilib ki, QMİ sədri Şeyxülislam sentyabrın 10-da saat 11:00-da qurumun idarəsində qanvermə aksiyasına qoşulacaq. İdarədən bildirildiyinə görə, ən böyük tədbirlər də elə qanvermə ilə bağlı olacaq. Bəs bu prosesə hazırlıqlar nə yerdədir?
Bu sualımıza isə Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyevadan cavab aldıq. Direktor bildirib ki, artıq 16 ilə yaxındır ki, QMİ-nin təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Aşura günü qanvermə aksiyaları keçirilir: "Dinimiz tərəfindən də insanların özünə xəsarət yetirməsi, başqa yolla qan çıxarılması qəbul olunmur. Ona görə də insanlar Aşura günü könüllü qanvermə aksiyalarına qoşulurlar. Bu il qanvermə aksiyası 33 məkanda keçiriləcək. Onlardan 25-i məscid və ziyarətgahlar qalanları isə səhiyyə müəssisələrində təşkil olunacaq. İki bu cür müəssisə Bakı şəhərində, 20 nömrəli poliklinika və 14 nömrəli şəhər xəstəxanasında yerləşir. Bölgələrdə yerləşən Qan Banklarında da aksiyalar olacaq. Gəncə, Mingəçevir, Şirvan, Quba, Lənkəran, Sumqayıt bölmələrində aksiyalar nəzərdə tutulub. Adı çəkilən rayonlarda yerləşən məscidlərdə və 4 mərkəzi rayon xəstəxanasında aksiya olacaq".
Z.Əlmirzəyeva bildirib ki, Mərkəzin briqadaları qanvermə aksiyasına hazırdır. Onun sözlərinə görə, məscidlərdə donor qanvermə kresloları, avadanlıqlar yerləşdirilib: " Səhər tezdən əməkdaşlarımız məscidlərdə qan vermək üçün gələnləri gözləyəcəklər. İlk öncə donorların həkim tərəfindən sorğu və müayinəsi aparılır. Hemoqlobinin səviyyəsi yoxlanılır, qan təzyiqi ölçülür. Xəstəliklərinin olub-olmadığı yoxlanılır. Qeyd edim ki, qan vermək istəyənlərin şəxsiyyət vəsiqələri də yanlarında olmalıdır".
Z.Əlmirzəyeva bildirib ki, bəzən hər hansı bir xəstəliyi olduğunu bilən insanlar da israrla qan verməyə çalışır: "Qan verməyin savab olması prinsipindən çıxış edərək hemoqlobini aşağı olan, əməliyyat keçirən, ürəyinə stend qoyulan insanlar qan vermək istəyir. Qeyd edim ki, əməliyyat keçirən insanlar 4-5 ay ərzində qan verməməlidir. Hepatit virusuna yoluxma təhlükəsinə görə bu insanları qan vermədən uzaqlaşdırılır. Xarici səfərdə olanlar 3 ay müddətində qan verə bilməzlər. Bu tədbirlər qanla yayılan infeksiyaların qarşısını almaq üçündür. Qan verən insanlar tam sağlam olmalıdır. Düzdür, qanvermə zamanı müayinə aparılır amma xəstəliyindən xəbərdar olan insanlar aksiyaya özləri qatılmasa yaxşı olar. Məsələn, sıxlıq yaranmamsı üçün şəkərli diabeti, onkoloji xəstəliyi, virus infeksiyaları olanlar, ürək-damar xəstəliyindən əziyyət çəkənlər donor ola bilməzlər. Hər hansı bir dərman qəbul edən, müalicə alan şəxslər (bura ağrıkəsicilər də daxildir) 72 saat ərzində qan veməməlidir. Eləcə də siqaret çəkən, spirtli içkilər qəbul edənlər qan verəcəkləri müddətdə bu vərdişlərindən uzaq durmalıdır".
İndidən məlum olur ki, sabah qan vermək istəyən xeyli insanlar var və onlar bunun üçün artıq QMİ-yə müraciət də ediblər. İndi ortaya çıxan suallardan biri də budur ki, insanlar qan vermək üçün aksiya keçirilən məkanlara rahat çata biləcəklərmi? Aşura günü yollarda yaranan tıxaclar bu il öz həllini necə tapacaq?
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev açıqladığı məlumata görə, Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini nəzərə alınıb: "Bununla bağlı paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq".
Bildirilib ki, Bakının bütün məscid və ziyarətgahlarının ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq.
Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.
Onu da qeyd edək ki, qadağalar yalnız bununla bitmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da dini ayinlərdə iştirak etmək istəyənlərə xəbərdarlıq edib: "Monitorinqlərdə əgər hər hansı məsciddə fətvadan kənara çıxma halları və yaxud qanun pozuntusu olursa, bununla bağlı müvafiq tədbirlər görülür. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həmin məscidin imamına xəbərdarlıq olunur ki, bunlar təkrar edilməsin".
Əsas mərasimin Aşura günü keçiriləcək mərasimlər olduğunu vurğulayan Komitə sədri bildirib ki, aşura günü ilə bağlı keçirilən mərasimlərdə bəzən qançıxarma, başyarma, zəncirvurma kimi xurafat əlamətləri olan hərəkətlərə yol verilirdi: "Bu hərəkətlər dinimizdə də bəyənilmir. Ona görə bunun əvəzinə Aşura günü ilə bağlı qanvermə aksiyaları keçirilir. Aşura günü Qafqaz Müsəlmanları İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, eyni zamanda ayrı-ayrı dini konfessiyaların nümayəndələri şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə qanvermə aksiyasında iştirak edəcək. Mən də həmin qanvermə aksiyasında iştirak edəcəyəm. Aşura gününü qeyd ölkələrdə Azərbaycan nümunəsi təkrar olunur. Bizim dəyərlərimiz var, İslamda dinlə bağlı mərasimlərimiz də var. Kərbəla hadisəsinin qeyd edilməsi də həmin mərasimlər sırasındadır, Aşura hüzn mərasimidir. Bu mərasimdə vətəndaşların iştirakı insanların öz istəyindən asılıdır. Biz demokratik, azad ölkəyik və dini etiqad azadlığı hər zaman təmin edilir".
Komitə sədri bildirir ki, fətvadan kənara çıxmaq olmaz. Bəs fətvada nələr göstərilib? Fətvanı olduğu kimi diqqətinizə çatdırırıq:
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, hicri 1441-ci ilin başlanğıcı - Məhərrəm ayının Aşura günü sentyabrın 10-na təsadüf edəcək: "Tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura əfsus ki, hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyn (ə) əzadarlığı ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisinə, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır.
Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Dindarlarımız müsəlman tarixində kədərli, lakin şərəf və qürur nümunəsi kimi yer alan Kərbəla faciəsinin, eləcə də İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsini ənənəvi olaraq bu gün də davam etdirirlər.
Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, vətən təəssübü və milli mənafelərimizin təbliğinə ciddi çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir, İmamın (ə) və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər Fətvada əks olunan tövsiyələrə əməl etməlidirlər. Din xadimləri isə Qazılar Şurasının və Elmi-Dini Şuranın Fətvasını məscidlərdə oxumalı və qeyd olunan tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.
QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn (ə) xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanıb. Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcək. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Ümid edirik ki, möminlər Allaha xoş gedən bu gözəl ənənəni yaşadacaqlar və Allah-Təala minlərlə xəstə insana İmam Hüseynə (ə) xatir şəfa bəxş edəcək.
Bu gün Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Ölkə müsəlmanları olaraq bu böyük nemətə görə Allah-Təalaya şükürlər edir, din xadimlərimizi və dindarlarımızı respublikadakı mövcud sabitliyin qorunmasına, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırırıq. Din xadimləri və dindarlar isə hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmalıdırlar.
QMİ, məzhəbindən asılı olmayaraq ölkə müsəlmanlarına İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ və Xocalı şəhidlərinin də ruhlarına dualar etməyi tövsiyə edir".
Sonda onu da bildirək ki, Aşura günü dini ayinlərə gedərkən kiçik yaşlı uşaqların aparılmamsı da tövsiyə edilir. Oxuduğunuz yazının fotosundan göründüyü kimi, bəzi valideynlər Aşuraya azyaşlı uşaqları ilə gedirlər. Oxu24.com
ŞƏRHLƏR