Qaynar xətt:

(+99450) 247 90 86

Milli Məclisdə mühüm qərar: Yeni rütbələr nəyi dəyişəcək? —  AÇIQLAMA

Milli Məclisdə mühüm qərar: Yeni rütbələr nəyi dəyişəcək? —  AÇIQLAMA

CƏMİYYƏT

158

19.10.2026, 18:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin oktyabrın 16-da keçirilən iclasında "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul olunub. Dəyişikliyə əsasən, hərbi xidmətə görə ehtiyatda olan və tibb xidməti sahəsində vəzifəyə təyin edilən hərbi qulluqçulara penitensiar xidmət üçün nəzərdə tutulan xüsusi rütbələrin verilməsi qaydaları tənzimlənir.

Yeni layihə ilə hərbi qulluqçular tibb xidməti işçilərinin tərkibinə daxil edilir və onların xidmət keçəcəyi qurumların hüquqi çərçivəsi dəqiq müəyyənləşdirilir. Bu addım hərbi tibb personalının hüquqi statusunu möhkəmləndirməklə yanaşı, sahə üzrə idarəetmənin və kadr siyasətinin daha səmərəli qurulmasına imkan yaradacaq.

Hüquqi müəyyənliyin artması təcrübəli mütəxəssislərin sistemdə saxlanılmasına və ehtiyatda olan təcrübəli zabitlərin hərbi tibb sahəsinə cəlb edilməsinə güclü təkan verəcək. Eyni zamanda, karyera imkanlarının və xidmət şərtlərinin aydınlaşması personalın peşəkar motivasiyasını yüksəldərək ordunun tibbi təminat sisteminin davamlılığını təmin edəcək. Nəticədə, bu islahat yalnız inzibati xarakter daşımayıb, ölkənin müdafiə və təhlükəsizlik sisteminin ümumi döyüş qabiliyyətinin artırılmasına xidmət edir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Anar Şuşalı bildirib ki, müasir ordunun döyüş qabiliyyəti yalnız silah-sursat, texnika və şəxsi heyətin hazırlığı ilə ölçülmür:

"Bu sistemin mühüm elementlərindən biri də hərbi tibb xidmətidir. Döyüş meydanında yaralının vaxtında tibbi yardım alması, onun təxliyəsi, müalicəsi və sonrakı reabilitasiyası hərbi əməliyyatların nəticəsinə birbaşa təsir göstərən amillərdəndir. Buna görə də hərbi tibb personalının hüquqi statusunun dəqiq müəyyənləşdirilməsi sırf inzibati məsələ deyil, həm də müdafiə və təhlükəsizlik sisteminin davamlılığı baxımından əhəmiyyətlidir”.

Ekspertin sözlərinə görə, Milli Məclisin 16 oktyabr tarixli iclasında Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Layihənin əsas istiqamətlərindən biri ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi və həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsidir. Sənəddə Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulan xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də tətbiqi təklif olunur.

Bu yanaşmanın ilk mühüm nəticəsi xidmət statusunda hüquqi müəyyənliyin artırılması ola bilər. Hərbi tibb sahəsində çalışan mütəxəssis öz vəzifəsinin, rütbə perspektivinin və xidmət mexanizminin hansı hüquqi çərçivədə müəyyənləşdirildiyini aydın şəkildə bilməlidir. Hüquqi status nə qədər dəqiq olarsa, xidmət münasibətlərində qeyri-müəyyənlik də bir o qədər azalır.

Anar Şuşalı qeyd edib ki, hərbi tibb personalının motivasiyasına yalnız əməkhaqqı deyil, xidmətin gələcək perspektivləri də təsir edir:

“Xüsusi rütbə mexanizminin qanunvericiliklə müəyyənləşdirilməsi bu baxımdan mühüm amil ola bilər. Rütbə hərbi və xüsusi xidmət sistemlərində yalnız fərqləndirici nişan deyil. O, müəyyən mənada şəxsin xidmət yolunun, peşəkar inkişafının və dövlət qarşısındakı xidmətinin tanınmasının göstəricisidir. Bu baxımdan tibb sahəsində çalışan hərbi qulluqçu üçün karyera pillələrinin daha aydın görünməsi onun uzunmüddətli xidmətə marağını artıra bilər.

Xüsusilə ehtiyatda olan zabitlərin və hərbi təcrübəyə malik tibbi mütəxəssislərin sistemə cəlb olunması baxımından bu məsələ əhəmiyyətlidir. Çünki hərbi təcrübəsi olan həkim və digər tibb mütəxəssisi həm tibbi biliklərə, həm də hərbi mühitin xüsusiyyətlərinə bələd olur”.

Ekspert həmçinin vurğulayıb ki, belə kadrların xidmətə cəlb edilməsi isə müəyyən hazırlıq xərclərini və uyğunlaşma müddətini azalda bilər. 

“Hərbi tibb sahəsində kadr siyasətinin əsas məsələlərindən biri ixtisaslı mütəxəssislərin sistemdə saxlanılmasıdır. Tibbi kadrların hazırlanması uzun illər tələb edir. Həkimin ali təhsil alması, ixtisaslaşması və peşəkar təcrübə toplaması uzunmüddətli prosesdir. Buna görə də dövlət üçün hazır mütəxəssisin sistemdə saxlanılması yeni kadr yetişdirmək qədər vacibdir. Hüquqi statusun dəqiqləşdirilməsi bu baxımdan kadrların uzunmüddətli planlaşdırılmasına imkan yarada bilər. Xidmətə qəbul, rütbə, vəzifə və karyera ardıcıllığının daha aydın müəyyənləşdirilməsi hərbi tibb sistemində peşəkar inkişaf modelinin formalaşmasına şərait yaradar”,- deyə Anar Şuşalı bildirib. 

Ekspert diqqətə çatdırıb ki, digər tərəfdən, ehtiyatda olan hərbi qulluqçuların tibb xidmətinə cəlb olunması kadr rezervinin formalaşdırılması baxımından da əhəmiyyətlidir. Bu, xüsusilə fövqəladə vəziyyət, səfərbərlik və genişmiqyaslı hərbi əməliyyatlar zamanı tibbi personal ehtiyacının sürətlə qarşılanmasına imkan verən mexanizmlərdən birinə çevrilə bilər:

“Ordunun tibbi təminatı yalnız hospital və klinikaların fəaliyyəti ilə məhdudlaşmır. Buraya döyüş bölgəsində ilkin tibbi yardım, yaralıların təxliyəsi, hərbi hospital sistemi, reabilitasiya, tibbi logistika və epidemioloji təhlükəsizlik kimi çoxsaylı istiqamətlər daxildir. Bu sistemdə çalışan insanların hüquqi statusunun dəqiq müəyyənləşdirilməsi idarəetmənin daha səmərəli qurulmasına kömək edə bilər. Xidmət edən şəxsin hansı statusa malik olması, hansı rütbə sisteminə daxil edilməsi və hansı karyera mexanizmi üzrə irəliləməsi əvvəlcədən müəyyən olunarsa, tibb xidmətinin təşkilində də vahid yanaşma formalaşır. Bu isə nəticə etibarilə hərbi tibb anlayışının ayrıca və peşəkar xidmət istiqaməti kimi gücləndirilməsinə xidmət edə bilər”.

Müsahibimiz, hərbi həkimin adi tibb müəssisəsində çalışan həkimdən fərqli şəraitdə fəaliyyət göstərdiyini də qeyd edib. Onun sözlərinə görə, onun işi yalnız xəstənin müalicəsi ilə bitmir. Hərbi nizam-intizam, sahə şəraiti, təhlükəsizlik tələbləri, yaralıların kütləvi şəkildə qəbul edilməsi, təxliyə və döyüş şəraitində tibbi qərarların verilməsi xüsusi hazırlıq tələb edir. Bu səbəbdən hərbi tibb personalının hüquqi statusunun möhkəmləndirilməsi onların həm hərbi, həm də tibbi hazırlığının paralel inkişaf etdirilməsinə stimul verə bilər:

“Gələcək kadr siyasətində tibbi ixtisasla yanaşı, hərbi-taktiki tibbi hazırlığın, təxliyə bacarıqlarının və fövqəladə vəziyyətlərdə fəaliyyət qabiliyyətinin artırılması daha böyük əhəmiyyət daşıya bilər.Bu dəyişikliklərin uzunmüddətli perspektivdə başqa bir nəticəsi də tibb mütəxəssislərinin dövlət xidmətinə cəlb olunması üçün daha cəlbedici şəraitin yaranması ola bilər. Müasir dövrdə yüksəkixtisaslı həkimlər üçün yalnız əməkhaqqı deyil, karyera imkanları, xidmət statusu, sosial təminatlar və peşəkar inkişaf imkanları da mühüm rol oynayır. Xüsusi rütbə və xidmət mexanizminin hüquqi baxımdan aydınlaşdırılması dövlət xidmətinin üstünlüklərinin daha sistemli şəkildə təqdim edilməsinə imkan verə bilər”.

Anar Şuşalı vurğulayıb ki, burada əsas məsələ yalnız yeni rütbələrin verilməsi deyil. Rütbə mexanizmi real karyera imkanları, ədalətli qiymətləndirmə, peşəkar hazırlıq və sosial təminatla tamamlandıqda onun motivasiyaedici təsiri daha güclü olur:

“Milli Məclisin müzakirəsində də vurğulandığı kimi, dəyişikliklərin məqsədlərindən biri ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi və xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsidir. Bu baxımdan layihəni yalnız rütbə verilməsi məsələsi kimi qiymətləndirmək düzgün olmazdı. Burada daha geniş proses müxtəlif xidmət istiqamətlərində hüquqi statusların uyğunlaşdırılması və idarəetmədə hüquqi müəyyənliyin artırılması prosesi görünür”.

Ekspert əlavə edib ki, hərbi tibb personalının hüquqi statusunun dəqiqləşdirilməsi ilk baxışda texniki xarakterli qanunvericilik dəyişikliyi təsiri bağışlasa da, onun uzunmüddətli nəticələri daha geniş ola bilər. Bu addım düzgün icra mexanizmləri ilə müşayiət olunarsa, hərbi tibb personalının xidmət motivasiyasının yüksəldilməsinə, ehtiyatda olan ixtisaslı zabit və mütəxəssislərin sistemə cəlb edilməsinə, kadrların saxlanılmasına və karyera planlaşdırılmasının təkmilləşdirilməsinə şərait yarada bilər.

Sonda Anar Şuşalı bildirib ki, ən başlıcası isə hərbi tibb xidmətinin ordunun ümumi döyüş hazırlığının ayrılmaz hissəsi kimi daha sistemli şəkildə inkişafına zəmin yarada bilər. Çünki müasir orduda döyüş qabiliyyəti yalnız hücum və müdafiə imkanları ilə deyil, həm də yaralının həyatını xilas etmək, onu təhlükəsiz şəkildə təxliyə etmək və mümkün qədər tez xidmətə qaytarmaq qabiliyyəti ilə ölçülür:

“Bu mənada hərbi tibb personalına verilən hüquqi təminat yalnız həmin mütəxəssisin statusunu müəyyənləşdirmir. O, bütövlükdə ordunun insan resurslarına, tibbi təminatına və döyüş dayanıqlığına qoyulan investisiyadır". 

Çimnaz Telmanqızı