Qaynar xətt:

(+99450) 247 90 86

Əməkdar mədəniyyət işçisi: Nazirlər Kabinetinin bu qərarına...

Əməkdar mədəniyyət işçisi: Nazirlər Kabinetinin bu qərarına...

CƏMİYYƏT

194

12.10.2026, 15:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əminə Məlikova: Milli geyimimizi qoruyaq, məktəb qaydalarına əməl edək

Mən vahid məktəbli formasını dəstəkləyir və Nazirlər Kabinetinin qərarını alqışlayıram. Hesab edirəm ki, geyimlə bağlı ümumi tələblər uşaqların diqqətini təhsilə yönəltməyə, məktəb qaydalarına hörmət hissini formalaşdırmağa və ailələrin maddi imkanları arasındakı fərqlərin daha az nəzərə çarpmasına kömək edir.

Bu sözləri Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova Oxu24.com saytına açıqlamasında bildirib.

Əminə Məlikovanın sözlərinə görə,məktəb hər bir uşağın özünü kollektivin bir üzvü kimi hiss etməli olduğu ümumi təhsil məkanıdır.

"Eyni zamanda, bu tələblərin uşaqların və valideynlərin hisslərinə həssaslıqla yanaşılaraq, sakit və hörmətli şəkildə izah edilməsini vacib sayıram. Valideynlər və pedaqoqlar uşaqlara bu qaydaların mahiyyətini anlamaqda kömək etməli, müəllimlər isə müəyyən edilmiş tələblərə hörmətlə yanaşmaqda nümunə göstərməlidirlər.

Uzun illər Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olan və kəlağayının qadınlarımızın gündəlik həyatına qayıtmasına öz töhfəsini vermiş bir insan kimi milli ənənələrimizin qorunmasına xüsusi önəm verirəm. Bu gün gənclərin öz köklərini daha yaxından tanımağa, milli geyim elementlərindən istifadə etməyə maraq göstərdiyini görürük. Bu, bizi sevindirir: mədəni irs həyatımızın bir hissəsinə çevrildikcə yaşamağa davam edir",-deyə o bildirib.

Əminə Məlikovanın sözlərinə görə, Azərbaycan milli geyimi parçaları, çoxqatlı quruluşu, baş geyimləri və bəzəkləri ilə olduqca zəngindir.

Milli geyim dəstindən gündəlik həyatda istifadə etmək hər zaman rahat olmasa da, istərdim ki, hər bir qadının belə bir geyimə sahib olmaq imkanı olsun. Milli geyimdə keçirdiyimiz hissləri sözlə ifadə etmək çətindir: əvvəlki nəsillərlə xüsusi bir bağlılıq duyuruq. Kəlağayı isə bu bağlılığı müasir geyimimizdə də yaşatmaq üçün gözəl bir vasitədir.Bu baxımdan, qərarda tariximizə, mədəniyyətimizə və milli-mənəvi dəyərlərimizə həsr olunmuş məktəb tədbirlərində Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə imkan verilməsini də alqışlayıram.Mənim üçün bu, ardıcıl bir yanaşmadır: gündəlik məktəb həyatında vahid geyim formasına riayət edir, müvafiq mədəni tədbirlərdə isə uşaqları milli geyimimiz və onun mənası ilə tanış edirik. Beləliklə, həm məktəbdə ümumi qaydalara hörmət, həm də mədəniyyətimizə, ənənələrimizə və bir-birimizə ehtiram hissini aşılayırıq.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Milli Xalça Muzeyinin rəhbəri kimi Nazirlər Kabinetinin bu qərarına böyük hörmət, həssaslıq və anlayışla yanaşıram.

Hesab edirəm ki, burada ən vacib məsələlərdən biri qərarın mahiyyətini əvvəlcə özümüzün düzgün anlaması, sonra isə onu hər bir uşağa yaşına uyğun, aydın və savadlı şəkildə çatdırmağımızdır. Muzeylərin əsas funksiyalarından biri də təhsil və maarifləndirmə olduğuna görə, qaydaların məqsədini uşaqlara düzgün izah etməyin nə qədər mühüm olduğunu yaxşı anlayırıq.Azərbaycanda hər zaman müxtəlif millətlərin və konfessiyaların nümayəndələri birgə yaşayıblar. Ölkəmizdə bütün dinlərə böyük hörmətlə yanaşılıb, qarşılıqlı ehtiram və tolerantlıq cəmiyyətimizin mühüm dəyərlərindən biri olub. Məktəb də uşaqların ailələrinin sosial vəziyyətindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq bir araya gəldiyi və eyni məqsədə — bilik əldə etməyə xidmət etdiyi məkandır.Mən öz uşaqlıq illərimi çox yaxşı xatırlayıram. Mənim nəslimdən olan insanlar yaxşı bilirlər ki, biz hamımız orta məktəbə vahid məktəbli formasında gedirdik. Müəyyən yaşa çatanda biz qızlar sırğa və ya kiçik bəzək əşyaları taxmaq istəyirdik, lakin məktəbdə buna icazə verilmirdi. Məktəbə daxil olarkən hamımız anlayırdıq ki, bura bilik məbədidir. Biz burada vahid bir kollektivin üzvləri idik və eyni məqsədə xidmət edirdik: bilik almaq, öyrənmək və bir-birimizə hörmət etmək.

Əminə Məlikova qeyd edib ki, Əlbəttə, biz müxtəlif sosial imkanlara malik ailələrdən gəlirdik, lakin məktəbli forması aramızdakı bərabərliyin rəmzi idi. O, diqqətimizi geyimə, zinət əşyalarına və zahiri fərqlərə deyil, dərslərə və bilik əldə etməyə yönəldirdi. Bu gün mənim sinif yoldaşlarım müxtəlif ölkələrdə yaşayırlar və hər biri dini və milli mənsubiyyətindən, yaxud yaşadığı coğrafiyadan asılı olmayaraq cəmiyyətdə öz layiqli yerini tutub. Biz hələ də əlaqə saxlayır və hamımızın məktəbdə eyni formada göründüyü köhnə şəkillərimizə böyük hərarətlə baxırıq.O, illərdə müəllimlərimizin geyimində də sadəlik, təmkin və ümumi məktəb etikası hiss olunurdu. Müəllimin peşəkarlığı yalnız xarici görünüşü ilə müəyyən edilməsə də, uşaqlar onun həm davranışından, həm də geyimindən nümunə götürürlər. Buna görə müəllimin geyimi səliqəli, sadə və tədris mühitinə uyğun olmalı, uşaqların diqqətini təhsil prosesindən yayındırmamalıdır.Yeddi yaşdan on yeddi yaşadək olan dövr gənc insanın şəxsiyyətinin, dünyagörüşünün və dəyərlərinin formalaşdığı son dərəcə mühüm mərhələdir. Bu illərdə uşağın bütün diqqəti dərslərə, məktəbdə tədris olunan fənlərin öyrənilməsinə və biliklərinin inkişafına yönəlməlidir. Məktəbdən kənarda, ictimai və sosial mühitdə hər kəs öz zövqünə və seçiminə uyğun geyinə bilər. Məktəbin isə öz qaydaları, öz etikası və bütün şagirdlər üçün ümumi olan tələbləri vardır. Məktəb məktəbdir və onun əsas məqsədi uşağa bilik, tərbiyə və qarşılıqlı hörmət dəyərləri aşılamaqdır.

Turan Etibaroğlu