Yatmaqla bağlı iki mühüm göstəriş vardır: yatmazdan əvvəl dəstəmaz almaq və arxası üstə yaxud sağ böyrü üstə üzü qibləyə sarı uzanmaq. Dəstəmazlı halda yatmaq şəriətimizdə müstəhəb sayılan əməllərdəndir. Peyğəmbərimiz (s) buyurmuşdur ki, hər kim pak halda (dəstəmaz və ya qüsl alaraq) yatsa, bütün gecəni oyaq qalıb ibadət etmiş kimidir (Biharül-ənvar, 76-cı cild, səh. 181).
Arxası üstə yatmaq hədislərdə peyğəmbərlərin yatış tərzi kimi göstərilir. Üzü qibləyə sarı yatmaq da möminə yaraşan xüsusiyyət sayılır, mömin sağ böyrü üstə, üzü qibləyə sarı yatar (bax: Biharül-ənvar, 76-cı cild, səh. 186-187). Qeyd edək ki, dəfn zamanı qəbrin içində cənazəni də bu şəkildə yerləşdirirlər. Sağ böyrü üstə, üzü qibləyə sarı yatmağın rəmzi mənası budur ki, insan özünü qəbirdəki kimi hiss etsin, yəni əməlləri barədə düşünsün, bu əməllərə görə əvvəla qəbirdə sorğu-sual mələklərinə, daha sonra isə məhşərdə Allah-Təalaya cavab verəcəyini göz önünə gətirsin. Bu vəziyyət insanın məsuliyyət hissini artırır, imanını və təqvasını möhkəmləndirir, onu günahlardan çəkindirir. Oxu24.com
ŞƏRHLƏR