Atası təhsil almasına mane olsa da, Azərbaycan Dillər Universitetinə (ADU) qəbul olan 18 yaşlı Orxan Bağırzadəyə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən yardım ediləcək.
Bu barədə Oxu.Az-a universitetdən məlumat verilib.
"THİK tərəfindən bir semestr boyunca hər ay 100 manat təqaüd, hər ay pulsuz yemək talonları, əlavə maddi yardım veriləcək. ADU-nun oğlanlar üçün yataqxanasında məcburi köçkünlər məskunlaşdığı üçün digər universitetlərin yataqxanasına müraciət ediləcək və yataqxana ödənişinə də THİK kömək edəcək", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, O.Bağırzadə ali məktəbə qəbul olsa da, atası attestatını götürərək onun qeydiyyata düşməsinə mane olmağa çalışıb. Təhsil Nazirliyinin məsələyə müdaxiləsindən sonra məsələ müsbət yöndə həllini tapıb.
O.Bağırzadə Oxu.Az-a açıqlamasında atasının bu addımını ögey bacısının ali məktəbə daxil ola bilməməsi ilə əlaqələndirib. Oxu24.com
ŞƏRHLƏR