Dua - məsum rəhbərlərin (ə) bizə öyrətdiyi gözəl əməllərdən biridir və hətta dini mətnlərimizdə "möminin silahı" təbiri ilə işlədilmişdir. Bir çox hallarda diqqət və ixlasla edilən dua vasitəsilə çətinliklər və sıxıntılar arxada qalır və işlər qaydasına düşür. Ola bilsin ki, dua zamanı bəzilərinin zehnindən belə bir sual keçsin: "Nə üçün duadan sonra əllərimizi üzümüzə çəkirik?"
İmam Sadiq (ə) bu haqda belə buyurmuşdur:
مَا أَبْرَزَ عَبْدٌ یَدَهُ إِلَى اللَّهِ الْعَزِیزِ الْجَبَّارِ إِلَّا اسْتَحْیَا اللَّهُ عَزَّ وَ جَلَّ أَنْ یَرُدَّهَا صِفْراً حَتَّى یَجْعَلَ فِیهَا مِنْ فَضْلِ رَحْمَتِهِ مَا یَشَاءُ فَإِذَا دَعَا أَحَدُكُمْ فَلَا یَرُدَّ یَدَهُ حَتَّى یَمْسَحَ عَلَى وَجْهِهِ وَ رَأْسِهِ
"Əlini Allah-Taalaya doğru qaldıran elə bir bəndə yoxdur ki, Allah-Taala onu əliboş geri qaytarsın və istəklərini Öz lütf və mərhəməti sayəsində qərar verməsin! Elə isə, haçan dua etdinizsə, duadan sonra əlinizi üzünüz və başınıza çəkin." ("Kafi", 2-ci cild, səh.471.)
Oxu24.com maide.az-a istinadən bildirir ki, görkəmli İslam alimi və Quran təfsirçisi Ayətullah Cavadi Amuli bu haqda yazır: "Rəvayətlərə və məsumların (ə) sünnəsinə əsasən, dua üçün əlini göyə qaldıran insanın dua etdikdən sonra əlini üzü və başına sürtməsi müstəhəbdir. Çünki Allahın lütf və mərhəməti bu ələ cavab verir; Allaha doğru uzanan əl, şübhəsiz, boş geri qaytarılmaz. İlahi hədiyyəni qəbul edən əl əziz və giramidir. Buna görə də, nə yaxşı olar ki, dua etdikdən sonra əlimizi üzümüzə və başımıza çəkək! İmam Səccad (ə) yoxsula yardım etidkdən sonra mübarək əlini iyləyər və buyurardı: Bu əl ilahi ələ qovuşub. Çünki Allah-Taala belə buyurub:
...هُوَ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَأْخُذُ الصَّدَقَاتِ...
"...Allah Öz bəndələrindən tövbəni qəbul edər və sədəqəni alar..." ("Tövbə" surəsi, ayə 104;) Oxu24.com
ŞƏRHLƏR