Güclü yanğın BAŞLADI
20 Avqust 2026, 18:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
57
20.08.2026, 18:13
Bakıda fəaliyyət göstərən bəzi kafe və restoranlar bağlanıb. Məlumata görə, “Mytcha” (Tarqovı), “Pivnaya Apteka” (Port Baku), “CEO’s Lounge” (Ağ Şəhər), “Milk Lab” (Ağ şəhər) və “Turco Burrito” (Tarqovı) kimi məşhur məkanlar fəaliyyətini dayandırıb. Bu barədə məlumatı “Tipik İqtisadçı-Ekspert” yayıb.
Oxu24.com xəbər verir ki, bundan başqa, sosial şəbəkələrdə milyonlarla izləyicisi olan iş adamı İlyas Möhnətovun kafesinin də fəaliyyətini dayandırdığı bildirilir. Qeyd edək ki, İ.Möhnətovun ötən günlərdə qadın geyim mağazası da bağlanıb.
Kafe və restoranların ardıcıl şəkildə bağlanması paytaxtda ictimai iaşə sektorunda vəziyyətin necə olduğu ilə bağlı suallar yaradıb. Bəs əsas səbəblər nələrdir? Yüksək icarə haqları sahibkarların fəaliyyətinə nə dərəcədə təsir edir?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, Bakıda bəzi restoran və kafelərin bağlanmasını yalnız müştəri sayının azalması ilə izah etmək olmaz. Onun sözlərinə görə, əsas amillərdən biri xərclərin sürətlə artmasıdır:
“ İcarə haqları, əməkhaqqı, kommunal ödənişlər, ərzaq və digər məhsulların qiymətləri yüksəldikcə restoranların maya dəyəri artır. Xüsusilə şəhərin mərkəzində və prestijli ərazilərdə yüksək icarə xərcləri biznes üçün ciddi yük yaradır.
Digər tərəfdən, müştərinin restoranlara ayırdığı büdcə əvvəlki kimi deyil. Ərzaq və digər gündəlik xərclərin artması insanların gəlirlərinin daha böyük hissəsini zəruri ehtiyaclara yönəltməsinə səbəb olur. Nəticədə restoranda yemək, qəhvə və digər xidmətlərə çəkilən xərclər azala bilir. Restoran üçün isə müştəri sayının nisbətən kiçik azalması belə, yüksək sabit xərclər səbəbindən ciddi maliyyə problemi yarada bilər”.
İqtisadçı vurğulayıb ki, sektorda rəqabət də kifayət qədər güclüdür:
“Bakıda son illərdə kafe və restoranların sayı artıb və müştəri uğrunda mübarizə sərtləşib. Eyni auditoriyaya hesablanan çoxsaylı məkanların olması bəzi obyektlərin kifayət qədər dövriyyə əldə etməsinə imkan vermir. Sosial şəbəkələrdə məşhur olmaq da biznesin mütləq gəlirli olması demək deyil. Tanınmışlıq müştəri axını yarada bilər, amma xərclər gəlirlərdən yüksəkdirsə, belə məkanın uzun müddət fəaliyyət göstərməsi çətinləşir”.
A.Nəsirli əlavə edib ki, digər mühüm məsələ qiymət və keyfiyyət arasındakı balansdır:
“Restoran qiymətləri artırdıqca müştəri daha çox seçim etməyə başlayır və daha münasib qiymətə alternativ məkanlara üz tutur. Buna görə də restoran sahibinin həm keyfiyyəti qoruması, həm qiyməti müştəri üçün məqbul saxlaması, həm də artan xərcləri qarşılamaq üçün kifayət qədər marja əldə etməsi getdikcə çətinləşir.
Ümumilikdə, Bakıda restoranların bağlanmasını ictimai iaşə sektorunda böhrandan daha çox bazarın yenidən formalaşması kimi qiymətləndirmək olar. Xərcləri yüksək, biznes modeli zəif və müştəri axını kifayət qədər olmayan obyektlər bazardan çıxır, daha səmərəli işləyən və qiymət-keyfiyyət nisbətini düzgün quran restoranlar isə fəaliyyətini davam etdirir. Yəni hazırkı proses həm istehlakçı davranışının dəyişməsi, həm də restoran biznesində xərclərin və rəqabətin artması ilə bağlıdır”.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bildirib ki, bir çox hallarda obyektlər təqdimatını yeniləmək və ya rebrendinq etmək məqsədilə fəaliyyət formasını dəyişir, yeni xidmətlər əlavə edir və müvəqqəti olaraq fəaliyyətini dayandıra bilirlər.
O qeyd edib ki, bir obyektin bağlanması əslində digər yeni obyektin yaranması deməkdir:
“Elə ticarət obyektləri olur ki, onlar müəyyən müddət fəaliyyət göstərir, rəqabət nəticəsində müştərilərini itirir, müəyyən iqtisadi problemlərlə üzləşir və ya müştəri bazasının azalması, yüksək icarə haqları səbəbindən fəaliyyətini dayandırırlar. Bu, biznesdə təbii prosesdir. Tanınmış restoran və kafelərin bağlanması yeni fəaliyyətə başlayan kafe və restoranlar üçün bir şansdır ki, onlar mövcud bazarda öz müştərilərini tapsınlar”.
V.Orucun sözlərinə görə, hazırda iaşə obyektlərini işlətmək çox çətindir:
“ Çünki ilk növbədə icarə xərcləri yüksəkdir və qeyd etdiyiniz ərazilərdə bu məbləğlər həddən artıq yüksəkdir. Tanınmış brend obyektlərin, təbii ki, əhali tərəfindən tanınan və prestijli hesab edilən ərazilərdə mövqe tutması daha məqsədəuyğundur. Buna görə də həmin yerlərə yüksək icarə haqqı ödəyərək məhz orada fəaliyyət göstərirlər. Bu da təbii ki, müəyyən ticarət qarşılığı olmadığı halda uzun müddət davam etmir. Bir müddətdən sonra fəaliyyətlərini dayandırmağa məcbur olurlar.
İkincisi, belə obyektləri işlətmək üçün ərzaq məhsullarının, yanacağın və işçi əməkhaqlarının qiymətlərində də çox yüksək artım baş verib. Mövcud durum hər hansı biznesin fəaliyyətini davam etdirməsi üçün çox ciddi maddi bazasının olmasını zəruri edir. Bu baxımdan bir çox obyektin bağlanması normal hadisədir”.
V.Oruc həmçinin mövcud vəziyyətin iqtisadi böhran kimi qiymətləndirilməsinin əleyhinə olduğunu bildirib:
“Çünki Bakı axşamlarında şəhərdəki obyektləri monitorinq etsəniz, görəcəksiniz ki, ümumiyyətlə, boş ticarət və iaşə müəssisəsi tapmaq olduqca çətindir. Əhalinin böyük hissəsi işdən sonra asudə vaxtını belə mərkəzlərdə keçirməyə üstünlük verir. Sadəcə, ola bilər ki, müştərilərin davranışları dəyişib. Prestijli yerlərdə məkanların seçilməsindən daha çox yüksək xidmət göstərən, yaxud məhsullarının keyfiyyətinə görə fərqlənən və yüksək xidmət göstərmək imkanlarına malik obyektlərə üstünlük verilir.
Onu da qeyd etmək olar ki, mövsümi təsirlər də öz rolunu oynayır. Yay aylarında insanlar xaricə üz tutur, daxili bazarlarda müəyyən qədər boşluq yaranır və müştəri bazasının azalması baş verir. Bu prosesi təbii qarşılamaq lazımdır. Bu, köhnə brendlərin sıradan çıxması, yeni brendlərin isə doğulmasıdır”.
Cəmiyyət sədri maraqlı məqam kimi qeyd edib ki, hər il göstərilən xidmətlərin qiymətləri ən azı 10 faizə qədər artır:
“Buna rəğmən yenə kafelərin, restoranların fəaliyyət göstərməsi onu göstərir ki, müştəri bazası var, tələb var və təbii ki, bu istiqamətdə fəaliyyət davam etməlidir.Yəni hazırkı situasiyanı qorxulu və təhlükəli kimi qiymətləndirməyin əleyhinəyəm. Düzdür, ölkədə müəyyən iqtisadi problemlərin olacağı barədə anonslar var və iqtisadi aktivliyin kifayət qədər olmayacağı ilə bağlı proqnozlar səsləndirilir. Buna rəğmən, obyektlərin bağlanması hər hansı süni ajiotaj yaratmamalıdır.Düşünürəm ki, ölkə iqtisadiyyatı öz yükünü, öz ağırlığını qaldıra biləcək səviyyədədir. Bunun üçün də bir sıra addımlar atılmalıdır ki, doğrudan da ölkə iqtisadiyyatı inkişaf etsin”.
18:41 / 20 Avqust 2026
6
18:35 / 20 Avqust 2026
20
18:30 / 20 Avqust 2026
38
18:19 / 20 Avqust 2026
42
18:10 / 20 Avqust 2026
30
18:05 / 20 Avqust 2026
59
17:55 / 20 Avqust 2026
65
17:45 / 20 Avqust 2026
70
17:43 / 20 Avqust 2026
86
17:40 / 20 Avqust 2026
507
17:37 / 20 Avqust 2026
232
17:28 / 20 Avqust 2026
110
17:25 / 20 Avqust 2026
61
17:02 / 20 Avqust 2026
93
16:59 / 20 Avqust 2026
388
16:50 / 20 Avqust 2026
71
16:37 / 20 Avqust 2026
80
16:27 / 20 Avqust 2026
79
16:19 / 20 Avqust 2026
1371
16:17 / 20 Avqust 2026
88
16:02 / 20 Avqust 2026
76
15:50 / 20 Avqust 2026
74
15:40 / 20 Avqust 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.