Qaynar xətt:

(+99450) 247 90 86

Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir 

Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir 

CƏMİYYƏT

68

13.06.2026, 11:45

Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir.

Oxu24.com xəbər verir  ki,bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputat deyib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində xüsusi yer tutan, müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasını və gələcək inkişafını təmin edən mühüm tarixi hadisədir.

Vüqar İskəndərov qeyd edib ki, bu tarix təkcə hakimiyyət dəyişikliyi və ya siyasi hadisə deyil, həm də Azərbaycanın parçalanmaq, vətəndaş qarşıdurması və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olduğu gündür. Bu baxımdan Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətinin xilası və tərəqqisinin başlanğıcı kimi qiymətləndirilməlidir: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı ölkənin tarixində yeni mərhələnin əsasını qoyub. 1990-cı illərin əvvəllərində Azərbaycan son dərəcə ağır və mürəkkəb vəziyyətlə üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, ölkədə siyasi hakimiyyət böhranı dərinləşir, iqtisadiyyat iflic vəziyyətinə düşürdü. Dövlət institutları faktiki olaraq fəaliyyət göstərə bilmir, ayrı-ayrı silahlı qruplar ölkədə özbaşınalıq yaradırdı. Belə bir şəraitdə Azərbaycan dövlətçiliyinin taleyi ciddi təhlükə altında idi”.

Heydər Əliyevin sovet dövründə Azərbaycana qazandırdığı uğurlar

Deputat qeyd edib ki, Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətləri yalnız müstəqillik dövrü ilə məhdudlaşmır. Onun rəhbərliyi altında Azərbaycan hələ sovet dövründə böyük inkişaf yolu keçib: “1969-cu ildə Heydər Əliyevin respublikaya rəhbər seçilməsindən sonra Azərbaycan keçmiş ittifaqın geridə qalmış respublikalarından birindən sürətlə inkişaf edən sənaye və aqrar mərkəzlərindən birinə çevrildi. Həmin illərdə yüzlərlə sənaye müəssisəsi yaradıldı, kənd təsərrüfatı inkişaf etdirildi, elm və təhsil sahəsində mühüm nailiyyətlər əldə olundu. Minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Milli kadr potensialının formalaşdırılması istiqamətində görülən işlər sonradan müstəqil Azərbaycanın inkişafı üçün möhkəm təməl rolunu oynadı. Azərbaycanın gələcək dövlətçilik ənənələrinin formalaşmasında və milli özünüdərkin gücləndirilməsində də Heydər Əliyevin həmin dövrdə həyata keçirdiyi siyasətin mühüm rolu olub Azərbaycan dilinin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, tariximizə və mədəniyyətimizə diqqətin artırılması istiqamətində həyata keçirilən siyasət xalqımızın milli şüurunun güclənməsinə mühüm töhfə verdi. Bu, sonradan müstəqillik ideyalarının daha da möhkəmlənməsinə zəmin yaratdı”.

AXC-Müsavat hakimiyyətinin ölkəni böhrana aparan siyasəti

Deputat xatırladıb ki, 1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin səriştəsiz idarəçiliyi nəticəsində ölkədə vəziyyət daha da ağırlaşdırmışdı: “Tarixi həqiqət ondan ibarətdir ki, həmin dövrdə hakimiyyətdə olan qüvvələr dövlət idarəçiliyində ciddi səhvlərə yol verdilər. Ölkədə siyasi xaos hökm sürürdü. Hakimiyyət uğrunda mübarizə dövlət maraqlarını kölgədə qoymuşdu. Ermənistanın işğalçılıq siyasəti davam etdiyi halda daxildə qarşıdurmalar dərinləşir, iqtisadi vəziyyət pisləşir, vətəndaşların gələcəyə inamı azalırdı. Həmin illərdə Azərbaycan faktiki olaraq vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ilin iyun hadisələri göstərdi ki, ölkə uçurumun kənarına gəlib çatmışdı. Ayrı-ayrı bölgələrdə separatçılıq meylləri güclənirdi. Dövlətin parçalanması təhlükəsi real xarakter almışdı. Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu və məsuliyyəti öz üzərinə götürdü”.

Milli Qurtuluş Azərbaycanın xilası oldu

Vüqar İskəndərovun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi aradan qaldırıldı: “Heydər Əliyev qısa müddət ərzində ölkədə sabitliyi təmin etdi, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə nail oldu, dövlət idarəçiliyini bərpa etdi. Azərbaycan beynəlxalq təcrid vəziyyətindən çıxarıldı və xarici siyasətdə balanslaşdırılmış kurs formalaşdırıldı. Dövlət quruculuğu prosesi sürətləndirildi, iqtisadi islahatların əsası qoyuldu. Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın gələcək inkişafını təmin edən strateji kursa çevrildi. 1994-cü ildə imzalanan ‘Əsrin müqaviləsi’ ölkəmizin iqtisadi tarixində yeni mərhələnin başlanğıcı oldu. Xarici investisiyaların cəlb edilməsi, enerji strategiyasının formalaşdırılması və beynəlxalq əlaqələrin genişləndirilməsi nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilməyə başladı”.

Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir

Deputat qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında məhz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası dayanır: “Prezident İlham Əliyev tərəfindən bu siyasi kurs müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Son 20 ildən artıq müddətdə Azərbaycan iqtisadi, siyasi, hərbi və diplomatik baxımdan əhəmiyyətli dərəcədə güclənib. Ölkəmizin beynəlxalq nüfuzu artıb, mühüm enerji və nəqliyyat layihələri reallaşdırılıb, regionun lider dövlətinə çevrilməsi təmin olunub. Azərbaycanın hərbi gücünün artırılması istiqamətində görülən işlər də məhz bu strateji kursun mühüm tərkib hissəsi olub. Ordumuzun müasir standartlara uyğun formalaşdırılması, müdafiə sənayesinin inkişafı və hərbi potensialın gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət sonradan tarixi qələbələrimizin əsasını təşkil etdi”.

Vətən müharibəsində tarixi Zəfər

Vüqar İskəndərov vurğulayıb ki, 2020-ci ildə əldə olunan möhtəşəm Qələbə və sonrakı dövrdə suverenliyimizin tam bərpası Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi: “44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Prezident İlham Əliyevin qətiyyətli liderliyi, xalq-iqtidar birliyi və uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi oldu. Bu qələbə həm də Heydər Əliyev ideyalarının təntənəsi idi. Çünki müstəqil, güclü və qüdrətli Azərbaycan məhz ümummilli lider tərəfindən müəyyən edilmiş strateji kurs əsasında formalaşıb. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və ölkəmiz öz ərazi bütövlüyünü tam təmin etdi. Bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. Bu reallıqlar güclü dövlət siyasətinin və uzaqgörən rəhbərliyin nəticəsidir”.

Güclü Azərbaycan Heydər Əliyev siyasətinin təntənəsidir

Vüqar İskəndərov hesab edir ki, Milli Qurtuluş Günü təkcə keçmişə nəzər salmaq üçün deyil, həm də bu gün əldə olunan uğurların hansı təməllər üzərində qurulduğunu dərk etmək baxımından mühüm əhəmiyyət daşıyır: “Bu gün müstəqil, suveren, güclü və qalib Azərbaycan Heydər Əliyev siyasətinin ən böyük təntənəsidir. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursu ölkəmizin inkişafının əsas təminatına çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni uğurlara doğru inamla irəliləyir. Xalqımız əmindir ki, dövlətimizin qüdrəti bundan sonra da artacaq, ölkəmiz regionda və dünyada öz mövqelərini daha da möhkəmləndirəcək. Milli Qurtuluş Gününün ideoloji və siyasi mahiyyəti illər keçdikcə daha aydın görünür. 15 İyun Azərbaycan xalqının müdrik seçiminin, dövlətçilik iradəsinin və milli həmrəyliyinin simvoludur. Bu tarix sübut etdi ki, xalqın taleyində həlledici məqamlarda güclü liderlik və milli birlik ən vacib amillərdir. Bu gün əldə etdiyimiz bütün uğurların təməlində də məhz həmin tarixi seçim dayanır”.