Qaynar xətt:

(+99450) 247 90 86

Təhsil haqlarının sürətlə artımı bizi hara aparır?  — EKSPERT HƏYƏCAN TƏBİLİ ÇALDI

Təhsil haqlarının sürətlə artımı bizi hara aparır?  — EKSPERT HƏYƏCAN TƏBİLİ ÇALDI

CƏMİYYƏT

248

09.06.2026, 12:41

Son illər Azərbaycanda sosial-iqtisadi sferada ən çox müzakirə olunan, valideynlərin və gənclərin narahatlığına səbəb olan fundamental problemlərdən biri də təhsil haqlarının sürətlə artmasıdır. Özəl uşaq bağçalarından tutmuş, orta və ali təhsil müəssisələrinə qədər hər bir pillədə müşahidə olunan bu bahalaşma dalğası, cəmiyyətdə təhsilin əlçatanlığı fəlsəfəsini ciddi şəkildə sual altına qoyur.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Elçin Murad məsələnin görünməyən tərəflərinə işıq salıb.

Ekspert qeyd edir ki, bu problemi yalnız özəl sektorun üzərinə yıxmaq və ya subyektiv qiymət artımı kimi dəyərləndirmək reallığı tam əks etdirmir. Çünki təhsil haqlarının yüksəlməsi tendensiyası özəl müəssisələrlə bərabər, dövlət universitetlərində də (xüsusilə Bakı şəhərində yerləşən aparıcı ali məktəblərdə) kəskin şəkildə özünü biruzə verir. Regionlardakı təhsil ocaqlarında qiymətlər nisbətən sabit və müştərək səviyyədə qalsa da, paytaxtdakı mövcud mənzərə tələbə adını qazanmış minlərlə gənci və onların ailələrini çıxılmaz dalana dirəyir. Bəs bu tendensiya beləcə davam edərsə, ölkənin təhsil ekosistemini hansı təhlükələr gözləyir və gələcək naminə hansı təxirəsalınmaz addımlar atılmalıdır?

Mövcud tendensiya davam edərsə, bizi hansı dəyişikliklər gözləyir?

Elçin Muradın sözlərinə görə, təhsil haqlarının bu dərəcədə ağırlaşdırılması yaxın gələcəkdə ölkənin insan kapitalına ciddi zərbə vura biləcək problemlər vəd edir, hansı ki, bu fəsadların ilkin siqnalları artıq bu gün də yaşanmaqdadır:

“Böyük ümidlərlə imtahan verib universitetə qəbul olan, lakin təyin olunmuş illik təhsil haqqını ödəmək iqtidarında olmayan gənclər, rəsmi qeydiyyatdan keçə bilmirlər. Nəticədə dərslərə davam edə bilmir və təhsil hüququndan məhrum olurlar.

Ölkə daxilindəki qiymətlərin ailə büdcəsinə uyğun olmadığını görən gənclər, alternativ variant olaraq universitet təhsili barədə ümumiyyətlə düşünmür və ya birbaşa xarici ölkələrdəki daha münasib təhsil proqramlarına üz tuturlar”.

“Mövcud mənzərədə kimisə qınamaq qətiyyən düzgün deyil — nə tələbəni, nə də çətinliklə övlad böyüdən valideyni. Maddi gücü çatmayan tərəf təbii olaraq təhsili yarımçıq qoymağa və ya ondan tamamilə imtina etməyə məcbur olur", – deyə ekspert vəziyyətin ağırlığını diqqətə çatdırıb.

Təhsil kreditləri problemi tam həll edirmi?

Ekspert dövlət tərəfindən atılan müsbət addımlara da toxunaraq, ölkədə fəaliyyət göstərən Tələbə Təhsil Krediti fondunun əhəmiyyətini vurğulayıb. Çox cüzi faiz dərəcəsi və tələbənin gələcəkdə işləyərək borcunu rahat şəkildə qaytarmasını nəzərdə tutan bu sistem, xüsusilə sosial təminatı aşağı olan ailələr üçün böyük bir xilas yoludur. Lakin bu mexanizm də kütləvi xarakter ala bilmir:

“Cəmiyyətdə bir çox insanın bu kredit növü, onun şərtləri və müraciət mexanizmləri barədə hələ də kifayət qədər məlumatı yoxdur. 

Digər tərəfdən, bəzi spesifik meyarlar, sənədləşmə prosesindəki bəzi nüanslar və ya fərqli həyat situasiyaları tələbələrin bu kreditə müraciət etməsinə mane olur və ya onların tələblərini ödəmir. Belə olan təqdirdə isə gənclər yenə də sistemdən kənarda qalmağa məhkum olurlar”.

Təhsil haqlarının əlçatanlığı üçün hansı addımlar atılmalıdır?

Təhsil eksperti Elçin Murad problemin köklü həlli üçün qiymətlərin inzibati yollarla deyil, iqtisadi reallıqlarla tənzimlənməli olduğunu bildirir. Onun fikrincə, dövlət və təhsil müəssisələri tərəfindən aşağıdakı addımların atılması məqsədəuyğundur:

“Ölkədəki ailələrin real gəlir səviyyəsi, orta aylıq qazancı və yaşayış minimumu fundamental şəkildə analiz edilməlidir.

Təhsil müəssisələrində illik təhsil haqları müəyyən edilərkən, korporativ maraqlar deyil, məhz həmin orta aylıq gəlir mənbələri meyar kimi götürülməlidir.

Yalnız bu halda təhsilin kütləviliyini qorumaq, gənclərin ali təhsildən yayınmasının qarşısını almaq və cəmiyyətdə sosial bərabərliyi təmin etmək mümkün olacaqdır”.

Çimnaz Telmanqızı