Qaynar xətt:

(+99450) 247 90 86

Minimum əməkhaqqı ilə bağlı vacib açıqlama - Gələn ildən… 

Minimum əməkhaqqı ilə bağlı vacib açıqlama - Gələn ildən… 

CƏMİYYƏT

153

19.05.2026, 13:40

Ötən həftə ölkədə hökumət, biznes və zəhmətkeşlər arasında ənənəvi illik sazişin imzalanması iqtisadi gündəmi yenidən canlandırıb. Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında imzalanan bu 3 illik saziş simvolik sənəd olmaqla daha çox tərəflərin gələcək niyyətlərini və strateji hədəflərini nümayiş etdirir. Təsadüfi deyil ki, bundan əvvəlki sazişlərdə də göstərilən tədbirlərin əksəriyyəti ya maliyyə yükləri, ya da mexaniki çətinliklər səbəbindən reallıqda həllini tapmayıb və ya yarımçıq yerinə yetirilib. Lakin builki sənəddə əməkhaqqının artımı, daha dəqiqi əməkhaqqının hesablanması ilə bağlı tamamilə yeni mexanizmlərin yaradılması xüsusi yer tutur. Belə ki, tərəflər ölkədə minimum saatlıq əməkhaqqı sisteminin tətbiq edilməsinə nail olmaq niyyətindədirlər. Bununla yanaşı, minimum əməkhaqqı məbləğinin mərhələlərlə artırılması və onun ölkə üzrə orta aylıq əməkhaqqına nisbətinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylərin göstərilməsi nəzərdə tutulur. Hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manat, rəsmi orta aylıq əməkhaqqı isə 1151 manat təşkil edir. Əgər orta aylıq əməkhaqqının bu səviyyəsinə Avropa Sosial Xartiyasının standartları tətbiq edilsə, ölkədə minimum maaş orta əməkhaqqının 60%-i həcmində, yəni təqribən 691 manat (təqribi 700 manat) olmalıdır. Bu isə indiki mövcud səviyyədən 291 manat və ya təxminən 73% artım deməkdir.

Oxu24.com xəbər verir  ki,məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, minimum əməkhaqqının Avropa standartlarına uyğun olaraq 700 manata yaxınlaşdırılması həm dövlət büdcəsi, həm də özəl sektor üçün çox ciddi bir maliyyə sınağıdır: "Avropa Sosial Xartiyasının 60 faizlik nisbət tələbi vətəndaşların rifahı baxımından mükəmməl bir hədəf olsa da, Azərbaycan iqtisadiyyatının hazırkı strukturu bu addımı birdən-birə atmağa imkan vermir. Təqribi hesablamalar göstərir ki, minimum maaşın 700 manata qaldırılması həm dövlət, həm də özəl sektorda çalışan milyona yaxın insanın maaşının zəncirvari şəkildə artmasına səbəb olacaq. Bu isə aylıq maaş fondunun 200 milyon manat, illik isə təqribən 2,5 milyard manat böyüməsi deməkdir. Belə bir rəqəm indiki ümumi əməkhaqqı fondundan azı 10% çoxdur və həmin səviyyəyə çatmaq dövlətdən nəhəng əlavə vəsait tələb edir. Məhz bu nəhəng maliyyə yükünə görədir ki, son illər ərzində ilk dəfə olaraq 2026-cı ilin əvvəlində minimum əməkhaqqının artırılması baş vermədi və bu, iqtisadi reallıqları bilənlər üçün heç də təəccüblü olmadı. Sazişdə bu niyyət əks olunsa da, onun yaxın vaxtlarda real icra müstəvisinə keçməsi böyük sual altındadır".

Onun sözlərinə görə, minimum əməkhaqqının kəskin şəkildə, xüsusilə də 73% birdən-birə artırılması iqtisadiyyatda ciddi fəsadlar, o cümlədən inflyasiya təzyiqi və işsizlik riski yarada bilər: "Bazara birdən-birə milyardlarla manat əlavə nağd vəsaitin daxil olması istehlak bazarında qiymətlərin kəskin bahalaşmasına, yəni inflyasiyanın sıçrayışına rəvac verəcək ki, bu da son nəticədə maaş artımının effektini sıfırlayacaq. Digər tərəfdən, kiçik və orta sahibkarlıq subyektləri hər bir işçi üçün minimum 700 manat maaş və buna uyğun olaraq yüksək sosial sığorta haqları ödəmək iqtidarında deyillər. Belə bir addım özəl sektorda leqal iş yerlərinin ixtisarına və ya sahibkarların yenidən kölgə iqtisadiyyatına yönəlməsinə, rəsmi maaşları gizlətməsinə səbəb ola bilər. Ona görə də hökumət bu keçidi təkamül yolu ilə, mərhələli şəkildə həyata keçirməyi planlaşdırır".

İqtisadçı ekspert bildirib ki, sazişdə yer alan saatlıq əməkhaqqı mexanizminin tətbiqi daha real və çevik bir iqtisadi alət ola bilər: "Minimum saatlıq əməkhaqqı sisteminə keçid həm işəgötürənlərin, həm də part-time (yarımştat) çalışanların, xüsusilə gənclərin və tələbələrin maraqlarına tam cavab verir. Bu sistem əməyin daha ədalətli qiymətləndirilməsinə və qeyri-formal məşğulluğun leqallaşdırılmasına kömək edəcəkdir. Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşma xətti strateji hədəf kimi kağız üzərində qalsa da, real iqtisadi göstəricilər, xüsusilə qeyri-neft sektorunun gəlirliliyi artmayana qədər yaxın bir-iki ildə Azərbaycanda minimum maaşın 700 manat səviyyəsinə qaldırılacağını gözləmək sadəlövhlük olardı. Hökumət hazırda sosial xərclərdə kəskin artımlardansa iqtisadi sabitliyi və makroiqtisadi tarazlığı qorumağa daha çox üstünlük verir".