Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121812
az

Aksiz vergisi 4 manat 18 qəpikdir: Bazarda isə litri bir manata olan araq satılır

13:3802 Noyabr, 2024
80
CƏMİYYƏT
  • A

Spirtli içkilərin qiyməti məsələsi yenidən gündəmdədir. Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində komitənin sədri Azər Əmiraslanov deyib ki, bazarda litri bir manata olan araqlar var. Amma hazırda bir litr arağın aksiz vergisi 4 manat 18 qəpikdir. Bu qiymətdən aşağı olan məhsullar keyfiyyətsizdir.

Keyfiyyətsiz məhsul istehsal edən sahibkar bazardan çıxarılmalıdır: “Qanun qəbul ediləndən sonra minimum qiymətin müəyyən edilməsi qaydası hazırlanacaq. İnzibati Xətalar Məcəlləsində bu qanunu pozanlar üçün çox yüksək məbləğdə sanksiyalar nəzərdə tutulacaq. Minimum qiymət artımı spirtli içkilərin bahalaşmasına səbəb ola bilər”.

“Bazarda keyfiyyətsiz araqlar kifayət qədərdir”

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun dosenti, texnika üzrə fəlsəfə doktoru Teymur Musayevin sözlərinə görə, araqların ucuz olmasına təsir edən amillər mövcuddur: “Ucuz araqlar əsasən kiçik sexlərdə istehsal olunur. Bazarda keyfiyyətsiz araqlar da kifayət qədərdir. Spirtin litrinin qiyməti 3-3.50 manat arasında dəyişir. ƏDV və aksiz vergilərini də üzərinə əlavə etdikdə 10-12 manata başa gəlir. Bir litr spirtdən də 2,4 litr araq alınır. Digər xərcləri də əlavə etdikdə məhsulun maya dəyəri yüksəlir. Əgər məhsul 10 manata hazırlanır, amma yeddi manata satılırsa, deməli, keyfiyyətsiz spirtdən hazırlanır. Kömürdən keçmir, ucuz filtrlərdən istifadə olunur”.

T.Musayevin fikrincə, arağın keyfiyyətinə xammal da təsir edir: “Buğdadan və şəkər çuğundurundan hazırlanan spirtlər mövcuddur. Buğda spirti daha keyfiyyətlidir. Digərini içdikdə insan keyfiyyətsiz olduğunu hiss edir”.

Qiymət qalxsa da, tələbata təsir etməyəcək

Mütəxəssis bu sahə ilə bağlı görülməli işlərə də toxundu: “Buğdadan çəkilən milli spirtimiz Rusiya və Ukrayna spirtindən də keyfiyyətlidir. Onu inkişaf etdirsək, bazardakı qiymətlərə də təsir etmiş olarıq. Həmçinin əldə etdiyimiz gəlir də daxili bazarımızda qalar. Əgər məhsul keyfiyyətsizdirsə, vətəndaş ona ikinci dəfə üz tutmur. Qiymətin artırılmasının tələbata təsir edəcəyini düşünmürəm. Zənn etmirəm ki, arağın qiyməti qalxsa, onun çeşidi və keyfiyyəti də yüksələcək. Sadəcə, bəzi müəssisələr var ki, onlar sertifikatlaşdırılmalı və dövlət nəzarətində olmalıdır ki, keyfiyyətsiz araq istehsal etməsinlər”.

 

 

Keyfiyyətli araq ucuz ola bilməz

Araq və spirtli içkilər üzrə mütəxəssis Tamella Baxşəliyeva isə bildirir ki, hazırda bu sahədə nəzarət güclü olduğu üçün qanunsuzluqlar baş vermir: “Arağın tərkibi, əsasən su və spirtdən ibarətdir. 40 faiz spirt, 60 faiz sudan istifadə olunur. Bunlar hər ikisi keyfiyyətli olmalıdır. Üstəlik, onların emalında bir çox avadanlıqlardan istifadə edilir. Aksiz vergisini də rəsmi şəkildə vermək lazımdır. Belə olduqda araq ucuz ola bilməz. Hazırda minimum qiymət qoyulması mümkün deyil. Monitorinqlər aparılır. Satıcılar da o riskə getmirlər”.

T.Baxşəliyevanın sözlərinə görə, hər bir məhsulun alıcısı var. Belə olan halda hansısa məhsul “ucuzdur və ya keyfiyyətsizdir” deyib bazardan kənarlaşdırmaq olmaz: “Keyfiyyətli araq ucuz ola bilməz. Kiçik, keyfiyyətsiz hesab etdiyiniz araqların da özlərinə görə aksiz vergisi var. Onların da hər biri keyfiyyətsiz deyil. Məsələn, arağın yandırmasını keyfiyyətsiz hesab edirlər. Amma elə insanlar var ki, onlar arağı bu şəkildə sevirlər. Hər kəs istədiyi məhsulu ucuz və ya baha əldə edə bilər. Tələbat varsa, məhsulun bazardan çıxarılması düzgün deyil”.

Keyfiyyətsiz araqlar daha baha satılacaq?

İqtisadçı Xalid Kərimli isə dedi ki, bu məsələ ilə bağlı dünyada da qaydalar mövcuddur: “Şotlandiya və Böyük Britaniyanı misal göstərmək olar. Onlarda hesab olunur ki, alkoqol səhhətə ziyandır. Hətta keyfiyyətli alkoqolun da istehsalının aşağı salınması nəzərdə tutulur. Bunu, əsasən araq istehsalçılarının mənafeyini qorumaq üçün edirlər ki, qiymət rəqabəti aparmaq mümkün olsun”.

 

 

İqtisadçının sözlərinə görə, bu addımla keyfiyyəti tənzimləmək mümkün olmasa da, tələbatı az da olsa azaltmaq mümkündür: “Bu qərarı qəbul etməkdə əsas məqsəd bazara keyfiyyətsiz içki məhsullarının daxil olmasının qarşısının alınmasıdır. Əhaliyə göstərmək istəyirlər ki, bu qiymətdən aşağıdırsa, deməli, keyfiyyətsizdir. Amma qiymətin müəyyən hissəsi də aksiz vergisidir. Aksizdən yayınmanın qarşısının alınmasının, yaxud keyfiyyətin yoxlanılmasının başqa yolları tapılmalıdır. Aksiz vergisi onsuz da hər il arağın litrinə görə qaldırılır. Hazırki şəraitdə qiymətlərin qaldırılmasını doğru hesab etmirəm. Qiyməti bazar tənzimləməlidir. Qiymətin yüksəldilməsi rəqabətə də mənfi təsir göstərir. Arağın qiymətini qaldırmaqla keyfiyyətinin yüksələcəyini zənn etmək yanlışdır. Keyfiyyətin yaxşılaşdırılması üçün nəzarətin gücləndirilməsi kifayətdir. Ola bilər ki, bu qərardan sonra keyfiyyətsiz araqlar daha baha qiymətə satılacaq. Amma hər bir halda qiymətin artması alkoqollu içkilərə tələbatın aşağı düşməsi üçün düzgün addımdır. Qiymət qaldırılanda tələbat aşağı düşür”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ