Ekspertlər deyir ki, problem həddən artıq ciddidir, mütləq tədbirlər görülməlidir
“Məişət zorakılığının qarşısının alınması haqqında” 50 qanun da qəbul eləsəniz, zorakılığın qarşısını ala bilməyəcəksiniz. Milli Məclisin son iclasında deputat Aqil Abbas belə deyib. Deputat bildirib ki, Avropadan, xaricdən fondlar kütləvi pullar buraxır ki, Azərbaycanda insanların əxlaqını pozsunlar: “Azərbaycan televiziyalarında məişət zorakılığı, əxlaqsızlıq təbliğ olunur. Bunun qarşısını heç kim ala bilmir, parlament də ala bilmir. Televiziyalarda elə bil it boğuşdururlar, əri arvadla dalaşdırırlar, ərini qoyub onun qardaşı ilə qaçır. Bunlar istisna hallardır. Amma bu, təbliğatdır. Baxanlar deyir ki, mən niyə etməyim?! Bunun qarşısı alınmalıdır”.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev bir neçə il əvvəl dövlət qəzetindəki məqaləsində yazıda giley edirdi ki, televiziyalar reytinq ardınca qaçır, milli-mənəvi dəyərlərdən uzaqlaşırlar. R.Mehdiyev telekanallarda aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasından gileylənirdi. “Problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir”, - deyə R. Mehdiyev bildirirdi. Amma ölkənin əsas ideoloqunun bu cür mövqeyindən sonra da efirdə heç nə dəyişmirdi. İndi isə bu cür tənqidlərə, ümumiyyətlə, rast gəlinmir.
Bu gün özəl telekanallarda əsasən ailə taleləri ilə bağlı nümayiş olunan verilişlər məşhur “Trumenın şousu” filmini xatırladır. Burada insanların taleləri illərdir ki, serial kimi izlədilir, adamlar özləri də bilmədən hər kəsin gözü qarşısında telekanal heyətinin qurduğu “oyun” nəticəsində ya alçaldılır, ya alqışlanılır, bəzən də mənəvi olaraq öldürülürl... Kimlərinsə acı taleyi bir şounun əsas alətinə çevrilir.
Eynilə Trumen kimi, birdən başa düşməyə başlayırsan ki, ətrafındakı hər şey mənzərədir və insanlar sizə göründükləri kimi davranan aktyorlardır. Sənin bütün dünyan özün də bilmədən baş rolu oynadığın böyük bir televiziya serialına çevrilir. Bütün həyatın planetin otuz ildir izlədiyi televiziya şousunun müəllifinin əməyinin nəticəsidir. Amma o da nəzərə alınmalıdır ki, bizim insanlar Trumen kimi hər şeyi anlayıb, “oyunu” vaxtında tərk edə bilmirlər.
Bəs telekanallardakı bu hərc-mərcliyin, özbaşınalığın, qeyri-səmimiliyin qarşısı nə zaman alınacaq? Nəyə görə Azərbaycan efirində A. Abbasın dediyi problemlər davam edir?
Bakı Dövlət Universitetinin professoru, teletənqidçi Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Aqil Abbasın dedikləri çox ciddi, həyəcan doğuran məqamdır: “Bu yeni məsələ deyil. Dəfələrlə mətbuatda, parlamentdə polemikalar olub, rəy bildirilib. Bu cür verilişlərin yığışdırılması ilə bağlı təkliflər olub. Amma yenə də bu cür verilişlər verilir. Xüsusən də özəl televiziya kanallarında, şou proqramlarda insan taleləri, məişət mövzuları, o cümlədən məişət zorakılığı və digər mentalitetə, əxlaqa uyğun olmayan hadisələr müzakirəyə çıxarılır. Bəzən bu hadisələr uydurulur, süni dramatizm yaradılır. İnsanların diqqətini bu cür verilişlərə cəlb etməklə müəyyən şüuraltı fikirlər yayırlar. Bunların qarşısını birinci növbədə həmin televiziya kanallarının rəhbərləri almalıdır. İctimai qınaq, mətbuat və səlahiyyəti olan digər qurumlar almalıdır. Söhbət hansısa televiziyanın yaradıcılıq işinə qarışmaqdan getmir. Amma ümumiyyətlə, "Media haqqında" Qanunda da, digər sənədlərdə də Azərbaycan əxlaqının, milli dəyərlərin qorunması ilə bağlı tələblər var. Sadəcə olaraq, bəzən verilişlərin reytinqi, pul qazanmaq istəyi tələblərdən yüksəkdə dayanır. Ona görə də bu cür hallar ortaya çıxır. Əgər parlament səviyyəsində bu cür məsələlər qaldırılırsa, deməli, məsələ həddən artıq ciddidir. Bununla bağlı ciddi tədbir görülməlidir".
Hüquqşünas Ələsgər Əhmədoğlu da mediaya açıqlamasında deyib ki, telekanallar media qanunlarını heçə sayırlar: “Nə media qanununa, nə də jurnalistlərin etik qaydalarına əməl edilir. Bu qayda-qanunlar "toxunulmazlığı" olan media qurumlarının - televiziyaların uyacağı qayda deyil. Onların öz “norma”ları var. Nə qanunu, nə etikanı sayırlar. Qanunlar yalnız acizlərə, gücsüzlərə və yuxarıdan təlimat gəlməyənərə aid olur. Ona görə də təəssüf ki, bəzən telekanallarda gedən müzakirələrdə prezumpsiya hüququ çox ciddi şəkildə pozulur. Qanunun 163-cü maddəsinə əsasən, məhkəmə qərarı olmadan hansısa şəxsin təqsirli kimi təqdim olunması qadağan edilir. Amma bəzən telekanallar açıq formada, məhkəmə qərarı olmadan insanları ittiham edirlər, hətta şəxsləri şübhəli şəxs kimi yox, birbaşa cinayətkar kimi göstərirlər. Əlbəttə ki, fakt olmadan efirdən bu cür ifadələr səsləndirmək doğru deyil".
Oxu24.com
ŞƏRHLƏR