2023-cü il istər dünyada, istərsə də ölkəmizdə baş verən zəlzələlərlə yadda qaldı. İlin əvvəlində qardaş ölkə Türkiyədə yaşanan dağıdıcı zəlzələ, daha sonra Xəzər dənizində yaşanan titrəyişlərin paytaxt Bakıya və bölgələrə təsiri, həmçinin İran, Suriya və bir sıra ölkələrdəki güclü yeraltı təkanlar hər kəsi təşvişə saldı. Yeni ilin ilk günlərində isə Yaponiyadakı 7,4 ballıq güclü zəlzələ dünyaya səs saldı. Yaşanan hadisələr insanlarda bir sual yaradır: bu il yenidən güclü və dağıdıcı təkanlar baş verəcəkmi?
OXU24.COM xəbər verir ki, bununla bağlı "Yeni Sabah"a açıqlama verən Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükə şöbəsinin müdiri Qulam Babayev suallara aydınlıq gətirib:
"Əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, 2023-cü il sona qədər güclü seysmik və tektonik aktivliklə müşahidə edilərək, dünyanın bütün zonalarında hiss olunacaq. Ələlxüsus da, ötən ilin fevral ayında Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra etdiyim tətqiqatlar və araşdırmalar bu sözləri deməyimə əsas vermişdi ki, belə bir aktivlik yaşanacaq. Həmçinin, dekabrda Xəzər dənizində baş verən və Bakı şəhərində də hiss olunan yeraltı təkanlar göstərdi ki, sözügedən seysmik və tektonik aktivlik dövrü 2024-cü ildə də davam edəcəkdir".
Seysmoloq qeyd edir ki, "Zəlzələlərin bir neçə növü var. Onlardan biri hər gün qeydə alınan standart və klassik yeraltı təkanlardır. İnsanlar bunu hiss etməsə də, cihazlar həmin titrəyişləri qeydə alır. İkinci növə isə güclü və dağıdıcı zəlzələlər aiddir. 4,5-5 və 5,5 bal gücündə olan yeraltı təkanlar insanlar tərəfindən hiss olunur. Ümumiyyətlə isə, öncədən zəlzələnin baş vermə zonasını, gücünü və dərinliyini dəqiqliklə müəyyən etmək mümkün deyil. Bu həqiqət dünyanın istənilən ölkəsi üçün keçərlidir. Heç vaxt əsl seysmoloq belə bir iddia irəli sürə bilməz. Qabaqcıl alətlər və avadanlıqlar da baş verəndən sonra insanları xəbərdar edir. Buna erkən xəbərdarlıq sistemi deyirlər".
Ekspert bildirir ki, bu il zəlzələlər super aktivliklə müşahidə olunacaq:
"Bütün müşahidələrimə və hesablamalarıma əsasən deyə bilərəm ki, Azərbaycanda 2024-cü ildə də güclü zəlzələlərdən qaçmaq mümkün olmayacaq. Yəni, yeraltı təkanlar hiss ediləcək dərəcədə müşahidə olunacaq. Dünya miqyasında isə güclü, həmçinin, dağıdıcı zəlzələlər yenə də gözlənilir. Eyni zamanda güclü vulkan püskürmələri də olacaq. Bütün bunların fiziki bir cavabı var. Tektonik aktivlik müşahidə olunur və bunun səngiməsi üçün əvvəlki vəziyyətə qayıtmaq lazımdır. Ancaq 2024-cü ildə bu mümkün deyil. Çünki aktivlik davam edəcək. Hətta deyərdim ki, bu super aktivlik olacaq. Yaponiyada baş verən güclü zəlzələ və ardıcıl zəlzələ seriyası bizə göstərdi".
ŞƏRHLƏR