16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq hansı məsuliyyət yaradır?
Mövzu ilə bağlı Oxu24.com-a şərh verən vəkil Asif Abdullayev bildirib ki, 16 yaşına çatmayan şəxslə hətta könüllü cinsi əlaqə cinayət məsuliyyətinə səbəb olur.
"16 yaşına çatmayan istər qız, istərsə də oğlanla (misal üçün, yaşca böyük qadın və ya kişi 15 yaşlı oğlanla cinsi əlaqəyə girsə) könüllü cinsi əlaqə cinayət məsuliyyəti yaradır.
Əgər cinsi əlaqədə olan şəxslər arasındakı yaş fərqi iki ildən çox deyildirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilmir.
Cinsi əlaqənin yaş məhdudiyyəti ona görə müəyyən edilir ki, müəyyən yaşa qədər şəxs cinsi yetkinlik yaşına çatmamış olur və erkən cinsi əlaqə həmin şəxsin həm mənəvi inkişafına mənfi təsir göstərir, həm də tibbi cəhətdən 16 yaşa çatmamış şəxsin sağlamlığına ziyan vura bilər."
Azərbaycanda cinsi yetkinlik yaşı neçədir?
Vəkil Asif Abdullayevin sözlərinə görə, bəzi ölkələrdə cinsi yetkinlik yaşı 13, 12, hətta 9 yaş müəyyən edilib (Yəmən, Meksika, Argentina və sair). Azərbaycanda isə cinsi yetkinlik yaşı 16-dır.
16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olanları hansı cəza gözləyir?
Cinayət məcəlləsinin 152.1.-ci maddəsinə əsasən, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə -
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə -
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddədə nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR