‡агрузка...

Yevlaxda dəhşət! Bacısını otelə getdiyi üçün öldürdü-TƏFƏRRÜAT

 
Yevlax rayonunda qısqanclıq zəminində bacısını öldürməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Veyis Hüseynovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, o, bacısı Ahu Hüseynovanın 10 dekabr 2010-cu ildə əri Natiqdən boşandıqdan sonra Yevlax sakini, əvvəllər qonşuları olmuş Elmirlə yaxın münasibət saxladığını öyrənib.

Bacısının əxlaqsız olduğunu düşündü

Veyis bacısının hərəkətini əxlaqsızlıq kimi qəbul edib, ailələrinin nüfuzuna xələl gətirdiyini düşünüb. Bu səbəbdən bacısını öldürmək qərarına gəlib.

Bu məqsədlə 12 yanvar 2016-ci ildə saat 12.00-da yaşadığı evdən bıçaq götürərək gödəkçəsinin altında gizlədib, sonra bacısının evinin yaxınlığına gəlib. Orada musiqi müəllimi işləyən bacısının işə getməsini gözləyib.

Ahu evindən çıxıb piyada işə getməyə başlayanda Veyis onu izləyərək arxasına düşüb. Qadın işlədiyi 2 saylı musiqi məktəbinin inzibati binasının həyətinə çatıb.

Veyis arxadan yaxınlaşaraq, heç bir söz demədən ona bıçaq xəsarətləri yetirib. Ahunun “ay Veyis, dayan, vurma” deyə yalvarışlarına baxmayıb, ona daha çox zərbələr vurub.

Ahu aldığı xəsarətdən hadisə yerində ölüb.

Veyis Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Bacımı gizli güddüm”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Veyis Hüseynov bildirib ki, bacısı ərindən boşandıqdan sonra anaları ilə yaşayıb:

“Bəzi şəxslərdən Ahunun sərbəst həyat yaşadığını eşitdim. Natiq 2011-ci ilin noyabrında dayımı öldürdükdən sonra ondan bacım Ahunun düzgün yolda olmadığını öyrəndim.

Bu məsələyə özüm əmin olmaq məqsədilə bir neçə dəfə bacım Ahunu evdən işə gedərkən gizlicə güddüm. Ahunun işdə olmadığını, başqa-başqa yerlərə – gah hansısa motelə, gah da tanımadığım evə getdiyini, Yevlax şəhəri ərazisində yerləşən, motel kimi fəaliyyət göstərən “Ağ ev” adlanan kafeyə girdiyini və kiminləsə uzun müddətli telefon danışdığını gördüm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Ahunun əxlaqsız hərəkətlər etdiyinə əmin olub. Məhəllədə gəzən ümumi söhbətlərdən Ahunun əvvəllər qonşuları olmuş Elmir adlı şəxslə münasibət saxladığını öyrənib: “Onun ailəmizin şərəfinə xələl gətirən əxlaqsız hərəkətlər etməsini güman elədim. Ahunu öldürüb, namusumuzu təmizləmək qərarına gəldim.

Yanvarın 12-də saat 12:00-da evdəki mətbəxdən bıçağı götürdüm, Ahunun yaşadığı ünvanına gəldim. Bir qədər aralıda onun evdən çıxmasını gözlədim.

Saat 13.30-da Ahu yaşadığı evdən çıxdı, musiqi məktəbinə tərəf piyada getməyə başladı. Ahunu izləməyə başladım. Saat 14.00-da Ahu musiqi məktəbinin həyətinə çatdı. Onun arxasınca həyətə daxil oldum, bıçaqla kürəyindən vurdum.

Ahu üzü mənə tərəfə çevrildi və özünü əl-qolu ilə müdafiə etməyə başladı. Ahunun bədəninin yan tərəfinə, sifətinə, çiyin və bir çox nahiyələrinə sağ əlimdə olan bıçaqla zərbələr endirdim”.

“Əxlaqsızlığını düşündükcə, əzab vermək istədim”

Veyis Hüseynov qeyd edib ki, hadisə günü evdən çıxanda məqsədi Ahunu öldürmək olub: “Hətta bacımı əvvəllər maşınla vurub öldürmək istəmişəm. Hadisə vaxtı Ahu əl və qolları ilə özünü müdafiə etməyə çalışdı. Lakin bacımın əxlaqsızlıq etdiyini düşündükcə, ona əzab vermək istədim. Buna görə də onun yalvarışlarına məhəl qoymadan bıçaq xəsarətlərini yetirməkdə davam etdim.

Ahunu öldürdükdən sonra polis şöbəsinə getdim. Könüllü təslim oldum”.

“Namuslu kişi Veyis kimi hərəkət edərdi”

Zərərçəkmiş şəxs qismində Ahunun anası Qələnfir Hüseynova tanınıb. O, qızının yüngül həyat tərzi keçirdiyini deyib, dəfələrlə ona özünü ağır aparmağı, ailələrinin nüfuzuna xələl gələn hərəkətlərə yol verməməyi məsləhət gördüyünü bildirib:

“Hər dəfə Veyis Ahuya “özünü ağır apar, bizim ailəyə yaraşan hərəkətlər elə, hər gələnlə telefonla danışma” deyərək ona dul olduğunu xatırladıb, hər adamla danışmasını irad tutub.

Veyis dəfələrlə mənə “Ahu pis yola gedir, ona denən özün yığışdırsın. Bizim nəslimizə, ailəmizə yaraşmayan hərəkətlər edir və kafelərdə olur, başqa kişilərlə gəzir” deyə şikayət edib. Mən də bu barədə Ahuya iradlarımı bildirmişəm. Ancaq qızım heç kəsin sözünə əhəmiyyət verməyib, öz istədiyi kimi hərəkət edirdi. Ahunun əvvəllər qonşumuz olmuş Elmirlə intim münasibətləri vardı.

Ailəsinin-nəslinin şərəfini düşünən hər bir namuslu kişi Veyis kimi hərəkət edərdi. Onun bağlışlanmasını istəyirəm”.

15 il cəza, ciddi rejim və güzəşt

Bu cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmənin hökmü ilə Veyis Hüseynov 15 il müddətinə azadlıqdan məhrum olunub. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilib.

Hökmdən narazı qalan Veyis Hüseynov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Bu şikayətə Şəki Apelyasiya Məhkəməsində hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya şikayəti qismən təmin edilib, Veyis Hüseynovun cəzası 14 ilə endirilib.

Veyis Hüseynov kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayəti təmin olunmayıb.
loading...




Paylaş:


15-may, 2019 371
loading...

Загрузка...
loading...