Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Tarixi dostluqdan strateji tərəfdaşlığa - TƏHLİL

Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Tarixi dostluqdan strateji tərəfdaşlığa - TƏHLİL

SİYASƏT

42

19.11.2026, 12:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanla Vyetnam arasında münasibətlər son illərdə yeni məzmun qazanaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkəni birləşdirən tarixi dostluq, qarşılıqlı siyasi etimad və humanitar əlaqələr bu gün iqtisadiyyat, enerji, nəqliyyat, müdafiə sənayesi, təhsil və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Xüsusilə Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ilin mayında Azərbaycana dövlət səfəri və həmin səfər çərçivəsində imzalanan Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasını qoyub.

Bu sənəd iki ölkənin ənənəvi dostluq münasibətlərini yeni siyasi-iqtisadi reallıqlara uyğunlaşdırmaqla yanaşı, qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlıq üçün də geniş imkanlar açıb. Prezident İlham Əliyevin və To Lamın ikitərəfli, geniş tərkibli görüşlərində, eləcə də mətbuata bəyanatlarında səsləndirilən fikirlər göstərib ki, tərəflər münasibətlərin yalnız siyasi müstəvidə deyil, konkret iqtisadi layihələr və qarşılıqlı investisiyalar vasitəsilə də inkişaf etdirilməsində maraqlıdırlar.

2026-cı ilin oktyabrında Vyetnamın vitse-prezidenti Vo Thi Anh Xuanın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü isə bu tərəfdaşlığın davamlı inkişaf etdiyini, 2025-ci ildə müəyyənləşdirilmiş hədəflərin yeni istiqamətlər üzrə genişləndirildiyini nümayiş etdirib. Həmin görüşdə iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm, investisiyalar və vizasız rejimin tətbiqi məsələlərinin müzakirəsi ikitərəfli gündəliyin daha konkret məzmun aldığını göstərir.

70 ilə yaxın tarixə malik dostluq münasibətləri

Azərbaycan-Vyetnam əlaqələri - ənənəvi tərəfdaşlığın inkişafı - ANALİZ

Azərbaycan-Vyetnam əlaqələrinin tarixi ötən əsrin 50-ci illərinin sonlarına gedib çıxır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri iki xalq arasında dostluq münasibətlərinin təməlini qoyan mühüm hadisələrdən biri olub. Həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnamda səfərdə olması isə bu əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.

Bu səfərlər sadəcə diplomatik təmaslarla məhdudlaşmayıb, xalqlar arasında qarşılıqlı hörmət və etimadın formalaşmasına, müxtəlif sahələrdə əməkdaşlığın inkişafına təkan verib. Ho Şi Minin müraciətindən sonra Azərbaycanın Vyetnamın neft sənayesinin qurulmasına və mütəxəssislərin hazırlanmasına verdiyi töhfələr də münasibətlərin tarixi əsasını təşkil edir. Azərbaycanlı mütəxəssislər Vyetnamın neft-qaz sənayesinin inkişafında iştirak edib, azərbaycanlı mühəndislərin və mütəxəssislərin təcrübəsi bu ölkənin enerji sektorunun formalaşmasına xidmət edib.

SSRİ dövründə minlərlə vyetnamlı gəncin Azərbaycanın ali təhsil müəssisələrində təhsil alması da əlaqələrin davamlı xarakter almasında xüsusi rol oynayıb. Həmin dövrdə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb. Onların bir çoxu sonradan Vyetnamda dövlət idarəçiliyi, iqtisadiyyat, elm və digər sahələrdə məsul vəzifələr tutub. Bu məzunlar iki ölkə arasında humanitar əlaqələrin və qarşılıqlı anlaşmanın qorunub saxlanılmasında mühüm körpü rolunu oynayırlar.

Başqa sözlə, Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, əlaqələrin tarixi daha qədimdir. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olub. Beləliklə, 2025-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər uzun illər ərzində formalaşmış siyasi etimadın və dostluğun məntiqi davamıdır.

Strateji tərəfdaşlıq iqtisadi əməkdaşlığa yeni imkanlar açır

To Lamın Azərbaycana dövlət səfərinin əsas siyasi nəticəsi iki ölkə arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul edilməsi olub. Prezident İlham Əliyev mətbuata bəyanatında bu sənədi münasibətləri daha yüksək pilləyə qaldıran ciddi siyasi sənəd kimi xarakterizə edib. Dövlət başçısı əldə olunan razılaşmaların konkret layihələrə çevrilməsinin vacibliyini vurğulayaraq ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika və nəqliyyat sahələrində böyük əməkdaşlıq potensialının olduğunu bildirib.

Vyetnam-Azərbaycan Biznes Şurasının ilk iclası və biznes forum keçirilib 

Strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri qarşılıqlı ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələrin şaxələndirilməsidir. 2024-cü ildə Azərbaycanla Vyetnam arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib. Bununla belə, dövlət başçısı ticarət dövriyyəsinin dinamikasının Azərbaycanın Vyetnama neft satışından əhəmiyyətli dərəcədə asılı olduğunu diqqətə çatdırıb. Bu baxımdan ticarət əlaqələrinin daha balanslaşdırılmış struktura malik olması, qeyri-neft məhsullarının qarşılıqlı ixracının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Hər iki ölkənin biznes dairələri üçün qarşılıqlı bazarlara çıxış imkanlarının artırılması, investisiya mühitinin təşviqi və sahibkarlar arasında birbaşa əlaqələrin qurulması vacibdir. To Lamın səfəri çərçivəsində imzalanmış sənədlər sırasında Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası arasında Birgə Biznes Şurasının yaradılmasına dair Anlaşma Memorandumunun olması da bu baxımdan diqqətəlayiqdir. 2025-ci ilin iyulunda Hanoyda Azərbaycan-Vyetnam Biznes Şurasının ilk iclasının və biznes forumunun keçirilməsi siyasi razılaşmaların iqtisadi müstəvidə reallaşdırılmasına yönəlmiş addımlardandır.

2026-cı ilin oktyabrında Vyetnamın vitse-prezidenti ilə keçirilən görüşdə də iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi məsələləri diqqət mərkəzində olub. Bu görüşdən iki gün sonra Vyetnamın Sənaye və Ticarət nazirinin müavini Phan Thi Thangın Azərbaycanın energetika naziri Pərviz Şahbazovla keçirdiyi görüşdə də 2025-ci ildə əldə olunmuş razılaşmaların icrası, biznes əlaqələrinin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və yeni investisiya imkanları müzakirə edilib. Vyetnam tərəfinin ticarət dövriyyəsinin mövcud potensialdan aşağı olduğunu bildirməsi və bazarlara çıxışın asanlaşdırılmasını təklif etməsi əməkdaşlığın genişləndirilməsi üçün hələ istifadə olunmamış imkanların olduğunu göstərir.

Azərbaycan nəqliyyat-logistika qovşağı kimi Vyetnam üçün yeni imkanlar yaradır

Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat-logistika qovşağı kimi artan əhəmiyyəti Vyetnam üçün də yeni imkanlar yaradır. Bu baxımdan Azərbaycan ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri qarşılıqlı ticarətin genişləndirilməsi, yüklərin daha səmərəli və alternativ marşrutlarla daşınması üçün mühüm əhəmiyyət daşıyır.

Vyetnam Cənub-Şərqi Asiyanın mühüm istehsal və ixrac mərkəzlərindən biridir. Azərbaycanın isə Avropa, Qafqaz və Mərkəzi Asiya bazarları arasında nəqliyyat bağlantılarını təmin edən tranzit imkanları var. Bu iki üstünlüyün uzlaşdırılması Vyetnam məhsullarının Azərbaycan üzərindən yeni bazarlara çıxarılması, eyni zamanda Azərbaycan məhsullarının Cənub-Şərqi Asiya bazarlarına çatdırılması baxımından perspektivlidir.

Bu istiqamətdə əməkdaşlığın artıq praktik nəticələri də müşahidə olunur. Vyetnamla əlaqəli tranzit daşımaları Azərbaycan ərazisindən 2025-ci ildə 200 faizdən çox, 2026-cı ilin yanvar-sentyabr aylarında isə təxminən 600 faiz artıb. Bu göstəricilər Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarına Vyetnamın marağının yüksəldiyini göstərir.

2026-cı ilin oktyabrında keçirilən görüşlərdə nəqliyyat-logistika əlaqələrinin inkişafı yenidən gündəmə gəlib. Vyetnamın sənaye və ticarət nazirinin müavini ilə Azərbaycanın energetika naziri arasında müzakirələrdə də daşımaların və logistika bağlantılarının yaxşılaşdırılması, birbaşa hava əlaqələrinin yaradılması imkanlarına toxunulub. Birbaşa aviareyslərin təşviqi təkcə yükdaşımalar deyil, işgüzar səfərlər, turizm və insanlar arasında təmasların artması baxımından da əhəmiyyətlidir. Beləliklə, nəqliyyat sahəsində əməkdaşlıq iki ölkə arasındakı coğrafi məsafənin yaratdığı çətinliklərin aradan qaldırılmasına və iqtisadi əlaqələrin daha intensiv xarakter almasına xidmət edə bilər.

Energetika sahəsində strateji əməkdaşlıq

Azərbaycan-Vyetnam münasibətlərində ənənəvi əməkdaşlıq sahələrindən biri energetikadır. Bu sahədə əlaqələrin tarixi ötən əsrin 50-ci illərinə, Vyetnamın neft sənayesinin formalaşması prosesinə gedib çıxır. Azərbaycan mütəxəssislərinin Vyetnamda neft sənayesinin qurulmasında iştirakı iki ölkənin enerji sahəsində əməkdaşlığı üçün möhkəm təməl yaradıb.

Bu gün həmin tarixi təcrübə yeni iqtisadi reallıqlar şəraitində davam etdirilir. 2019-cu ildə SOCAR ilə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında müqavilənin imzalanması əməkdaşlığın mühüm istiqamətlərindən biri olub. To Lamın Azərbaycana səfəri zamanı isə SOCAR ilə Vyetnam Milli Sənaye-Enerji Qrupu – “PetroVietnam” arasında Anlaşma Memorandumu mübadilə edilib. Sənəd neft-qaz sektorunda kəşfiyyat, hasilat, texniki xidmətlər və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradır.

Energetika sahəsində hökumətlərarası əməkdaşlığın inkişafı da diqqət mərkəzindədir. Səfər zamanı Azərbaycan Energetika Nazirliyi ilə Vyetnamın Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın Vyetnamda bərpaolunan enerji layihələrinə sərmayə yatırmağa hazır olduğunu bəyan edib, Vyetnam şirkətlərini isə Azərbaycanda bu sahəyə investisiya qoymağa dəvət edib.

Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilib

Bu yanaşma əməkdaşlığın yalnız ənənəvi neft-qaz sektoru ilə məhdudlaşmadığını göstərir. Günəş və külək enerjisi, enerji infrastrukturu, neft emalı, neft-kimya və mayeləşdirilmiş təbii qaz təchizatı kimi istiqamətlər qarşılıqlı maraq doğurur. Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ildən Vyetnama 1,1 milyon tondan çox xam neft tədarük edilib.

2026-cı ilin oktyabrında Vyetnam vitse-prezidentinin səfəri çərçivəsində enerji əməkdaşlığı məsələləri yenidən müzakirə olunub. Prezident İlham Əliyevlə Vo Thi Anh Xuanın görüşündə SOCAR ilə “PetroVietnam” arasında imzalanmış Anlaşma Memorandumu və tərəfdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib. Oktyabrın 16-da isə Phan Thi Thangın Pərviz Şahbazovla görüşündə uzunmüddətli xam neft tədarükü, neft-qaz kəşfiyyatı və hasilatı, neft-kimya, LNG təchizatı və birgə investisiya imkanları müzakirə edilib. Vyetnam tərəfi Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması və təchizat mənbələrinin şaxələndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycan tərəfi də enerji sahəsində uzunmüddətli əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.

Bununla yanaşı, Vyetnam şirkətlərinin Azərbaycanda bərpaolunan enerji layihələrinə investisiya qoyuluşu, Azərbaycan şirkətlərinin isə Vyetnamın enerji sektorunda yeni imkanları nəzərdən keçirməsi tərəfdaşlığın qarşılıqlı xarakter daşıdığını göstərir. Beləliklə, enerji sahəsi Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının əsas iqtisadi dayaqlarından biri kimi çıxış edir.

Müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri

İki ölkə arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri də müdafiə sənayesidir. Prezident İlham Əliyev To Lamla mətbuata bəyanatında hər iki ölkədə müdafiə sənayesinin inkişaf etdiyini, səylərin birləşdirilməsinin, birgə müəssisələrin yaradılmasının və qarşılıqlı əməkdaşlığın fayda verə biləcəyini bildirmişdi.

To Lamın səfəri çərçivəsində müdafiə sahəsində əməkdaşlığa dair sənədin imzalanması bu istiqamətdə institusional əsas yaradıb. Sonrakı təmaslarda müdafiə sənayesi, hərbi təlim, mina təmizlənməsi, hərbi ticarət və logistika-texniki təminat məsələlərinin müzakirə edilməsi əməkdaşlığın praktiki məzmununun genişləndirilməsinə marağı göstərir. 2025-ci ilin sentyabrında Vyetnamın müdafiə naziri Phan Van Giangın Azərbaycan nümayəndə heyəti ilə görüşündə də bu istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.

Bu sahədə tərəfdaşlığın inkişafı hər iki ölkənin müdafiə sənayesi potensialından qarşılıqlı faydalanmasına, texnologiya və təcrübə mübadiləsinə, eləcə də birgə istehsal imkanlarının araşdırılmasına şərait yarada bilər.

Təhsil və humanitar əlaqələr

Təhsil və humanitar sahələrdə əməkdaşlıq isə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi özəlliklərindən biridir. Sovet dövründə minlərlə vyetnamlının Azərbaycanda təhsil alması bu gün də iki ölkə arasında əlaqələrin inkişafına xidmət edir. Hazırda tərəflər universitetlərarası əməkdaşlığın, tələbə və mütəxəssis mübadiləsinin genişləndirilməsində maraqlıdırlar. Mədəniyyət sahəsində də birgə layihələrin həyata keçirilməsi üçün imkanlar mövcuddur.

Bu kontekstdə Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələr xüsusi əhəmiyyət daşıyır. Fondun 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək verməsi bu fəaliyyətin nümunələrindəndir. Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri, təhsil və yaradıcılıq sahələrinin nümayəndələri ilə görüşləri, Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi də humanitar əlaqələrin möhkəmlənməsinə xidmət edir.

2026-cı ilin oktyabrında Vyetnamın vitse-prezidenti Vo Thi Anh Xuan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşündə Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələrə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. O, Leyla Əliyevanın Vyetnama səfərini də məmnunluqla xatırladıb. Vyetnam tərəfinin bu təşəbbüsləri xüsusi vurğulaması humanitar diplomatiyanın ikitərəfli münasibətlərdə mühüm yer tutduğunu göstərir.

Siyasi dialoq, beynəlxalq əməkdaşlıq və yeni perspektivlər

Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində qarşılıqlı dəstək və ortaq maraqların uzlaşdırılması iki ölkənin siyasi dialoqunun mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyev Vyetnamın Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü dövründə göstərdiyi dəstəyi xüsusi qeyd edib. Tərəflər beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini də vurğulayırlar.

2026-cı ilin oktyabrında Vyetnam vitse-prezidentinin Bakıda AQEM-in VII Zirvə Görüşündə iştirakı da bu əməkdaşlığın aktual siyasi müstəvidə davam etdiyini göstərib. Prezident İlham Əliyev görüşdə Azərbaycanın AQEM-ə sədrliyinin müddətinin uzadılmasına Vyetnamın verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Vo Thi Anh Xuan isə Azərbaycanın təşkilata sədrliyini və Zirvə Görüşünün Bakıda keçirilməsini yüksək qiymətləndirib. Bu təmaslar göstərir ki, ikitərəfli strateji tərəfdaşlıq yalnız iqtisadi layihələrlə məhdudlaşmır, beynəlxalq platformalarda siyasi dialoq və qarşılıqlı dəstəklə də möhkəmlənir.

Əlaqələrin inkişafında turizm və insanlar arasında təmasların genişləndirilməsi də mühüm yer tutur. Bu baxımdan viza rejiminin sadələşdirilməsi, xüsusilə adi pasport sahibləri üçün vizasız rejimin tətbiqi məsələsi xüsusi əhəmiyyət daşıyır. 2026-cı il oktyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Vyetnamın vitse-prezidenti Vo Thi Anh Xuan ilə görüşündə azad viza rejiminin tətbiqi perspektivləri müzakirə olunub.

İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Vizasız rejimin tətbiqi iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi ilə yanaşı, işgüzar səfərlərin, investisiya təmaslarının və insanlar arasında birbaşa ünsiyyətin artmasına da şərait yarada bilər. Xüsusilə birbaşa hava əlaqələrinin yaradılması ilə bağlı təkliflərin də gündəmdə olması bu istiqamətdə əməkdaşlığın kompleks şəkildə inkişaf etdirilməsinə marağı göstərir. Bununla belə, vizasız rejim hələ həyata keçirilmiş qərar deyil, tərəflərin müzakirə etdiyi əməkdaşlıq perspektividir.

Oktyabrın 16-da keçirilən Azərbaycan-Vyetnam iqtisadi və energetika müzakirələrində də birbaşa aviareyslərin təşviqi, insan resurslarının inkişafı, təqaüd proqramları və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri qaldırılıb. Bu təkliflər göstərir ki, tərəflər siyasi səviyyədə əldə olunmuş razılaşmaların yalnız hökumətlərarası münasibətlərdə deyil, biznes, təhsil, turizm və vətəndaşlar arasında əlaqələrdə də real nəticələr verməsini istəyirlər.

Bütün bunlar göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluq ənənələrindən strateji tərəfdaşlıq mərhələsinə keçərək daha geniş əməkdaşlıq gündəliyi formalaşdırır. 2025-ci ilin mayında To Lamın Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmalar münasibətlərin yeni siyasi çərçivəsini müəyyənləşdiribsə, 2026-cı ilin oktyabrında Vo Thi Anh Xuanın səfəri bu çərçivənin iqtisadi, energetika, nəqliyyat, turizm və humanitar istiqamətlər üzrə inkişaf etdirilməsinə marağı bir daha nümayiş etdirib. İndi əsas məsələ razılaşmaların konkret iqtisadi layihələrə, investisiya təşəbbüslərinə və davamlı biznes əlaqələrinə çevrilməsidir.

İki dövlət arasında münasibətlərdə yeni mərhələdə To Lamın Azərbaycana səfəri zamanı irəli sürülən təşəbbüslərin, 2026-cı ilin oktyabrında aparılan müzakirələrin və yeni əməkdaşlıq təkliflərinin nəzərdən keçirilməsi gözlənilir.

Yeni mərhələ strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə zənginləşdirilməsi, əldə olunmuş razılaşmaların icrasının sürətləndirilməsi və qarşılıqlı iqtisadi maraqların konkret layihələrə çevrilməsi baxımından əhəmiyyətli ola bilər. Azərbaycan və Vyetnamı birləşdirən 70 ilə yaxın dostluq tarixinin müasir dövrdə daha geniş siyasi və iqtisadi məzmun qazanması üçün kifayət qədər əsas və imkanlar mövcuddur.