Qaynar xətt:

(+99450) 247 90 86

"Qara siyahı"ya düşən 31 Türkiyə vətəndaşı ilə bağlı MÜHÜM AÇIQLAMA

\"Qara siyahı\"ya düşən 31 Türkiyə vətəndaşı ilə bağlı MÜHÜM AÇIQLAMA

SİYASƏT

199

22.10.2026, 22:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Xarici İşlər Nazirliyinin qərarı ilə Türkiyənin 31 vətəndaşının ölkəyə girişinə qadağa qoyulub. Bu addım həmin şəxslərin sosial şəbəkələr vasitəsilə Azərbaycanın suverenliyinə, konstitusiya quruluşuna və milli təhlükəsizliyinə qarşı yönəlmiş təxribatçı açıqlamaları nəzərə alınaraq atılıb. Xüsusilə dini radikalizm və nifrət yaymağa cəhd edən bu cür şəxslərin ölkəyə buraxılmaması dövlət maraqlarının qorunması üçün vacibdir. Azərbaycan hər zaman tolerant dəyərləri və multikulturalizm prinsiplərini dəstəkləyən hüquqi dövlət kimi tanınır. Ölkədə hər bir vətəndaşın dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir. Bununla belə, milli təhlükəsizliyi hədəf alan istənilən radikal və ekstremist meyillərin qarşısı qətiyyətlə alınmalıdır.

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi şərhçi Müşfiq Abdulla bildirib ki, 31 nəfər Türkiyə vətəndaşının Azərbaycana girişinə qadağa qoyulması vaxtında, yerində və düzgün verilmiş bir qərardır:

“Çünki Azərbaycanın Konstitusiya quruluşunun, dövlət hakimiyyətinin zorla devrilməsinə çalışanlar, milli təhlükəsizliyimizi təhdid edənlər, Azərbaycan xalqının arasında dini radikalizm və ayrı-seçkilik zəminində nifaq təbliğ edənlərin ölkəmizə girişinə yol vermək olmaz. Azərbaycan tolerant ölkədir, Azərbaycanda həm inanclı insanların, həm dünyəvi insanların hüquqları bərabər şəkildə qorunur və Azərbaycan multikulturalizm ənənələri ilə tolerant bir dövlət kimi dünyada məşhurdur. Ona görə də bu cür ayrı-seçkilik, bu cür qarşıdurma yaratmaq istəyən insanların ölkəmizə daxil olması milli təhlükəsizliyimizə ciddi təhdiddir”.

Şərhçinin sözlərinə görə, həmin şəxslər yalnız Azərbaycanda və Türkiyədə deyil, dünyanın bir çox ölkələrində müxtəlif terror təşkilatlarına, məsələn, Hizbut-Təhrir, Hizbullah kimi terror təşkilatlarına bağlı şəxslər kimi ad çıxarıblar. Bundan başqa onların bir qismi müsəlman qardaşları İhvanül-müslimin, bəziləri isə Həmas silahlı qruplaşmasına bağlı əlbir olan adamlardır. Belə şəxslərin  məqsədi Azərbaycanda məzhəb ayrı-seçkiliyi yaratmaq, Azərbaycanın dünyəvi dövlət quruluşunu təhlükə altına almaqdır:

“Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan heç vaxt Türkiyənin belə məsələlərdə daxili işlərinə müdaxilə etməyib. Əksinə Türkiyənin daim yanında olub. Xatırladım ki, 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 2016-cı ilin 15 iyulunda Türkiyə “Fətö” terror təşkilatını tanıyan əsas ölkələrdən biri oldu və Türkiyə hakimiyyətini daim dəstəkləyib onun yanında oldu, ölkədə Fətöçülərin fəaliyyətinə imkan vermədi. Ona görə də Türkiyə hakimiyyətinin də bu cür insanların ekstremist çağırışlarının qarşısını alacağına ümid edirəm”.

Müşfiq Abdulla qeyd edib ki, Azərbaycan Konstitusiyasına görə dünyəvi dövlətdir, din dövlətdən ayrıdır və heç kim Azərbaycanın Konstitusiya quruluşunu dəyişib Azərbaycanda hər hansı teokratik dövlət qurmaq ideyasını təbliğ edə, onu zorla həyata keçirə bilməz. Eyni zamanda Azərbaycanda dini etiqad azadlığı da ən yüksək səviyyədə təmin olunur:

“Bununla bağlı Azərbaycan beynəlxalq konvensiyalara qol çəkib və ölkədə milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər bir vətəndaşın dini etiqad azadlığı yüksək səviyyədə təmin olunur, ona şərait yaradılır.

Xatırladım ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını azad etdikdən sonra Azərbaycan Prezidenti 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə ilk bərpa quruculuq işlərindən biri kimi bölgədə vaxtilə ermənilərin dağıtdığı məscidləri bərpa etmək oldu. Amma təəssüf edirəm ki, bu gün Azərbaycanda dırnaqarası “din müdafiəsi”nə qalxan bu adamlar özlərini hər kəsdən əqidəli müsəlman kimi təqdim edən bu insanlar 30 ilə yaxın davam edən işğal dövründə dağıdılmış və donuz tövlələrinə çevrilmiş məscidlərin vəziyyəti ilə bağlı bir dəfə də olsun nə etirazlarını bildirmədilər, nə səslərini çıxarmadılar. Ancaq indi özlərini guya Azərbaycanda İslamın müdafiəçisi kimi təqdim etməyə çalışırlar”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, Azərbaycan xalqının böyük əksəriyyəti müsəlmandır və onlar hər cür dini və mənəvi əxlaqi dəyərlərə həmişə sadiq olublar. Hətta SSRİ-nin 1930-cu illərdə Stalin repressiyasının ən qəddar dövründə belə Azərbaycanda allahsızlıq kitabçası deyilən kitabçalar paylananda, insanlar zorla dindən uzaqlaşdırılanda, məscidlər söküləndə, dağılanda, anbarlara çevriləndə yenidən Azərbaycan xalqı özünün mənəvi dəyərlərindən, dini və əxlaqi dəyərlərindən uzaqlaşmayıb.

M.Abdulla vurğulayıb ki, məktəb təhsil müəssisələrində isə Nazirlər Kabinetinin qərarı ilə vahid məktəbli formasına keçid, onun tətbiqi Azərbaycan dövlətinin daxili işidir və bunu heç kim kənardan ölkəmizin qərarına müdaxilə edə bilməz:

“Dini etiqad azadlığı haqqında” Qanunda dinin məktəbə münasibəti məsələsi öz əksini tapıb və orada göstərilir ki, dövlət təhsil sistemi dindən ayrıdır. Dövlət təhsil Yəni bu gün orta təhsil müəssisələrində təhsil və tədris prosesi dünyəvi əsaslarla aparılmalıdır”.

Şərhçi hesab edir ki, azyaşlı uşaqları məcburi dini ideyalara cəlb etmək, onları məcburi dini geyimlə(hicabla) bağlamaq və dini geyimə keçməyə məcbur etmək düzgün deyil. Bu onlarda yaşıdları ilə müqayisədə diskriminasiya yaradır, psixoloji travma yaradır. 

Çimnaz Telmanqızı