Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentin açıqladığı 100 min rəqəmi Azərbaycana nə qazandıracaq?  — Deputat AÇIQLADI

Prezidentin açıqladığı 100 min rəqəmi Azərbaycana nə qazandıracaq?  — Deputat AÇIQLADI

SİYASƏT

108

23.09.2026, 13:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılır: Yeni sənaye istiqaməti iqtisadiyyatımıza nə qazandıracaq? – Deputat AÇIQLADI

Son illərdə Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi, sənayenin yeni modern mərhələyə keçməsi istiqamətində ardıcıl və mühüm addımlar atılır. Bu baxımdan, dövlət başçısının sədrliyi ilə keçirilən və dağ-mədən həmçinin metallurgiya sənayesinin inkişafına həsr olunan müşavirə ölkənin iqtisadi gələcəyi üçün müstəsna əhəmiyyət daşıyır. Müşavirədə elan edilən strateji hədəflər sırasında alüminium istehsalının 100 min tona çatdırılması və ölkədə tamamilə yeni güclü sənaye istiqamətinin yaradılması xüsusi yer tutur. Prezident İlham Əliyev xarici tərəfdaşlardan daxil olan təkliflərin dəyərləndirildiyini və ölkə iqtisadiyyatına real səmərə verə biləcək mexanizmlərin tətbiqinə üstünlük verildiyini vurğulayıb. 

Qəbul olunan 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı bu sahənin sürətli inkişafına hüquqi və iqtisadi zəmin yaradır. Həyata keçirilən tədbirlər nəticəsində yerli xammalın daha dərindən emal olunması və beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli məhsulların istehsalı təmin ediləcək. 

Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov bildirib ki, 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair qəbul olunmuş Dövlət Proqramı bu sektorun qısa müddət ərzində sürətli inkişafına və iqtisadiyyatın qeyri-neft sektorunun daha da şaxələndirilməsinə geniş imkanlar yaradacaq.

Deputat qeyd edib ki, proqramda nəzərdə tutulan əsas istiqamətlərdən biri məhz metallurgiya sənayesinin inkişaf etdirilməsidir: 

“Eyni zamanda, alüminium sənayesinin inkişaf etdirilməsi və bu sahə üzrə illik istehsalın 100 min tona çatdırılması nəzərdə tutulur. Alüminium dünya bazarında geniş tələbat olan sənaye məhsullarından biridir və bu məhsula qlobal tələbatın artdığı müşahidə olunur. Bu baxımdan, Azərbaycanda 100 min tonluq istehsal gücünün formalaşdırılması alüminium ixracının artırılmasına, qeyri-neft ixracının şaxələndirilməsinə və ölkəyə daxil olan valyuta gəlirlərinin artmasına mühüm töhfə verə bilər”.

Onun sözlərinə görə, istehsalın artırılması həm də alüminium sənayesinin ətrafında yeni əlavə dəyər zəncirinin formalaşmasına, xammalın daha dərindən emal edilməsinə və yeni istehsal sahələrinin yaradılmasına şərait yaradacaq: 

“Bu proses xüsusilə sənaye müəssisələrinin yerləşdiyi regionlarda iqtisadi aktivliyin artmasına və yeni iş yerlərinin yaranmasına müsbət təsir göstərəcək”.

Yeni güclü sənaye istiqamətinin yaradılmasının yerli sahibkarlığa və sənaye parklarına təsirlərindən danışan Azər Badamov vurğulayıb ki, sənayesi inkişaf etmiş ölkələrin iqtisadiyyatları daha dinamik və dayanıqlı inkişaf edir: "Son illərdə Azərbaycanda yaradılmış sənaye parkları ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsində mühüm rol oynayır. Bu gün dövlət sənaye parklarında istehsal proseslərinin qurulmasına, müasir texnologiyaların tətbiqinə və beynəlxalq standartlara uyğun müxtəlif çeşidli məhsulların istehsalının təşkilinə dəstək göstərir. Bu siyasət yeni rezidentlərin sənaye parklarına cəlb olunmasına və investisiya axınının artmasına stimul yaradır”.

Deputat əlavə edib ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı sənaye parkları üçün əlavə imkanlar açacaq: "Xammalın hasilatından başlayaraq onun emalı və hazır məhsula çevrilməsinə qədər bütün mərhələlərin ölkə daxilində təşkil olunması yeni müəssisələrin yaradılmasına, yerli sahibkarlığın inkişafına və əlavə dəyərin ölkə iqtisadiyyatında qalmasına imkan verəcək. Hesab edirəm ki, bir neçə ildən sonra sənaye parklarında istehsal prosesləri tam gücü ilə formalaşdıqca, Azərbaycanın qeyri-neft ixracında əhəmiyyətli artım müşahidə olunacaq və dövlət büdcəsinə daxilolmalar da yüksələcək”.

Açıqlamasının sonunda Azər Badamov qeyd edib ki, bu gün ölkə sənayeləşmə prosesinin mühüm mərhələlərindən birini yaşayır: 

“Lakin qarşıdakı illərdə həyata keçiriləcək layihələr Azərbaycanın sənaye ölkəsi kimi mövqeyinin daha da möhkəmlənməsinə imkan verəcək. Eyni zamanda, ölkədə istehsal olunan sənaye məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması üçün də geniş imkanlar yaranacaq”.

Çimnaz Telmanqızı